Aysel Əlizade

Özünə dindar deyən bir nəfərin qadınlarla bağlı internetdə yayılan çıxışını izlədim. Çıxış ötən il yüklənib.

İddia belədir: “ Həzrət Əli deyib: “ O zaman ki, gördüz kişilər arvadları ilə məsləhətləşdilər, bilin ki, kişilik ölüb. O zaman ki, gördüz kişi arvadın göz yaşına inandı, bilin ki, kişilik ölüb. Allah qadını yaratdı, şeytan dedi ki, qoşunumun yarısı düzəldi. Arvadlar şeytanın qoşununun yarısıdı. ”
***
Dediklərindən belə çıxır ki, Allah səhv edib qadını yaradıb, demək ki, bu adam Allahda səhv tutur. Ya da Allah bilərəkdən şeytan üçün ordu yaradıb – deyir.
***
İnana bilmirəm ki, indi – 21 ci əsrin cırhacırında bu mövzuda yazmağa gərək duyuram.

Bu, açıq – aydın qadına qarşı zorakılığı təbliğ etməkdi. Üstəlik, ölkə qadınlarını – əhalinin 4 mln 716, 3 nəfərini təhqir etməkdi. Çox güman ki, qadınlardan üzr istənilməsə bu təhqir məhkəməlikdi.

***

Soruşa bilərsiz ki, hansısa Ələmdarın dediklərinə niyə bu qədər önəm verirəm? Əvvəla ona görə ki, bu cür çıxışları avam adamlar dinləyib inanır.
Türk yazarı Səbahəddin Əli ” İçimizdəki şeytan” da yazıb: “ Ömər dostundan soruşur: “ Ətrafında bu qədər ağılsız adam var, onlar nəyinə lazımdı? Dostu cavab verir: Başa düşürsən, axmaqlar düşünmürlər, nə desən inanırlar. Lazım gələndə nəyə desən etiraz edirlər. Ağıllı adam isə düşünür, götür-qoy edir, oxuyub öyrənir”.

Üstəlik, belə çıxışlar Avropada katolik kilsəsinin gerçəkləşdirdiyi az qala beşyüz illik tarixi olan “ müqəddəs inkvizisiya” dönəmini, Hopkinsləri xatırladır. Kilsənin ikvizisiya siyasəti qadınları cadugər, şərə xidmət edən qüvvə adlandırıb ölümə məhkum edirdi. Metyu Hopkins cadugər ovçusu idi. Özünü müqəddəs missioner kimi təqdim edib dostu Con Sternlə birgə “ cadıları” tuturdu. Məhkəmələrin ölüm hökmü kəsdiyi “cadılar” yaşından asılı olmayaraq gənc, yaşlı – günahsız və yoxsul təbəqədən olan qadınlar idi. Onlar hər xırda şeyə görə cadugər sayıla bilərdilər. Gecə həyətə çıxıb – güman ki, şeytanla əlbirdi. Qonşudan süd alıb, inəyin südü kəsilib – demək, cadu edib. Qəribə xalı var – güman ki, Satana işarəsidi. Yerişi gözə birtəhər dəyir, otlardan “müəmmalı” dərmanlar düzəldir… bu kimi suçlamalarla qadınlar kütləvi şəkildə, həm də vəhşicəsinə öldürülürdü (yandırılır, asılır, suda batırılırdı).

QADIN…

Səbəb isə başqaydı. Qadınlar xalq təbabətini bilir, insanlara şəfa tapmaqda kömək edir, öz şaman ritualları, bilgiləri ilə inam qazanır, mahiyyətcə kilsənin rəqibi sayılırdılar. Onlar əhalinin yarısı idi. Onları şər qüvvə adlandırmaq insanları bir-birinə düşmən etmək məqsədinə xidmət edirdi. Hamı bir-birindən şübhələnir, beləcə əhali arasında nifaq yaranırdı.

Bu yerdə əsas mətləbə gəlib çatdıq.

Kişinin qadınından uzaqlaşdırılması qadın – kişi harmoniyasını pozur. Beləliklə, bir – birinə düşmən kəsilən iki cinsi ayrı – ayrılıqda idarə etmək asanlaşır.
Qadını ilə məsləhətləşən kişi heç vaxt aşırı aqressiv olmaz. Oşo ABŞ- ın Vietnama uduzmasını bu cür izah edir: “Güclü olmasına baxmayaraq, dünyada seks yasağı qoyulmayan tək ordudu. Buna görə də ABŞ əsgəri doyumsuz, aqressiv deyil. Öldürmək istəmir”.

Kişi aqressiyasını əngəlləyən qadındı. Kişi- qadın qovuşmasında, dostluğunda, əməkdaşlığında bir dünya barışı gizlənir. Gün gələr, üzə çıxar. Kişilər anaların sözünü eşidər – savaş etməz, əsgər getməz, öldürməz.

Gün gələr, dünyanın bütün orduları buraxılar

Hakimiyyət hərisləri bundan qorxur.

Dindarlar isə kişinin zəif yerinə basırlar: Qadın xəyanət edər!

Kişi də ömrünün sonunacan qulaqlarını şəkləyib yaşayır. Aman, qadın xəyanət edər.

Edər, ayrılarsan. Başa düşərsən ki, heç kimi zorla özünə yar etmək olmaz.

Özünə layiq birini taparsan. Bu qədər sadə.

Tanrı…

Dinin amacı qardaşlıq, barış yaratmaq ola bilər. Sevgi yaymaq, silaha yox! – demək, qadınlı – kişili hamını bir – birinin əzizinə çevirmək.
Bu zaman Tanrı baxıb sevinər, sevinər ki, onun yaratdığı dünyada belə bir xoşbəxt mənzərə var.
Bir az kənara çəkilib ətrafı izləyək. Sonra dünyanı düşünək – qalaktikanı – planetləri, göy cismlərini, kametləri, meteorları…
Günəşi düşünək, peykləri və bütün bu sistemi idarə edən bir gücü!
O, xırda-para mövzularla uğraşarmı?
Uğraşarmı?
Axı Tanrı niyə geyimlə, kiminsə seksual həyatı ilə məşğul olsun? Onun bir kainat sistemini idarə etmək kimi vəzifəsi var.
İlahi, kimin nə geyinməsi, kimlə məsləhətləşməsi onun nəyinə lazımdı?!
Axı o, insanı özü çılpaq yaradıb. Geyinmək insanın öz seçimidi.
İnsan özü geyinmək istəyib, əvvəl dəridən, sonra ipəkdən paltar tikib özünə.

Tanrı üçün insanla bağlı yalnız bir şey önəmli ola bilər – Ədalət!
Tanrı insan üçün yalnız bir şey istəyə bilər – Xoşbəxtlik!

Hə, gücsüzlərin əzildiyini görəndə üzülər. Ədalətsizlikdən sarsılar.
Ancaq əminəm ki, qəzəblənməz, insanı incitməz.
Tanrı qəzəbli, kinli ola bilməz! Tanrı bağışlayandı.
Bizi bu, utandırmalıdı. Bundan çəkinməliyik – Tanrını məyus etməkdən.

O, bizim Gülüstana çevirdiyimiz dünyaya baxıb sevinməliydi.

Biz nə etdik?

Min illərdi Tanrının adıyla insan öldürülür.

Min illərdir Tanrının adıyla qadınlar təqib olunur. Niyə?

Buna türk yazarı Əminə Supçin birmənalı cavab verib: “Cəhalətin qorxduğu şey qadındı. Qadın öyrənirsə cocuğuna da öyrədər!”

Cəhalətin! Tanrının yox…

Və bu cəhaləti insanlara utanmadan Tanrının istəyi kimi sırıyırlar.

Qadından qorxurlar. Bəli. O, oxusa, bilsə uşaqlarını da ağıllı, azad böyüdər.

O zaman sizin kölələriniz kim olar? Axı, patrialxal mədəniyyətlərdə qadın da, uşaqlar da evdəki vahiməli ata obrazının qullarıdı. Bu vahiməli ataya da Allah belə vahiməli təqdim edilir. Beləliklə hamı qorxu içində yaşayır.

Bunu mən demirəm, bunu Freyd deyib.
***
Avropa…

Bu gün Avropa qadınını açıq – saçıqlıqda suçlayanlara bir ”dur” deyək. Avropa – Qərb qadını azadlığını qanıyla qazanıb. 15- ci əsrdən təqib olunan bu qadın yalnız ötən əsrdə özünə gəlib. Beş yüz mindən çox qadın öldürülüb. Şekspirdən Şopenhauerəcən, inkvizisiya havasında qadını təhqir edən yazarlar, fikir adamları olub. Qərb qadını bunlara dözüb. Buna görə də hansısa yazar indi qadını pisləyəndə adamı gülmək tutur. Şopenhaueri başa düşdük, siz hans “atmosfer”ə düşmüsüz?

On səkkizinci əsrdən başlayaraq Avropada feminizmin rüşeymləri duyuldu. Məsələn, Britaniyanın Osmanlıdakı səfirinin xanımı türk qadınları haqda yazdı. Bu yazı ilk femin örnəklərdən biri hesab olunur. On doqquzuncu əsrdə Feminizm hərəkat kimi formalaşdı. Öncə qadınlar kişilərlə eyni maaşı almağa nail oldular. Sonra – ayrı-ayrı Avropa ölkələri qadınlara səs hüququ verdi. ABŞ isə qadına iyirminci əsrdə seçki hüququ verib. Yalnız 1993 – də BMT – nin İnsan Haqları Konfransında Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması haqqında bəyannamə qəbul edildi.

İnsanlıq tarixində qadının iki təntənəli dövrü olub : Anaxaqanlıq – Üst paleolitdən ( homosapiens – ağıllı insan yaranandan) Tunc dövrünə qədər, bir də 20 – ci əsrdən başlayaraq indiki – 21- ci nanoəsrəcən.

Şərq…

Bu gün bütün dünya indiki demokratikləşməni, insan haqları mövzusunda istinad yeri olan Qərbi və ona olan ümidlərini Avropa qadınının intəhasız mübarizəsinə borcludu. Yalnız feminizmdən sonra Qərb demokratikləşdi və bu, bütün dünyaya təsirini göstərdi. Şərqdə inkvizisiya təqibi olmasa da qadın ümumiyyətlə mövcudluq deyildi. Onu təqib etməyə gərək qalmırdı; yox kimi bir şey. Yalnız varlı və imtiyazlı söz sahibi tək-tük qadın vardı. Ancaq hələ də 21 – ci əsrdə problem kimi qalan məsələlər var. “ Səhra çiçəyi” kitabında Varis Dirie – öz həyatını anladıb. Somali və bir çox şərq ölkəsində dini inanca görə (klitor günah orqanı sayıldığı üçün) beş yaş həddində olan qızlar vəhşicəsinə sünnət olunur. Ağlada – ağlada uşağın əl – ayağını tutub şikəst edirlər. Bayılan, qanaxmadan ölən, ömürlük şikəst qalan saysız şərq qadını… Bizsə bu cür ədəbsizliklə, vəhşiliklə mübarizə aparmaq yerinə, qadınla mübarizə aparan dindarlar görürük hələ də.

Sizin Allaha sevginiz yalnız qadınları mühafizə etməklə ifadə olunursa, yalandı, saxtadı, məqsədlidi.

***
Teodor Adornonun “ yuxu qeydləri” kitabı var. Yuxuların birində yazır: Qatardan düşəndə hər tərəfdə əlində “ panikaya qapılma” yazılı lövhə gördüm. Bu mənzərədən təşvişə düşdüm. Sanki “ panikaya qapıl” deyirdilər.

Təbliğat doğru olmayanda əks effekt verir. Din həssas mövzudu. Orda edilən hər yanlış təbliğatın qurbanı insan həyatıdı.

“Qızlarınızı oxudun, məktəbdən çıxarıb ərə verməyin, təhsilli xanım edin, dünyagörüşünün artması üçün çalışın” demək əvəzinə insanları bir-birinə düşməni edirsiz. Qadınları aşağılayır, güdür, əxlaq normalarını onların geyim keçimi, özəl həyatı ilə ölçürsüz. Başqa əxlaq normaları tanımırsız?

Məsələn, dürüstlük, vicdan, insaf, səxavət, xeyirxahlıq.

Başqa kişilik ölçünüz yoxdu? Məsələn, qürur, əyilməzlik, şərəf.
Özündən vəzifəcə, imtiyazca yüksək adamın qarşısında həyəcansız dayanmaq, yaltaq olmamaq – Kişilik budu.

Bunun öhdəsindən gələ bilməyən, özünü təsdiqləməyən kişilər qadın ətəyini müzakirə edir…Pfff…

Təhsil…

Adamlara : Oxu, öyrən demək gərəkdi.
Savadsız adam Allahı, dini necə anlaya bilər?
Dini anlamaq üçün onun kitabını oxumaq lazımdı.
Məgər Allahı anlamaq o qədər asandı?
Allahı anlamaq üçün insanın gərək zəkası böyük ola. Buna görə də oxumalı, düşünməli, kamilləşməlidi.

Əlbəttə, bunu istəyən varsa…

Sonda…

“İslam kişinin qadınla məsləhətləşməsinə qarşı çıxırmı və Həzrət Əlinin belə bir deyimi varmı ” sualını cəmiyyətin üç tanınmış, inanclı kişisinə ünvanladıq.

Şair – tərcüməçi Səlim Babullaoğlu: “Həzrət Əlinin belə bir deyiminə rast gəlməmişəm. İnanmıram ki, belə bir fikir desin. Din belə bir ümumiləşdirmə aparmır – nə qadınlara, nə kişilərə. Kişi əlbəttə ki, qadınla məsləhətləşməlidi və bir çox məsələlərdə razılıq almalıdı. Qadın mənim qızımdı, anamdı, xanımımdı. Bu nə sözdü?”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Həzrət Əlidən verilən belə bir sitat da böyük ehtimal, adamın öz yaradıcılığıdır. Bu cür sitat saxtakarlığını çox zaman siyasətçilər və jurnalistlər də edir. Qadın Allahdan sonra ən böyük və yaradıcı gücdü. Allah insanı onun bətnində yeniləyir. Qadın mahiyyət və məzmunca kişidən güclüdü, yəni. Bəzi kişilərin qadın xofunun səbəbi bu ola bilər”.

İlahiyyatçı- alim, DEVAMM-ın rəhbəri İlqar İbrahimoğu : “İslamın nəzəri Qurandı. Quran isə insanı təqvalılığa görə dəyərləndirir. Qadın təqvalı və məsləhətləşməli mövzuda bilgilidirsə, bəli, kişinin onunla məsləhətləşməsi çox təbii və müsbətdir. Həzrət Əlinin konkret bu formada deyimini xatırlamıram. Amma təqvasız qadınlarla bağlı təbii ki, çox ciddi tənqidləri var. İslam kişinin ayaqaltı olmasına pis baxır. Ümumi vektor budur ki, kişi ailənin qəyyumudur. Ancaq dominantlıq anlayışı modernizm kontekstində götürülərsə, İslama görə ailədə məna yükünə malik deyil. Allahın razılığı dominantlıq təşkil edir. Kim daha təqvalıdırsa, ailədə onun ruhiyyəsi dominant olacaq. Təqva və təqvalılıq İslam paradiqmasında seçim zamanı nəfsani istəklərinə deyil, Allahın razılığına uyğun əməl etməkdi”.

***
Ən sonda

İmam Əli: “Ağıllı qadınlar istisna olmaqla, başqa qadınlarla məsləhətləşməkdən çəkinin”.

(“Biharul-Ənvar” (islam ensiklopediyası))