Bu gün Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının I və II təsnifat mərhələsinə ümumilikdə 38 komanda qatılacaq. Mərasimin 1-ci hissəsində qitənin ən aşağı reytinqli 8 çempionatının qaliblərinin iştirak etdiyi I təsnifat mərhələsinin püşkü atılıb. Bu raundda 4 cüt mübarizə aparacaq.
II təsnifat mərhələsinin püşkatması zamanı əvvəlki raundun 4 cütü ilə yanaşı, 30 komanda da rəqibini tanıyıb. Bu komandalar arasında Azərbaycan çempionu “Qarabağ” da var.
Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun ilk rəqibi Monteneqro təmsilçisi olacaq. Qurban Qurbanovun yetirmələri “Rudar”la üz-üzə gələcək.
Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu matç iyulun 14-15-də baş tutacaq. “Qarabağ”ın səfərdə keçiriləcək cavab matçına iyulun 21-22-də çıxacaq.