Cəmil Həsənli guya bizə cavab verib. Amma dolayısı ilə yazdıqlarımızı təsdiqləyib. Uzun-uzadı bir tekst yazıb ki, bəs “Yeni Müsavat”ın 13 iyun? 2015-ci il tarixli sayında getmiş manşet yazısı (“Milli Şura Putinin “molodes”ini qazana bildimi”) hakimiyyət tərəfindən qəzetə ötürülüb. Guya hökumət “Yeni Müsavat”a tapşırıb ki, Milli Şura adlanan qurumu və Cəmil müəllimi gözdən salaq.
Hər şeyə şübhə ilə baxmaq, hər yazını iqtidarın sifarişi kimi təqdim etmək, bütün proseslərdə alt məna axtarmaq,“iqtidarın sifarişidir” deyib qaralamaq ciddi psixoloji problemlərdən xəbər verir. Qınamırıq, bu adamlar siyasi ömürləri boyu hakimiyyətdən gizli sifariş alıb mənsub olduqları düşərgədə təfriqə salmaqla, satqınlıqla məşğul olublar. Bunlar hamısı o qədər də uzaq tarixdə baş verən olaylar deyil – hamı hər kəsi yaxşı bilir, yaxşı tanıyır. İndi də başqa paytaxtlardan, başqa dövlətlərdən sifariş alıb ölkəni, Azərbaycanı qarışdırmaq istəyirlər. Öz aləmlərində böyük oynayırlar. Amma fərqində deyillər ki, ölkənin, dövlətin taleyi ilə oynayırlar…
Cəmil Həsənli facebook səhifəsində “Yeni Müsavat”ın yazdığı həmin manşet yazısına cavab verib. Deyib ki, biz bu yazının sifarişini Prezident Administrasiyasından almışıq. Amma müəllim fərqində deyil ki, həmin manşet yazısı hakimiyyətə sərf edən məqalə deyil. Yazı Avropa Oyunlarının niyə MŞ tərəfindən boykot olunmaması sualı üzərində qurulub. Bu da iqtidarın hazırkı kursuna qətiyyən uyğun deyil mövzu olaraq. Hakimiyyət niyə özünə sərf etməyən tezisi, sualı ictimailəşdirsin ki?
İkincisi və ən əsası, Cəmil müəllim az qala hər şeydən danışıb bizə “cavabında”, fəqət əsas və vacib suala cavab verə bilməyib. Həmin sual da bu cürdür: Milli Şura nə üçün Avropa Oyunlarını boykota çağıran bəyanat verməkdən yayındı? Bu fürsəti nədən, hansı məntiqlə əldən verdi, iqtidara bu güzəştin arxasındakı səbəb nə ola bilər?
Başqa suallar da var. Məsələn, hörmətli professor izah etsin ki, 2002-ci və 2005-ci illərdə niyə AXCP-ni, həmçinin sədri Əli Kərimlini satıb Milli Məclisə getdi? Baxmayaraq, hər iki halda partiyasının qəti qərarı vardı ki, Xalq Cəbhəsindən olan deputatlar parlamentə getməsin.
Professor bu suallara babat cavab versə, məmnuniyyətlə o cavabı qəzetin ən yaxşı səhifəsində çap edərik.
***
Azərbaycanın müxalifət siyasətçilərinin içində xeyli nankoru var. Bunu çəkinmədən yazıram. Onların da başında “Yurd”çular gəlir. İllərlə xidmət göstərirsən, dəstək verirsən, işini, biznesini, kollektivini riskə atıb bunları müdafiə edirsən, amma axırda səni ya satqın adlandırırlar, ya da çamur atıb ləkələmək istəyirlər. Əslində özləri çamurun, çirkabın içindədilər xirtdəyəcən. Cəmil Həsənli “Yeni Müsavat” qəzetini “Səs”lə və digər iqtidar qəzetləri ilə müqayisə edib. Tipik nankorluqdu, allahsızlıqdı. Mən professor elmi rütbəsi daşıyan bu adama təklif edirəm, 2013-cü ildə dərc olunan “Yeni Müsavat”ı da vərəqləsin, “Səs” və digər iqtidar qəzetlərinin də “podşivka”sına baxsın. Bu zaman özü öz nankorluğuna heyrət edəcək. Biz son prezident seçkisində Cəmil Həsənlini ölümünə müdafiə etmişik, onun üzərinə hakimiyyət tərəfindən yönələn bütün ittihamlara cavab vermişik. Qəzetin rəhbərliyinə daxil olan şəxslər öz imzaları ilə köşələr yazıb onu iqtidarın söyüş-təhqirindən müdafiə edib. Onun seçicilərlə mitinqlərini, görüşlərini musavat.com saytında əksər vaxt canlı yaymışıq. İqtidar mətbuatı isə Cəmil Həsənlinin özünü, ailəsini təftiş və təhqir edirdi, onun qızının ingilisə ərə getməsi haqda silsilə məqalələr yazırdı. İndi durub “Yeni Müsavat”ı iqtidara işləməkdə suçlayır. Nə edək, bizim də qəzetçi taleyimiz bu cür gətirib – kimə dəstək veririk, kimi adam yerinə qoyub sayğı göstəririk, əvəzini bu cür alırıq.
Bu həm də bizim üçün bir dərsdir – həyat dərsi, peşə dərsi… Nəzərə alacağıq, nəzərə alırıq. Biz “Səs” qəzetiyiksə,“Yeni Azərbaycan”ıqsa, Cəmil Həsənli də Hafiz Hacıyevdi. Onun stilistikasında, onun jarqonunda, onun siyasi ləhcəsində danışmağa başlayıb son vaxtlar. Görünür, 2013-də efirdəki təmasları professoru ciddi etkiləyib – Hafizi təqlid etməyə başlayıb. Etsin, nolar. Amma biz zamanında bu gün C.Həsənlini tırkalayıb üstümüzə salan Əli Kərimlini də Hafizdən, onun təhqirlərindən müdafiə etmişik. Amma zaman keçdikcə görmüşük Ə.Kərimlidə də Hafizləşmə gedir. Bunlar da bu cür naxoşdular – bir vaxtlar hakimiyyətlərini devirib bunları siyasətdən qovanlara oxşamağa başladılar zaman keçdikcə, Milli Məclisdə bunları rəngləyib buraxan deputat kimi danışmağa həvəsləndilər, bunları efirdən rəngdən-rəngə salan saxta partiyanın sədrinin tərzində bizi söyməyə, söydürməyə maraq göstərdilər.
Siyasi süqutun son mərhələsini yaşayan bu adamlar şəxsi və ümumi planda düçar olduqları məğlubiyyətin, uğursuzluğun qisasını alırlar sanki bizdən. Hakimiyyəti buraxıb qəzetlərlə, jurnalistlərlə dava etmək nə zamandan müxalifətçilik oldu?
Təsəvvür edin, deyirlər ki, xalqın böyük hissəsi hazırkı iqtidardan narazıdı, fəqət bu xalq Milli Şura adlanan saxta qurumun mitinqinə qatılmır. Nəinki xalq, heç öz tərəfdarları, AXCP üzvü olanlar belə o mitinqlərə getmirlər. Min nəfəri ətraflarına yığmağı bacarmırlar, amma hər gün on minlərlə, yüz minlərlə oxucunu, azərbaycanlını bir araya gətirən Rauf Arifoğluna dil uzadırlar, ona olmazın ittihamlar yağdırırlar. Xalq hər şeyi, hamını görür, müşahidə edir. Yalandan özlərini “Yeganə, əsl müxalifət” adlandırmaqla deyil ki. Bir işarə ilə soyundular yeganə libaslarını. Bunlarınkı kol dibi görənə kimidi…
***
1993-cü ilin bu günlərində ölkəni, dövləti, xalqı, silahdaşlarını qoyub qaçanlar, siyasi fərarilər, qorxaqlar bu gün başımıza aslan kəsiliblər. Xalqın bunlara verdiyi əmanəti – iqtidarı saxlaya bilməyənlər, onu fərsiz bir şəkildə Surət Hüseynova, Heydər Əliyevə verib aradan cıranlar bu pis əməllərinin, tarixi cinayətlərinin fakturasını Rauf Arifoğluna və onun komandasına ödətmək istəyirlər. Bunların fakturasını tarix və xalq çoxdan kəsib əllərinə verib. Həm də təkcə fakturalarını yox…