eli hesenov

“Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

“Əl-Cəzirə” telekanalının nümayəndəsinin Azərbaycanda “Siyasi məbbuslar nə vaxt azad olunacaq” sualına cavab verərkən Ə.Həsənov deyib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.

Onun sözlərinə görə, Azərbaycanda söz və mətbuat azadlıqları gündəmə gətirilərək təlqin olunur ki, guya burada siyasi məhbuslar var, söz və mətbuat azadlığı pozulur, azad media mövcud deyil: “Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda birbaşa keçərlidir. Azərbaycan Avropanın hüquq məkanındadır. Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, o, məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər. Bu o deməkdir ki, Azərbaycan məhkəmələri istəsə belə, istər siyasi, istərsə də vətəndaş cəmiyyətinin üzvünü Avropa prinsiplərindən kənar məhkum edə bilməz. Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir”.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda 55 siyasi partiya var və onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər.

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilir.