96670

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev ailəsi ilə Atletlər Kəndində olub.

“Qafqazinfo” xəbər verir ki, prezident Azərbaycan nümayəndə heyəti ilə görüşündə çıxış edib. O, Avropa Oyunlarında milli komandaya uğurlar arzulayıb:

“Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi.

Komandamız Oyunlarda böyük tərkibdə iştirak edəcək. Xatırlayıram, mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən idmançılarla görüşmüşəm. Biz idmançıları Oyunlara təntənəli şəkildə yola salırdıq. Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycana gəlirlər. Deyə bilərəm ki, mən 2000-ci ildən bu günə qədər bütün Olimpiya kəndlərində olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmayıb. Bax, bu Atletlər Kəndi bir memarlıq əsəridir və bizim komandamız artıq burada yerləşib. Xarici qonaqlar da gəlirlər və xüsusi qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması, əlbəttə, tarixi nailiyyətdir”.

Prezident Azərbaycanda yaradılan Media Kəndinin yenilik olduğunu vurğulayıb:

“Heç bir Yay Olimpiya Oyunlarında mətbuat işçiləri üçün Media Kəndi yaradılmamışdır. İlk dəfə biz bunu tətbiq edirik. Bir sözlə, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır. Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik.

Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Bizim qədim Atəşgah məbədindən alovlandırılan məşəl bütün ölkəmizi dolaşıb və Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın insan bu məşəli salamlayıb və bu bayramı qeyd edib. Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək”.

İlham Əliyev idmançılarımızla fəxr etdiyini bildirib, onlara qələbə arzulayıb:

“Bir daha təbrik edirəm və üç gündən sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlə bir daha görüşəcəyik”.