Filosof “siyasət yalnız siyasətçilərə buraxılmayacaq qədər ciddi sahədi” desə də mənim heç vaxt siyasətə yaxın düşmək istəyim olmayıb. Ta ki o, özü qapımızın ağzını kəsdirənəcən.
İki il öncə yerimi rahatlayıb, kompüterimi fəxrlə açdım, yekə fincanımı çayla doldurub çoxdan bəri konstruksiyasını, hətta, dekonstruksiyasını beynimdə qurduğum romanımı yazmaq üçün oturdum. Elə bu dəm kimsə pəncərəni tıqqıldatdı. Yerimdən qalxıb pəncərəyə yaxınlaşırdım ki, qapı döyüldü. Hər tərəfdən evimizi döyəcləyən bu qonaq kimdi marağıyla qapıya getdim. Açıb gördüm siyasətdi. Əlində drel dayanmışdı.
– Buyurun, nə lazımdı ? – soruşdum.
– Gəlmişəm evinizi təmir etməyə – dedi.
Sevindim. Təmirimiz köhnəlib, xeyli xərc lazım idi yeniləməyə, nə yaxşı gəldi bu. Bir tərəfdən də dərd məni götürdü. Romanı səs-küydə necə yazacaqdım? Təcili deyildi, xahiş edərəm romanı bitirəndən sonra gələr, düşündüm. Belə də elədim. Siyasət güldü.
– Mən evin içini təmirə gəlməmişəm.
Heç nə başa düşmədim.
– Bəs harasını… təmirə gəlmisiz? – soruşdum.
– Çölünü! Evinizin çölünü abadlaşdırmağa gəlmişəm. Bu sizin xeyrinizədi. Eviniz kənardan əzəmətli görünəcək.
Nə illah elədim ki, çox sağ olun, bizə belə də xoşdu, yox – dedi, sizin üçün çalışırıq, yapacayız. Kor-peşman razılaşdım. Onsuz da qərarlıydı. Abadlaşdıracaqdı.
Həmin gündən başladı evimizi çöldən düzəltməyə. Əvvəlcə sakinlərin artırma eyvanlarını dağıtdı. Sonra evləri oğrulardan qoruyan dəmir barmaqlıqları söküb atdı. Binamızın qarşısındakı ağacları əzişdirdi. Aynabəndimizin üstündən qara pəncərələr yapışdırıb “sizin xeyrinizçün edirik, gün işığından qaralmayasız deyə” izah elədi. O arada eyvanı dağıdılan qonşular evlərinin keşiyini çəkib gecələr yatmadılar. Çünki siyasət başqa işlərinin arxasınca gedirdi. Eyvanları söküb dərhal tikməyə vaxtı yox idi. Oğurluqlar da oldu ara-sıra. Mən də romanı yaza bilməyəcəyimi anladım. Baş götürüb kəndə-kəsəyə qohum evinə getdim. Orda da alınmadı. Qohumlar şəhərdən gələn tanınmış qonağı hər gün bir evə aparır, hər gün bir ziyarətçi gətirirdilər. Beləcə əlim ətəyimdən uzun abadlaşan evimizə geri döndüm.
O arada xarici ölkədə yaşayan yabancı yazar dostum mədəniyyətlər arası ədəbi-bədii layihə gerçəkləşdirirdi. Məni də cəlb etmək istəyirdi. Ölkə mədəniyyətinə fayda vermək arzusundaydım. Dostum ətraflı danışmaq üçün mənə zəng vurdu. Ancaq səsdən danışa bilmədik. “Sonra yığaram” deyib sağollaşdı. Üstündən bir həftə sonra bir daha zəng vurdu. Yenə dırhadırdan danışa bilmədik. Sağollaşıb sonraya saxladıq.
Bir ay sonra yığdı, bu dəfə də alınmadı. Səbri tükəndi. Qayıtdı ki, dırıltı bitəndə, xahiş edirəm, özün məni ara. Arayacağıma söz verdim. Ancaq dırıltı bitmirdi deyə ona zəng vura bilmirdim. Əlimi başıma tutub günlərlə canfəşanlıqla binamızın çölünü yapan siyasətin işini bitirməsini, drel səsinin dayanmasını gözləyirdim. Bitmirdi. Ona görə də mən bir müddətlik yazıçılığın daşını atmağa qərar verdim. Başım o qədər səslə dolmuşdu, ölü səssizliyi olan mühit axtarırdım. Elmlər Akademiyasının arxivində işə düzəldim. Orda hamı buxarlanırdı. Adamlar yox olma dönəmini yaşayırdı. Qoca işçilər ölümü, mənsə özümü aldatmaq üçün ora gedirdik.
Nəhayət, xoşbəxt gün yetişdi. Siyasət xalqa öz töhvəsini verib yavaş-yavaş çəkilib getdi. Gedər-getməz mən “Xoşbəxt gələcək” adlı iki cümlədən sonra yarımçıq qalan romanımın davamını yazmaq qərarına gəldim. Roman belə başlayırdı: Hava işıqlaşırdı. Xalq yavaş-yavaş yuxudan ayılırdı. Romanın şiddətli yerindəydim ki, gurultu qopdu. Pəncərədən boylanıb başılovlu qaçan xalqı gördüm. “Ay aman, yandıq, yandıq” – qışqırıb hamı eyni tərəfə qaçırdı. Yazıçı xalqın yanında olmalıdı deyibən cumdum bayıra. Qoşuldum xalqa. Qaçdıq, qaçdıq, elə yolda ləhləyə-ləhləyə qaçanlardan birindən nə baş verdiyini soruşdum. Məlum oldu ki, siyasətin abadlaşdırdığı binalar bir-bir alışmağa başlayıb. Yanğın yayıla-yayıla qonşu binaya çatıb. İnsanlar tüstüdən zəhərlənib ölür, yanan, yaralanan var. Demə, binaya çəkilən örtüklər alışan materialdan imiş. Xalq da ayaqyalın, başaçıq canını götürüb gedir. Qəzəblənən xalq arada ayaq saxlayıb əlinə balta aldı. Yaxınlıqdakı üzlükləri sökməyə başladı. Bu dəm siyasət tez özünü yetirdi. Xalqı hədələdi, itələdi, tutub aparmaq istədi. “Neynirsən? Anlayışlı ol, ölüm-itimdi, ağır dərddi, başa düşməyə çalış, xalqı hara tutursan?!”. Uzun izahlardan, sitatlardan, atalar sözlərindən sonra xalqı siyasətin əlindən müvəqqəti də olsa aldıq. Həmin gün xalq qaçdı, qaçdı, bir yerə varamadı.
***
“Gecə düşdü, şəhərin əbədi qaranlığını gizlətmək mümkün olmadı. Xalq yenidən yatağına çəkildi və yuxuladı”. “ Xoşbəxt gələcək” adlı romanım bu cümlələrlə davam edirdi. Həvəslə yazıya gişirmişdim. Bu dəfə yazıb bitirəcəkdim. Qəfldən möhkəm-möhkəm qapı döyüldü. Açmayacam, dedim. Hər kimdisə çıxıb getsin. Faydasız idi. Qapı fasiləsiz döyülürdü. Əsəbləşdim. Kompüterimi də götürüb qapıya getdim ki, gələn kimdisə ona necə ciddi bir işə mane olduğunu əyani göstərim. Qapını açdım ki, siyasətdi.
– Nə var, yenə nə istəyirsən? – dedim.
– Binanızı sökməyə gəlmişəm, – dedi.
Gözlərim kəlləmə çıxdı. Bu nə danışır?
– Niyə sökürsən? Bəs biz harda yaşayacağıq?
– Yox e, binanızı yox, daha doğrusu, üzlüyünü sökməyə gəlmişəm. Narahat olma, xeyrinizədi.
– İlahi… – dedim. Olmaz ki, sən bizim xeyrimizə daha heç nə etməyəsən? Özümüz birtəhər başımızı dolandırırıq. Sən ta heç nə etmə, lütfən.
– Olmaz – dedi. Mən sökməsəm gəlib yandıracaqlar. Uzaq siyasət adlı biri var, məni gözü götürmür. Elədiyim bütün işlərin üstünə kölgə salır. İndi bir səhvdi, alışan materialla üzləmişəm. Sökməsəm hər an gəlib od vura bilər.
– O, uzaq siyasətdi, bəs sən?
– Mən yaxın siyasətəm. Hələ başqaları da var. Lap uzaq siyasət, orta siyasət, böyük siyasət, balaca siyasət, qardaş siyasət, düşmən siyasət.
– Siz nə çoxsuz… Neyniyək indi? Sökürsüz?
– Hə, təcili.
– Yaxşı. Bəs mən harda yazım romanımı?
– Narahat olma, bunu da söküm, mən özüm sənin yerinə yazaram – dedi.
Ağzım açıla qaldı. Bu niyə hər işi bizim yerimizə görmək istəyir?
***
O gündən sökhasökdü. Yenə haray-həşir, dambadaramb. Tərslikdən ədəbi-bədii layihə gerçəkləşdirən dostum uzun zamandan sonra bu günlərdə yenə zəng elədi. Cavab verən kimi danışmağa başladı:
– Gördüm səndən xəbər çıxmır, dedim bir zəng vurum, o layihə artıq iki ildi gedir, səni də…bu dəm yenə həmin dırıltını eşidib dəhşətə gəldi :
– Aysel, siz harda yaşayırsız?!
– Siyasətə yaxın – dedim. Başqa bir şey də deyə bilmədim.