İlansız xəzinəyə düşən Qasım kimi layiq olmadıqları postlarda oturub nəfəs dərmədən pul qapan adamlara ölkəmizin Cümhuriyyət tarixini, ondan öncəki çarizm əsarətində olan Azərbaycanı cümlə-cümlə anlatmaq gərəkdi.
Ölkəsinin susuzluğunu yatırmaq üçün ürəyini xəlbirin altına tutan kişilərindən danışmaq gərəkdi.
Görsünlər ki, dövlət üçün kilometrlərlə yol gedib başqa ölkələrin başçılarının qapısında günlərlə oturmaq da olar. İynənin ucu boyda işığı vətən üçün Günəş yoluna çevirmək istəyən bəyləri də olub bu məmləkətin. Onlar varlanmaq üçün vəzifəyə gələnlər deyildi. Varlanıb ölkəsinə xidmət edənlər idi. Pullarını xalqın təhsilinə, məişətinə, sosial durumuna, azadlığına yatıranlar idi.
Şərti yanaşanda onların heç xalqı da yox idi. O dönəmdə Azərbaycanda çoxlu başqa xalqlar da yaşayırdı. Bütünlükdə əhali təhsilsiz, avam, milli kimliyini belə bilməyən cahil bir kütlə sayılardı. Bütün bunlardan bir ölkə yaratmaq gərək idi.
Rəsulzadə dediyi kimi, “yoxdan bir Cümhuriyyət qurmaq” dünyadan xəbardar, pafos və emosiyaya deyil, elmə söykənən, iradəli, dürüst, fədakar bir ovuc aydının üzərinə götürdüyü kosmik bir missiya idi.
Rəsulzadəni həm də ona görə lider hesab edirik ki, o, yaradıcı mütəfəkirləri bir araya toplayıb demokratik cəmiyyət qurdu. Həmin o mütəfəkirlər ona görə böyükdülər ki, bu cavan siyasətçinin qüdrətini görə bildilər.
****
Sadə bir məntiqlə Çar Rusiyasının əsarətində olan ölkələrin Rusiya Dövlət Dumasında, eləcə də yerli Dumada təmsilçiləri olmalıydı. Bunun üçün sözü keçən, ölkədə hörməti olan ziyalılar, nüfuzlu, imkanlı adamlar seçilə bilərdi. Üstəlik, bu adamların bəziləri Rusiyada təhsil almışdı. Çar höküməti onlarla dil tapacağına əmin idi. Ancaq belə olmadı. Azərbaycanı Birinci Dumada Məmmədtağı Əliyev, Əsədulla bəy Muradxanov, Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Əbülfət xan oğlu Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev təmsil edirdi. Onlar Dumada müsəlman fraksiyası yarada bilmişdilər. Fraksiyaya Topçubaşov rəhbərlik edirdi. İndi xalqın taleyi bu adamlardan asılıydı. Onlar Duma qarşısında Azərbaycanla bağlı xeyli məsələ qoydular. Ancaq bunların heç birinə baxılmadı. Topçubaşova 14 iyul üçün hazırladığı çıxışı səsləndirmək imkanı verilmədi. Təcrübəsizlik, işğalçı siyasət, ayrı-ayrı xalqların təmsilçilərinin milli məsələlərdə güzəştə getmək istəməməsi Dumanın fəaliyyətini uğursuzluğa yuvarladı. Birinci Duma buraxıldı.
Bir çox deputat həbs edildi. Onların arasında Topçubaşov və Ziyadxanov da vardı. Onlar məhkəmənin qərarı ilə üç ay müddətinə azadlıqdan məhrum edildilər. Bununla da yenidən seçilmək şansını itirdilər. Topçubaşov ikinci heyətə də kənardan dəstək verir, tez – tez Peterburga gedib azərbaycanlı fəallarla görüşür, azərbaycanlı fraksiyasının iclaslarına rəhbərlik edirdi. Azərbaycanlı deputatların Duma qarşısında qoyduğu məsələlər: milli bərabərlik, insan hüquqları, söz və mətbuat azadlığı, şəxsiyyətin toxunulmazlığı, peşə seçmək azadlığı, təhsil hüququ və s. idi.
1917 – ci ildə Rusiyada ictimai-siyasi vəziyyətin gərginləşməsi Azərbaycanda ölkənin gələcəyi ilə bağlı ümidlər yaratdı. Əhali aktivləşdi. Bundan sonra istiqlaliyyət çalışmaları gücləndi. İsqtiqlalçılar vətənin Rusiyanın bir hakimiyyətinin əsarətindən qurtulub, digərinə düşəcəyini bilirdilər. Ancaq nəyin bahasına olursa -olsun Azərbaycanın Cümhuriyyət tarixini yazmaq lazım idi. Bu tarix bizim söykənəcəyimiz olacaqdı. Yeni dövlətimizin əsas konsepsiyasını təşkil edəcəkdi. Hər kəsə ürəklə “Şərqdə ilk Demokratik Respublika bizdə qurulub” deyib qürur duyacaqdıq sonralar. Bir gün ABŞ prezidenti bizə məhz həmin bayramda təbrik məktubu göndərib “Dövlətinizin demokratiya təməli var” deyəcəkdi. Onlar bunu görürdülər. Onlar qüdrətli idilər. Elə qüdrətli ki Çar höküməti görməzdən gələ bilmirdi. Hesablaşmağa məcbur olurdu. Elə qüdrətli ki, cümhuriyyətlərini tanıda bildilər dünyada. Dünyanın bir–birinə dəydiyi dönəmdə heç kimin tanımadığı hansısa dərinliklərdə yatan ölkənin maraqlarını Avropaya, ABŞ -a çatdıra bildilər.
Məmməd Əmin Rəsulzadənin dediyi sözlər – “bir gün zülm altında qalan vətənimizdə qızıl istibdad 1918 28 mayıs kimi dogacaqdır” onların hər şeyi öncədən gözə aldıqlarını ifadə edir. Onlar bilirdilər ki, Azərbaycanda bir gün millətçi hərəkat baş qaldıracaq. Xalq müstəqilliyinə qovuşacaq.
Onlar Azərbaycanın indiki müstəqilliyini görsəydilər, inanılmaz bir mutluluq yaşayardılar. Məmmədəminin yalnız bu cümləsi haqda ciddi düşünmək gərəkdi: Ah, Azərbaycan biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər töhmətlərə məruz qaldıq!
***
Əlimizə tarixi bir şans düşüb.
Acgöz və qarınla para savaşına atılmaq yerinə fürsətdən maksimum yararlanıb, ən xırda bir boşluq buraxmadan qanunları işləyən, mədəni müstəvidə problemlərini çözməyə çalışan, hüquqi, sivil bir ölkə, xalq kimi tanına bilərdik. Elə edə bilərik ki, haqqımızda “bayrağı, ərazi bütövlüyü, seçki qanunvericiliyi, ordusu, kültürü olsun deyə can qoyan böyük şəxsiyyətlərinə sahib çıxırlar, keçdikləri tarixi uçurumları təhlil edib nəticə çıxarırlar, həssas, hörmətlə yanaşırlar müstəqilliklərinə, əziz, ulu tuturlar vətənlərini” desinlər.
Biz nə edirik?
Hər şeyi alt-üst edirik. İllərlə “Gördük sizi 92- 93-də”, “Görürük sizi 93-dən” deyən tərəflərin hikkəsi bizə gerçək həqiqətimizi görməyə imkan vermədi.
Bir vətəndaş üçünən böyük uğur, dəyər onun ölkəsinin müstəqilliyidi.
Bizim ən böyük həqiqətimiz budu!
“Azərbaycan” deyəndə ürəyi əsən, dodağı titrəyən, gözləri dolan adamlar görünmədi ortada.
***
Cümhuriyyət bayramıdı. Bu elə bir hissdi ki, nə qədər problem olsa da, içərimizdə heç nəylə tutuşdurulmaz bir duyğu bayraq kimi dalğalanır.
Ancaq ürəkdən sevinə bilmirik. Cümhuriyyətin əsgərə gedən oğullarını özümüzdən olanlar öldürüb anaların üstünə qaytarır. Əsgərimiz savaşda yox, hərbi xidmətdə öldürülür.
Analar bizə sual verir: Vətəni sevmək günahmı?!
Anaların bu nəticəyə gəlməsi bizim faciəmizdi.
Bu ölkədə artıq heç bir ana oğlan doğmaq istəməyəcək.
***
Siz, havayıdan əlinə müstəqil, varlı ölkə düşən, vəzifədən, puldan başını itirən kimsənələr. Tarixi dərindən oxuyun. Bu dövlət siz onu dağıdasız deyə qurulmayıb. Bu müstəqillik qanla qazanılıb. Adamlar ona görə gecə – gündüz çalışmır ki, siz heç bir məsuliyyət daşımadan, heç bir xidmət göstərmədən yeyib içib, xalqın övladlarını öldürəsiz. Bütün neqativ olayları şişirdib üzə çıxara da bilmirik, çünki etdiyiniz hər yanlış ölkənin ziyanına işləyir. Bu çox təhlükəli və axmaq durumdu.
Bir türk əskərinə, hərbçisinə, bir türk kişisinə yaraşan kimi davranın.
Ömrünüzdə bu barədə düşünməmisiz, bilirik. Türk əskəri! Bu da nə demək?
Hərbçilik qarınlı komandir olmaq, kresloda genəlib adamlara qarışqa kimi baxmaq deyil?
Yox, deyil! Tamam ayrı şeydi.
Bu gün üçün əsrlərlə savaşıb bu xalq, onun siyasiləri, ziyalıları can qoyub, can. Bir qatqınız yoxdusa, heç olmasa zərbə vurmayın. “Məkrli qüvvələrin ölkəmizin müstəqilliyini gözləri götürmür” deyən də biz, buna saysız əsaslar verən də biz.
Kimdi məkrli qüvvə? Problem yaşayan kimi üzümüzü Avropaya tuturuq. Sadə vətəndaşdan tutmuş ən ünlü adamlara kimi hamı dar ayaqda ümidini Avropaya bağlayır. Həbsə düşən də ordan dəstək gözləyir və görür. Ancaq bunu görməzdən gəlib, antiavropa fikirləri səsləndiririk. Avropanın artıq bizim ən sadə vətəndaşımıza belə güvəni qalmayıb.
Bizim düşmənimiz bəlli. Ayaqda qalmaq üçün yaxşı dostlarımız, tərəfdaşlarımız olsun gərək. O tərəfdaşlar ki, bu fikri paylaşırlar: “Azadlıq, cahanşumul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət qaldıqca, dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz!” (M.Ə. Rəsulzadə). Dostları sədaqət, möhkəm əməkdaşlıqla qazanmaq mümkündü.
Respublika günümüzdü. Hamının günü deyil. Bu ölkə üçün çalışanların, canları yananların, onu gerçəkdən sevənlərin günüdü. Günümüz kutlu olsun!