ilham-aliyev

Birinci Avropa Oyunlarını keçirmək bizim üçün həm böyük etimad, həm də böyük məsuliyyətdir. Eyni zamanda, biz bunu Azərbaycana beynəlxalq miqyasda göstərilən marağın təzahürü kimi dəyərləndiririk.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, son 10 ildə Azərbaycanın dinamik inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş mühüm uğurlar, beynəlxalq arenada yürütdüyümüz müstəqil, fəal siyasət ölkəmizin nüfuzunu daha da yüksəldib. Həmçinin həyata keçirilmiş nəhəng quruculuq və abadlıq işləri nəticəsində Bakı dünyanın ən gözəl, ən müasir şəhərlərindən birinə çevrilib.

“Ümid edirəm ki, Bakı qonaqlar və idmançılar üçün gözəl məkan olacaq”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan həm də beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindəndir, idmançılarımızın mötəbər beynəlxalq turnirlərdə qazandığı uğurların sayı ildən-ilə artır. Azərbaycanın əksər bölgələrində müasir standartlara uyğun Olimpiya kompleksləri, digər idman qurğuları yaradılıb. Bu, həm də Azərbaycanda idmanın kütləviliyini şərtləndirən mühüm amillərdən biridir.

Prezident deyib ki, Avropa Oyunları müxtəlif idman növlərinin ölkəmizdə təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsi olacaq.

Avropa Oyunlarının keçirilməsi üçün yaradılmış infrastrukturun şəhərimizin və ölkəmizin gələcəkdə digər beynəlxalq idman yarışlarına ev sahibliyi etməsini də asanlaşdıracağını vurğulayan dövlətimizin başçısı bu Oyunların Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalı olacağını diqqətə çatdırıb.

“Bir sözlə, bizim güclü potensialımız, mükəmməl idman infrastrukturumuz, böyük beynəlxalq tədbirləri təşkil etmək sahəsində yaxşı təcrübəmiz var və əminəm ki, bu Oyunları ən yüksək səviyyədə keçirəcəyik”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Azvision