Yaddaş insanın infromasiya bazasıdı. Sinir sisteminin funksiyalarından biridi. İnsan ana bətnindən informasiya toplamağa başlayır. Bəzən uşaq elə bir söz deyir ki, çaşıb qalırıq, bunu harda eşidib? İlkin yaddaşı olduğunu unuduruq.
Mövzunun bu yerində dostumdan mesaj gəldi:
– Neynirsən?
– Yaddaşla bağlı material hazırlayıram.
– Mənə də kömək et.
– Unutmağa, yoxsa xatırlamağa?
Yaşam boyu çoxlu stress keçiririk. Hər stress sinir hüceyrələrini sıradan çıxarır. Bu hüceyrələrin gənc yaşda bərpa olma şansı var, ancaq yaşa dolduqca proses çətinləşir. Bərpa olunmayan sinir hüceyrələri də var.
Bütünlüklə olmasa da qarşısını ala bilərik.
Geyim rəfini səliqəyə salırıq, paltarlarımızı təmiz saxlayırıq, ayaqqabımızı silirik, ancaq yaddaşımızın, sinirlərimizin qayğısına qalmırıq. Nəticədə süstləşirik, unutqan oluruq, xəstəlik tapırıq.
Heç nəyi unutmaq mümkün deyil. Zərərsizləşdirmək isə mümkündü. Unutmaq istədiklərimizi beynimizin bir küncündə toxunulmaz saxlaya bilərik ki, bizə əziyyət verməsin. Məsələn, mən televiziya fəaliyyətimi belə dondurdum. Orda çabalamağın, qalmağın mümkün olmadığını anladığım an bütün keçmiş fəaliyyətimi beynimin küncündə toxunulmaz saxladım. Və yazmağa başladım. Keçmiş işimi yada salmamağa çalışırdım. Ağır təəssüratlar çox idi.
Səhifəni qapamasam yenisini aça bilməyəcəkdim. İlişib qalacaqdım orda və yəqin ki, yerimdə sayacaqdım.
Biz keçmiş ağrılardan qurtulmaq üçün yeni münasibətlərə girməklə yanlışlıq edirik. Biz qurtulmaq üçün yox, həyatımızı dəyişmək üçün yenilik etməliyik. Yeni münasibətlərdə yenə eyni şeyləri yaşayırıqsa demək özümüz təkrarçılıq edirik. Çünki hər yeni ilişki, yeni iş yeni tarixçədi. Biz isə keçmiş təəssüratlarla yeni münasibətlərə başlayırıq. Nətisə isə eyni olur. Və bu bizi üzür.
Keçmiş yalnız bir şərtlə lazım ola bilər. Təkrarlamamaq üçün. Yeni sevgiliylə, yeni dostla, yeni işlə yalnız bu cür anlaşmaq mümkündü. Yumşaq idinsə, sərtləşməli, laqeyd idinsə məsuliyyətli, bağışlamırdınsa bağışlamalı olursan.
Bu dəyişiklik özündə tanımadığın cəhətlər üzə çıxarır, bağlı klapanların açılır, heç vaxt baş vurmadığın qatlarına enirsən. İnsan özünü, öz sərhədlərini aşır, böyüyür.
Zədələri, ağrıları unutmasan da onlarla birgə davam edə bilirsən.
Günlərin birində toxunulmaz qoyduğun o qutunu açıb təhlilə başlayırsan.
Çox şeyin situativ olduğunu anlayırsan. Nə vaxtsa səni sarsıdan hadisələr indi tamam ayrı cür görünür. Bəzi şeyləri bağışlayırsan, bəzisi ilə barışırsan, barışmadığın da olur. Ancaq bu sənin həyat hekayəndi. Buna görə də dəyərlidi. Görmədiyin çox şeyi göstərən, bilmədiyin çox şeyi öyrədəndi. Sonra məsələn, mənim kimi düşünürsən: bir zaman əvvəlki işinə son verməsəydin indi sevə-sevə yazdıqların olmayacaqdı, onları həvəslə gözləyən oxucular qazanmayacaqdın. Kitabınla dünyanı fəth etmək arzusuyla yaşamayacaqdın.
“Keçmiş yalnız bir şərtlə lazım ola bilər. Təkrarlamamaq üçün. Yeni sevgiliylə, yeni dostla, yeni işlə yalnız bu cür anlaşmaq mümkündür. Yumşaq idinsə, sərtləşməli, laqeyd idinsə məsuliyyətli, bağışlamırdınsa bağışlamalı olursan. Bu dəyişiklik özündə tanımadığın cəhətlər üzə çıxarır. İnsan özünü, öz sərhədlərini aşır, böyüyür”
|
Məqsədlə arzunu səhv salırıq çox vaxt. Tutaq ki, yazıçı olmaq! Bu, məqsəd deyil. Bu, arzu ola bilər. Ya da yaradıcılıqla məşğul olmaq bir arzudu. Məqsəd isə yaxşı yazıçı, bəstəçi, rəssam olmaqdı.
İstəklərimizi, arzularımızı reallaşdıranda qarşımıza əngəllər çıxa bilər. Ən böyük əngəl cəmiyyətdə oturuşan klişelər – qadağalar, önyarqılardı.
Bu klişelər necə formalaşır? Zaman-zaman cəmiyyətlərdə hakim qüvvələr öz ideolojilərini bəlli adətlər, qaydalar, olmazlar formasında cəmiyyətə yeridir. Bununla toplumu idarə etmək asanlaşır. Mentalitet də beləcə formalaşır.
Mentalitetdəki axsaq, yararsız qalıqları zaman-zaman çıx-daş etmək, əskilərdən qalma kurallara təkrar baxış keçirərək zamana uyğun yeni qaydalar, yanaşmalar yaratmaq şərtdir. Psixologiyada buna ruhun savadlandırılması deyilir.
Əski ideolojilərin ruhundan qurtulub yeni ruh, yeni düşüncə fazası və bu fazanın bünövrəsini qoyduğu yeni ənənə və standartlar formalaşdırmaq gərəkdir. Bunu dövrün aydınları, ictimai xadimləri, sənətkarları, yazıçıları, fikir adamları edir.
Beləliklə, ideologiyalar yaddaşla işləyir. Onların məqsədi insanları idarə edə bilməkdi. Dünyanı fəth etmək istəyənlərin hakimiyyəti ölümlərindən sonra başını yerə qoyub. Çünki yaddaş zədəsi buraxıblar o adamlar. Bu isə əvvəldə yazdığımız qayda ilə çözəndə yaşatmaq yox, unutmaq istədiyimiz yaddaş bazasıdı. Böyük İsgəndər hara gedirdisə müdriklərlə, fikir adamları ilə görüşürdü. Çünki bilirdi, özünün silahla, var-dövlətlə, orduyla edə bilmədiyini Diogen sözlə edir. Yazıçılar kitabları ilə hakimiyyətdə qalır. Filosoflar fikirləri ilə. Eradan öncə yaşamış Sokrat hələ də hakimiyyətdədi. Çünki o, qılıncsız fatehdi.
“Mentalitetdəki axsaq, yararsız qalıqları zaman-zaman çıx-daş etmək, əskilərdən qalma kurallara təkrar baxış keçirərək zamana uyğun yeni qaydalar, yanaşmalar yaratmaq şərtdir. Psixologiyada buna ruhun savadlandırılması deyilir” |
Dinin beş min illik hakimiyyəti də bu səbəbdəndi. Təbliğatı heç səngimir. Yaddaşla işləyir. Deyir, deyir, əzbərlədir. Nə vaxt əlini qılınca atıbsa uduzub. Onu unutmaq istəyiblər. Onunla mübarizəyə qalxıblar. Din kitabıyla hakimiyyətdə qala bilib. Kitabı olmasa heç kimə lazım deyildi. Orda yaddaşa hesablanan fikirlər var. Və bu, əslində dinin yox, kitabın uğurudur.
Onu yalnız güclü rəqib taxtdan sala, hakimliyini sarsıda bilərdi.
Dinin gücünü elm zəiflətdi. Daha güclü, sistemli, arqumental dəlillərlə ortaya çıxdı. Bu zaman din nə etdi? Güclü rəqibə uduzduğunu anlayaraq “mənim də elmim var” dedi. Dini kitablarda dönəminə görə ehtimal olunan, irəli sürülən elmi versiyalar da toplanıb. Versiyalar özləri ayrı-ayrılıqda inkişaf edib elmə çevrildi. Din isə kompaktlaşdı. Ayrıca bir sahə olaraq yaşadı.
Bu tərəfdən isə təbiət elmləri inkişaf etdi. Biologiya, fizika, coğrafiya, kimya inanılmaz uğurlara imza atdı. Artıq həyatın yaranışı “Tanrı insanı yeddi günə yaratdı, gildən insan düzəltdi” kimi yox, “uzun müddətli yağışlar nəticəsində yerin su qatında gil qatı formalaşıb. Kimyəvi reaksiyalardan ilk canlı hüceyrələr – probiontlar yaranıb. Getdikcə suda yaşayanlar, daha sonra quruya keçərək suda-quruda yaşayanlar, sonra təkhüceyrəlilərin bölünməsi nəticəsində erkək-dişi hüceyrələr və beləliklə, onların cütləşməsindən yeni canlılar, insanlar yaranıb” kimi ifadə olunurdu. Mücərrəd, mifik fikirlər arındı, yeni insan təfəkkürünə uyğun, daha ağıllı və aydın təqdim olundu.
İnsanlar elmə inanmağa başladılar. Çünki elmi kəşflər insan həyatını yüngülləşdirirdi. Dünya inkişaf edirdi. Maddənin quruluşu, mexanika qanunları, elektromaqnit sahəsi (işıq), radioaktivlik, atom kəşf edilirdi. Texniki uğurlar əldə olunurdu. İnsanlar üzərində hakimiyyətinin zəiflədiyini görən dini qüvvələr ara-sıra yenidən silaha əl atırlar. Silaha əl atınca da yenə uduzurlar. Çünki zorən yaddaş olmur. Yaddaşa yalnız xoşluqla, məntiqlə hakim olmaq mümkündür. Yoxsa qorxulu kabus kimi səni unutmaq, uzaq olmaq istəyəcəklər. Bu üzdən də peyğəmbərlər haqda yaxşı rəy yaradıblar, onların insansevər, proqressiv, xeyirxah olduğunu söyləyiblər. Başqa cür onları min illərlə kimsə qəbul etməzdi.
“Yazıçılar kitabları ilə hakimiyyətdə qalır. Filosoflar fikirləri ilə. Eradan öncə yaşamış Sokrat hələ də hakimiyyətdədir. Çünki o, qılıncsız fatehdi” |
Bu məqamda dini ilahi hadisə, ruhani sakitlik, inanc kimi qəbul edənlərlə, dini diktatura qurmaq istəyənlər arasında böyük bir ayrıntı olduğunu da vurğulamaq gərəkdi.
Yeni dövrün yaddaşı artıq elə formalaşıb ki, ona qılıncla hökm etmək getdikcə çətinləşir. Çağdaş dünya aqressivliyi inkar edir. Təcrübə göstərir ki, aqressivlik gec, ya tez iflasa uğrayır, ifşa olur. Buna görə də inkişaf etmiş ölkələrdə insan azadlığı önə çəkilir. Ya da belə deyək, insan azadlığının önə çəkildiyi ölkələr demokratik, inkişaf etmiş ölkələrdi. Bu elə bir təbii prosesdir ki, heç nə ilə qarşısını almaq mümkün deyil. Yeni dünyada süni yollarla insanları zəncirdə saxlamaq mümkün olmayacaq. Dünya tarixinin “zəncirli insan” dönəmi bitib. Dünya insanı özü-özünü idarə edir artıq. Getdikcə tarixdə yaddaş zədəsi buraxan bütün dönəmlər toxunulmaz qalacaq. Onlar haqda danışmayacaqlar. Yeni yaddaş bazası yaradılacaq. Dostuma da elə bunu yazdım. Yazdım ki, xatırlamağa çalışma. Yenisini yaşa.