100 milyonlarla dollar… Oliqarxların yediyi, daha doğrusu Beynəlxalq Bankdan götürüb qaytarmadıqları fantastik pulların dəqiq məbləği hələ bilinmir. Amma ortada müxtəlif rəqəmlər uçuşur. Üst-üstə ödənməyən məbləğin 6 milyard olduğu deyilir. Təkcə bir bankdan bu qədər para xortumlayıb bizim “milli” biznesmenlər.
Yusif Səmədoğlunun “ Bayatı-Şiraz” hekayəsi yadıma düşdü. Səbzəli dayı dostundan soruşur:
– Görən atomun qiyməti nə qədərdi?
Dostu Movses Sergeyeviç deyir:
– Köhnə pulla düz bir milyon iki yüz min.
Səbzəli dayı şoka düşür. Bu pulu xərcləyib bitirmək olar? Bu pulla nə edəcəyini düşünür. Əvvəlcə otağının dəlmə-deşiyini düzəltdirər, sonra özünə taxta çarpayı, sonra od çaydanı və s.
Biz bu pullara nə işlər görərdik…
Bir gün ilk olaraq iki dəfə (fizika və kimya üzrə) Nobel ödülü qazanan fransalı alim Mariya Küri həyat yoldaşı (o da Nobelli alim) Pyer Küri ilə bir tədbirdən çıxır.
Qapıda Mariyanaın gözü qalır bir qadının kolyesində. Bu məqam ərinin gözündən yayınmır. Evə gəlirlər, Pyer kefsiz görünür. Mariya nə olduğunu xəbər alanda Pyer deyir: “O qadının kolyesinə necə baxdığını gördüm. Biz sənin də qadın olduğunu tamam unutmuşuq”. Mariya: “Doğrudan da çox gözəl və bahalı bir zinət idi. Mən baxıb düşünürdüm ki, bunun puluna nə qədər laboratoriya yaratmaq olar”.
Alim qadın bəlkə də ərini sakitləşdirmək üçün belə deyib, ancaq inanılmaz dərəcədə haqlı idi.
Sizin havaya sovurduğunuz pullara biz nə işlər görə bilərdik.
Nə kitablar yazar, nə araşdırmalar aparar, nə laboratoriyalar yaradardıq.
Ədəbiyyatımızı, fəlsəfəmizi dünya dillərinə tərcümə etdirib yayardıq.
Nəşriyyatlarla müqavilələr bağlayıb yazı kultumuzu dünyaya daşıyardıq.
Jurnalistlərimizi dünyanın dörd bir yanına yollar, maraqlı, gərəkli reportajlar, çox ciddi, ünlü siyasilər, sənətçilər, elm adamları ilə müsahibələr, materiallar hazırlayardıq. Ölkəmizin çox ciddi imicini formalaşdırardıq. Görərdilər ki, bizim də kultumuz, yazımız, mətbuatımız, ədəbiyyatımız var. Əminəm ki, biz kitabla daha ucuz və effekti işlər görə bilərdik ölkə adına. Bircə yazıçımızı tanıtsaq ardı gələrdi. Ancaq yalnız pulgir məişət kafasıyla, hasar təfəkkürü ilə bizdən dünyaya dahi falan çıxmaz.
Bizim heç nəyimiz olmaya-olmaya da bu işləri görürük, o, heç. İt zülmüylə də olsa edirik.
Sizsə, cənab oliqarxlar, ölkənin pulunu baba malı kimi yeyən məmur arkadaşlar, bu qədər parayla, imkanla heç nə edə bilmirsiz. İstəsəz də edə bilməzsiz.
Hərənin öz işi, görəvi, bacardığı var. Siz dəstək verə bilərdiz bu işdə. Əvəzində pullarınızı kişi və qadın fahişələrə xərclədiz. O adamlara ki, dar ayaqda arxasını çevirib dabanına tüpürüb qaçan ilklərdi.
Paytaxt, bölgə qalmayıb, hara gedirik, eşidirik filankəsindi. Bu nəhəng obyekt filan nazirin qardaşı oğlunundu. Bu, bacısı qızınındı. Bu, bilməm, atasının qurd dayısının baldızı qızının əmisi uşağının bacanağının kürəkəninin yeznəsinindi. Nazirin qardaşı oğlu nə etdi bu boyda obyektə sahibləndi? Nə etdi də? Kimdi bu adam, nə iş görüb, özü e, özü!
Nazir özü nə edib?
Bura filan biznesmenindi, filan oliqarxındı. Ayıbdı vallah. Nə xəbər, nə olub? Şit görünür, başa düşürsüz, çox iyrənc görünür.
Bu balaca ölkəni inək kimi sağıb bircə yazara, bircə ciddi qəzetə dəstək verməmək, bir alimə dəstək çıxmamaq bilirsiz nə deməkdi?
Nə deməkdi?
Quyruq qapı ağzında qalan kimi mətbuata üz tutur hamı. O adamlara ki, dünənə qədər saymayıb. Saysız gəliriniz, şirkətləriniz olduğu halda bircə reklam verib dəstək olmamısız müstəqil mətbuata, azad jurnalistikaya. Qorxmusuz, ya sadəcə vecinizə almamısız, öz işinizdi. Ancaq bilin və agah olun, ölkədə əzilməyən, satılmayan ictimai adamların, yazarların, jurnalistlərin, qəzetlərin olması sizin üçün lazımdı öncə. Bu adamlar bütün xalqın, o cümlədən sizlərin (özünüzü xalqdan sayırsızsa) kapitalıdı. İnciyə bilərsiz bu sözlərdən. Ancaq mən sizə təklif edirəm, inciməzdən əvvəl su içib bir az düşünün.
Bu ölkənin reklam qanunvericiliyində şərt var, hər bir şirkət sosial reklama pul ayırmalıdı. Hanı sizin cəmiyyətin faydasına hesablanan sosial reklamlarınız?
Bütün qapıları bağlı müstəqil qəzetlərin nə qədər maddi problemləri var, nə qədər əziyyət çəkir bu qəzetlərin işçiləri, bilirsiz? Yox. Bilmək istəməmisiz heç vaxt.
Ancaq məhkəmənin qara taxtası arxasında dayananda gözlərinizi həmin o uşaqlara dikirsiz ümidlə. Dünənə qədər aşağılayıcı nəzərlə baxdığınız həmin o müxbirlərə
indi Allah kimi baxırsız. Və heç bir umacaq olmadan sizə dəstək verirlər.
Çünki onların peşəsidi bu. Yazırlar, xəbər hazırlayırlar. Unutmurlar, qulaq ardına vurmurlar. Məhbəsdən xəbərlər, xahişlər yollayırsız, məhkəmələrinizdən səhifə-səhifə reportajlar verirlər. Həmin o iki yüz, üç yüz manata görə gecəsi gündüzü olmayan adamlar yerinə yetirir o xahişləri.
Görünüb ki, ölkədə iqtidardan, hakim qüvvədən nəsə tələb edərlər, tənqid edərlər. Çünki ailə başçısı odu.
Azərbaycanda hər şey tərsinə olduğu kimi bu da belədi.
Güvəndiyimiz adamlar belə müxalifəti tənqid edir.
Müxalif qəzetlərin nümayəndələrinə viruslu xəstə kimi baxırlar, uzaq dururlar.
Nə istəyir müxalifətçi, bu haqda heç düşünmüsüz? Çıx-daş etmək olar. Bunu çıxaq, onu çıxaq. Bütünlükdə müxalif mövqeyi olan adam nə istəyə bilər?
Ciddi sualdı, gəlin fikirləşək. Bəlkə ölkəsində haqsızlıq olmasın, müəllim aşağılanmasın, tələbə ac qalmasın, 50 manat maaş alan xadimə işdən çıxarılmasın istəyir? Hə, ola bilər? 50 manat maaş nədi bilirsiz? 50 AZN!
Onu da əlindən alırlar və siz hamınız buna göz yumursuz. Siz necə adamlarsız?! Adamın damarında qanı donur.
Biz yazırıq, əsəbiləşirik, narahat oluruq, gecə yatmırıq. Sizin kimi ola bilmərik? Sizcə mən, məsələn, istəsəm sizin yarındığınız, yaltaqlandığınız ünvanlar haqqında sizdən ağıllı bir yazı yaza, nitq söyləyə bilmərəm? Toyda mikrofon götürüb “Eşq olsun filankəsə!” deyə bilmərik biz?
Deyərik. Sizdən daha maraqlı və qat-qat istedadlı cümlələrlə. Ancaq siz kənardan bunu edərkən yaxşı görünmürsüz deyə etmirik. Sizə gülürlər.
Bütün imkanlarınız, bank hesablarınız, maşınlarınızla, raketlərinizlə birgə çox kasıb, yoxsul hətta acından günorta duran görünürsüz.
Və heç vaxt varlanmayacaqsız. Çünki ruhunuz kasıbdı. Damarınız kasıbdı. Ora pul dürtmək olmur!
Kimsənin tutulmasına, əzab çəkməsinə sevinmirik. Sadəcə, xatırladırıq hamıya Ki, hamınız, bəlkə də hamımız potensial məhbusuq bu ölkədə, bunu gərək unutmayaq.