ASAN xidmətə gedəndə elə bil ayrı ölkəyə düşürsən. Adam orda yaşamaq istəyir.
Hər şey qayda-qanunla, işçilər dərhal köməyə gəlir, uşaq üçün əyləncə yeri var, acsan, yemək yeyə, kofe içərək növbəni gözləyə bilərsən. Gərginləşmirsən, əsəb keçirmirsən. Hər kəs “bəli, buyurun”la danışır. Hətta bu “bəli, buyurun”u bir az da gücləndirmək, hövsələsiz işçilərə daha çox gülümsəməyi, daha səbirli və mədəni olmağı önərmək yaxşı olar.
Bütünlükdə, öyrəşmədiyimiz sistemdi. (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi. Ancaq mənə “asan” daha xoşdu)
Hər şey düzənli olanda yaşamaq asanlaşır. Bizim yüklü dəvələrə bənzəməyimizin səbəbi dövlət qurumları ilə yaşadığımız xidməti sorunlardı. ASAN-da rüsumlar xalqın gəlirinə görə bahadı, ancaq biz hər şeyi həm baha, həm də zülmlə əldə etməyə öyrəşdiyimiz üçün oranın bahalığını öz rahatlığımıza bağışlayırıq. Hər şey, hamı o qədər yorub ki, üzümüzə bir az gülən adamı az qalırıq bağrımıza basaq. Bir az anlayış, sevgi duyan kimi uçuruq sevincimizdən. Fikir verin, əks cinsə azacıq sayğılı, sevgili davrananda vurulur adama. Elə bilir sən də ona vurulmusan. Sadiq-sadiq gəzir dalınca. Anlayan baxış çox az görürük. Hamısı sevgisizlikdəndi. Hamı sevgisizlikdən əziyyət çəkir.
ASAN-da heç kimə hədə-qorxu gəlməyə gərək yox, heç kim sənə hədə-qorxu gəlmir.
Qaydayla pulunu ödəyib, işini görüb çıxıb gedirsən evinə.
Elə ki çıxdın… Bəh!
Qapının ağzındaca düşürsən vətənə.
Siqnal karnavalı başlayır. Bir-birinə əl ölçən xalqınla üz-üzəsən. Yol kənarlarında DYP əməkdaşıyla sürücünün didişməsi parkda söhbət edən adamlar kimi adi mənzərədi.
Piyadaların üstünə çıxan maşınlar, maşınların üstünə dırmaşan piyadalar, kimsə kimsəyə yol vermək istəmir. Keçid işarəsini gözləyən nadir adam görərsən. Və hər yerdə, hər sahədə belə. Hamı bir-birinə problemdi. Kolleqan özünü gəlişdirmək yerinə, səni yıxmağa çalışar. Yolda necəyiksə elə, hər kəs önə dürtülmək istəyir.
““ASAN-da heç kimə hədə-qorxu gəlməyə gərək yox, heç kim sənə hədə-qorxu gəlmir. Qaydayla pulunu ödəyib, işini görüb çıxıb gedirsən evinə. Elə ki çıxdın… Bəh! Qapının ağzındaca düşürsən vətənə” |
Bayaq farağat dayanıb, növbəsini dinməzcə gözləyən adamlar kim idi bəs? Haraydı ora?
Elə ora da vətəniydi. Vətən belə də ola bilərmiş. Buna görəymiş xaricdə yaşayan dostların
“burda problemsizlikdən darıxırıq” deməsi. Qanunlar işləyəndə yaşamaq rahatdı.
Və qanunları işlək hala gətirməyən məmurlar legioner-zad deyil. Hardansa başqa xalqdan, başqa ölkədən gəlməyiblər. Özümüzük.
İşıqforun 29-cu saniyəsində əlini siqnala basan sürücü, siqnal olmasa, başını pəncərədən çıxarıb nərilədəyən o adam, növbəsiz soxulan müştəri, beş manat əvəzinə, qızıl-qırmızı dirənib on manat alan taksiçi, həm pulunu, həm əsəbini zay edən mənzil ustası, şagirdə “adə, azz” deyən öyrətmən, pul almasa, xəstəni baxımsız qoyan həkim, reytinq üçün eybəcərlik edən “sənətkar”, oğluna sünnət edib aləmə car çəkən, qızını tezlikə ərə verib canını qurtaran valideyn, aksiyada adamları sürüyən polis, gündəlik protokol planı üçün avtomobili yersiz saxlayan yol polisi, qayda pozduğunda DYP-ni borclu çıxaran, xox gələn sürücü – hamı bizik. Bir-birinin intimini, özəlini danışanlar, həyatına qarışanlar…
“İşıqforun 29-cu saniyəsində əlini siqnala basan sürücü, növbəsiz soxulan müştəri, beş manat əvəzinə, qızıl-qırmızı dirənib on manat alan taksiçi, həm pulunu, həm əsəbini zay edən mənzil ustası, şagirdə “adə, azz” deyən öyrətmən, pul almasa, xəstəni baxımsız qoyan həkim – hamı bizik” |
Bu adamlardan kimsə bir gün məmur olur, onda da necə yaşayırsa, elə də işləyir. Buna görə işlədiyi yerdə terrorla məşğul olan məmurları özümüzdən ayırıb kənar bir subyekt kimi qınamağı doğru bilmirəm. Bizlərdən biridi, böyük gözlənti şarjına nə gərək var?
“Demokrasidə çarə tükənməz”. Bir neçə ilə ASAN xidmət yaratmaq mümkün olubsa, çox şeyi düzəltmək olar. Adamlar gözlərini açandan indi cəmiyyət dediyimiz bu yer nədisə, onu görür. Bürünür palaza.
Məmurun da, öyrətmənin də, sürücünün də intellektualı, zövqlüsü, ədalətlisi var. Ancaq onlar problem deyil. Bizi ölkədə yaşamağa qoymayan çoxluqdu. Qanunsuz işləyən çoxlu məmur, siqnal verən çoxlu sürücü. Avrooyunlara görə Almaniyanın Berlin TV-si ölkəmiz haqda reportajlar yayınlayır, bizi tanıdır. Artıq ASAN – Azərbaycan brendi kimi təqdim edilib. Yaxşıdı, qürur verir. Həyatımızı çətinləşdirən sahələr və qurumlardan – özəlliklə Vergilər Nazirliyi və Gömrük Komitəsinin işindən reportaj hazırlamaq fikrinə düşsələr, yandıq. Buna görə də təcili ölkəni asanlaşdırmaq gərəkdi ki, gələcəkdə belə təhlükələr qarşısında qalmayaq.