Doğmasını itirən adama bunu demək etik deyil. Malı-mülkü, varı əlindən çıxana “təki başın sağ olsun”, “canın sağ olsun” demək, başsağlığı vermək olar, balasını itirənə yox. Belə anlarda elə bilirik mütləq nəsə deməliyik. Bəzən susmaq ən yaxşısıdı. Yanında olmaq, əlini sıxmaq, bağrına basıb qucaqlamaq, bədən diliylə danışmaq, uzaqdan anlamaq da kömək edə bilər. Onsuz da gözlər ağızdan daha ağıllıdı. Anlayışlı bir baxışa ehtiyac duyduğumuz zamanlar da olur. Biz isə deyəsən hər şeyi əksinə edirik. Danışmaq gərək olanda susuruq.
Qarabağ savaşının veteranı, Müsavat Partiyasının başqan müavini, “Yeni Müsavat” qəzetinin yazarı, siyasi məhbus Tofiq Yaqublu övladını itirdi. Ona “ başınız sağ olsun” demək doğru sayılmaz. Ancaq istəyirəm bilsin ki, yanındayıq. Onu sonsuza qədər anlayırıq, sarsılırıq.
Qızı Nərgiz xanım hamiləliyinin son aylarında komaya düşdü, ayılmadı. Körpə qurtuldu, ana yox. “Mən doğulanda anam ölüb” faktı bir insan üçün ömürlük yükdü. Ailənin ən böyük məsuliyyəti körpəni bu duyğudan xilas etmək olacaq. Ailə özü ikiqat ağrı yaşayacaq hər dəfə körpəyə baxanda. Ağrı burulğanıdı, düşündükcə içində qalırsan.
Biz insanlar beləyik: böyrümüzdə həyat dramını qoyub filminə baxarıq, kitabını oxuyarıq. Yanımızdakı adamın məzmununu başqa yerlərdə axtararıq. Hadisənin özündən deyil, nağılından təsirlənərik.
Nərgiz əslində xeyli möhkəm dayandı. Həftələrlə komada qaldı. Cavandı, enerjiliydi. Bədən ölümlə savaşırdı. İndiki hay-küyü o komaya düşəndə salsaq bəlkə nəsə dəyişərdi. Bütün hallarda insan itirəndə “bəlkələr” bitmir. Mətbuatdakı bu gurultunun, bu üzüntünün, sosial şəbəkədə anım statuslarının səbəbi də var. Nərgiz aktivist idi. Mitinqlərdə, aksiyalarda öndəydi. Üstəlik, jurnalist kimi də çalışıb. Çevrəsi böyükdü. Özü qazanmışdı hörməti, sevgini. Ruhunu ifadə etməkdən çəkinmirdi. Tofiq bəyi gizlində qınayanlar da olurdu: qızlarını mitinqlərə niyə buraxır, niyə onlara sərbsətlik verir, niyə belə, niyə elə… Həmin o qınaq müəllifləri də indi Nərgizə ağı deyir. Onu qəhrəman qadın kimi tanıyır.
Tofiq bəy isə yaşam və mübarizə tərziylə açıqca ortadadı. Demokrat olduğunu göstərmir, demokrat olduğu görünür. Ailə mövzusunda “şübhəli şəxs qismində” davrananlardan deyil. Acısı da, mübarizəsi də, düşüncəsi də, balaları da göz önündədi. Qarabağ uğrunda döyüşdə qəhrəmanlığı ilə tanınan savaşçıdı. Qəhrəmanlar arasında öləni də, sağ qalanı da olur. Ölüm həyatdan daha çox diqqət çəkir sadəcə.
Dərd dərd gətirir. Bir axına düşür insan, getməli olur. Onu itələyən təzyiqə gücü çatmır. Bircə çıxış və ümid yolu qarşına çxan ilk döngədə yana atılmaqdı. Yaqubluların dərdi bitmir uzun zamandı.
Bir qızları avtomobil qəzasında suçlu bilinir, həbs edilir, daha sonra Tofiq bəy özü tutulur, məhkəməsi Şəki şəhərində keçirilir, xanımı onu tək qoymamaq üçün aylarla yol gedib-gəlir, getdiyi yolda qəzaya düşür, xəstəxanaya yatırılır. Üstəlik, evin sonbeşiyi olan oğula da zaman ayırmaq, təhsilinə diqqət etmək gərəkdi. Bir az özlərinə gəlirlər, ana xəstəxanadan çıxır, qızların biri ailə qurub Rusiyaya köçür və aylar sonra onu itirirlər.
Qara zolaq. Bu zolaqdan çıxmaq üçün bir dəyişiklik döngəsi gərəkdi.
Nərgizin balasını əzizləmək, anasını ovutmaq, bacısına, qardaşına dayaq olmaq var Tofiq bəyin öhdəsində. Onun azadlığa buraxılması ailəsinə yüngüllük gətirər. Bu mövzuda sosial şəbəkədə statuslar, şərhlər görünür. Demək, çoxumuz eyni fikirdəyik. Çoxumuz ölkə başçısının mərhəmətli qərarını gözləyirik.
Cənab Prezident, sevimli Mehriban xanım, biz sizin ailədən bir ailəyə dəstək diləyirik. Bizim çox sorunumuz var. Qayğılarımız sonsuzdu. Ancaq onları öz gücümüzə, zəhmətimizə söykənib birtəhət yoluna qoyuruq. Bunun adı həyat deyil, çörək savaşıdı. Ancaq! Heç kimdən, heç nə xahiş etmirik. İşləyirik, çabalayırıq gecə-gündüz, dostlarla, əzizlərlə bir-birimizə söykənib yaşayırıq hamılıqla.
Hər kəsdən üzr diləyib, Tofiq bəyin azadlığını prezident ailəsindən cəmiyyətim adına xahiş etmək cəsarəti tapıram özümdə. Hər halda, hamımız həm də bu cəmiyyət üçün çalışırıq. Siyasi məhbusun əfvinin hər kəsdə bir rahatlıq yaradacağı şübhəsizdi. Bizə “bu ölkədə, cavan, müstəqil aydınların sözü keçmir” deyənlər də var.
Lütfən, cənab prezident, bunun belə olmadığını göstərin.