icra basci

“Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü təcili olaraq Türkiyəyə aparıblar”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Səbail rayonunun icra başçısı Asif Əsgərovun oğlu, 1998-ci il təvəllüdlü İlham Əsgərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Qeyd edək ki, İ.Əsgərli ilə yanaşı Əhliman Süleymanov da mühakimə olunur.

Hər iki şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən mərhum Sənan Mirzəyevin atası Maqsud Mirzəyev hadisə baş verən gün ABŞ-da olduğunu, axşam saatlarında oğlunun dünyasını dəyişdiyini eşitdiyini bildirib: “Bizə zəng gəldi, Bakıya qayıtdıq. Məlum oldu ki, İlham gəlib Sənana özü ilə birlikdə Şüvəlana paintball oynamağa getməyi təklif edib. Sürücü olmadığına görə oğlum getmək istəməyib. Amma İlham deyib ki, mən öz sürücümlə gəlib aparacam səni. İlham Əsgərli yolda maşını sürücüdən alaraq özü idarə edib, nəticədə qəza baş verib. Mən oğlumu itirmişəm. İlham maşını böyük sürətlə idarə etdiyindən bu cür hadisə baş verib. Məni yandıran odur ki, oğlumu Sabunçu rayon xəstəxanasına aparıblar, amma İlhamı və sürücünü təcili olaraq Türkiyəyə aparıblar . Mənim övladım xəstəxanada yiyəsiz qalıb. Oğluma onlarla eyni səviyyədə tibbi yardım göstərilməyib. İlham Əsgərliyə layiqli cəza verilməsini xahiş edirəm”.

Zərərçəkmişin sözlərinə görə, oğlu Sənanla İlham bir sinifdə oxuyublar, normal münasibətləri olub: “Sabunçu xəstəxanasında heç bir avadanlıq yoxdur, orada təmir gedir. Oğlumu normal xəstəxanaya, tibb mərkəzinə aparsaydılar, bəlkə də sağ qalardı. Oğlumu təcili yardım maşınında aparıblar. Bildiyimə görə, maşında heç nəfəs aparatı da olmayıb. Əgər normal diqqət olsaydı, övladım sağ qalardı. Hadisə baş verəndən sonra oğlum şok vəziyyətində olub, küçədə, asfaltın üstündə qalıb. Belə çıxır ki, Sabunçu xəstəxanası mənim oğlumun səviyyəsinə uyğun olub, amma İlham Əsgərlinin səviyyəsinə yox?” Məhkəmə aprelin 15-nə təxirə salınıb.

Xatırladaq ki, sözügedən qəza ötən il sentyabrın 29-da Zığ-aeroport yolunda baş verib. Sənan Mirzəyevin də əyləşdiyi “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb. Nəticədə İlham Əsgərli və Pərvin Fətullayev xəstəxanaya yerləşdirilib. Sənan Mirzəyev 3 saylı Sabunçu Klinik Xəstəxanasında vəfat edib. Qəzada dünyasını dəyişən S.Mirzəyev “McDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

Virtualorg.az