Nə deyirsiz deyin, sənətkarlar öləndə dünyanın ağayanalığı azalır.
Elə bil yüngülləşib su üzünə qalxır yer kürəsi.
Ölümə haqq qazandırmaq olmur, heç cür.
Necə üzülməyəsən?!
“Ölüm haqdı” deyib ölənlərimiz üçün ağlayanlarıq biz.
O zaman gərək üzülməyək insanımızı itirəndə. Tanrı bizi aldatmış ola bilər, biz özümüzə yalan danışmayaq. Ölüm və haqq? Tərs mütənasiblikdi.
Qaç, çabala, savaş, yarat və… başa düşmürəm, ölüm ən böyük haqsızlıq deyilsə, haqsızlıq nəyə deyirsiz?
Səsin həyatımızdakı rəngini “O” nun ölüm xəbərini alanda daha yaxşı gördüm, nə yalan deyim. Buna qədər musiqi yalnız müşaətçim idi.
Şeirlərimi də bəzən musiqi dinləyərək yazmışam.
Bir dəfə müsahibədə jurnalist sual verdi mənə: musiqisiz necə olardı dünya?
Həmən çırmanıb bütün sualların cavabı mənim başımdakı bilgi qutusundadı, indi eşələyib taparam pontu yarada bilmədim. Çaşıb qaldım. Gözlərimi dünyaya dikdim. Həyata qulaq verdim. Dadibidad, həyat necə dırıltılıydı. Musiqi olmasa həyatın dırıltısı bizi məhv edər, dedim o qıza. Bilmədim bu cavabla yetindi, ya yox.
Ondan sonra hər amansız dırıltıda özümü səslərin kompazisiyasına verdim.
Notlar qalaktikasında itirdim dünyanın bağırtısını. İçimdəki üsyanı bu cür yatırdım bəzən.
Mahnıları yaşayır yaşamağına, ancaq bundan sonra hər dinləyəndə onun yoxluğunu duyuracaq ağırlıq olacaq.
İlk dəfədi yaşayan sənətkarımı itirdiyimi belə içdən, səmimi hiss edirəm. Kayahan…
Adı belə əzəmətlidi. Qaya kimi bir sənətkardı, bəy əfəndiydi.
İndi bilmirəm, belə adət var, ya yox, bizim yeniyetməliyimizdə sevgililər ev telefonlarıyla zəng vurub bir-birinə mahnı dinlədərdilər. Hələ tumurcuq dönəmini yaşayan gənclik ehtirası, bədənin hər tərəfinə sığal çəkib özünü saf-saf ifadə etdiyi dönəmlərdə, telefon dəstəyində dünyanın ən təmiz həyəcanıyla insan nəfəsini musiqiyə qarışdırıb sevgiliyə ötürərdi.
Bu, nəğmə idi. Heç vaxt unutmayacağım. “Beni anlamadın ya” – Kayahandan. Biz ona “lya fa , lya sol “ da deyirdik.
Sokakları qamçılayır rüzgarın səsi
Gözlərim yanır yağmur öncəsi
Hər rəsimdə əllərim əllərini arayır
Hər yanımı sarır o müdhiş acıların.
Biz telefon dəstəyi ilə sevgi notlarını sevişdirirdik. Belə də olurdu.
Günlərlə mahnılarını, şeirlərini təkrar-təkrar dinlərdik. Bu dəfə bədənimizlə sevişdirmək istədiyimiz bədənlər vardı artıq, böyümüşdük…
Həyat nə bir dibsiz quyu, nə də dar bir sokakdı
Dəyişik yollar vardır, hamısı sevgiyə çıxar.
Sənin yolun çıxmırsa, getmirsən demək.
Kayahan sağlığında haqqını alan sənətkardı, ancaq ölüm ziyan olan zəhmətinin də bədələni verəcək.
Gecələr tütün qoxar əllərim…
İlahi, neçə belə gecə yaşanıb həyatımızda.
Bu şeir yazılana qədər neçə siqaret qutusu boşalıb. Neçə itkini, ayrılığı tütün qoxusuyla yaşamışıq.
Onunku yaradıcılıq deyil, bu dekadens dünyanın var-gücüylə batırmaq istədiyi böyük duyğuları qurtarmaq, yaşatmaq çabasıdı. Ömrünün sonuna qədər aşk dedi, başqa bir şey də demədi. İntellektual idi, qayanın içindən qaza-qaza özünə yol tapıb axan su kimidi onun əsərləri. Dərin-dərin qatlardan keçib gəlirdi, damcı-damcı yığılırdı bir yerə. “Sənətkar gərək bilgili olsun, bu baqaj onun yaratdığı sənət əsərini güclü edir” deyirdi. Günlərlə oxuyar, yazıb-pozar, gitarasının simlərinə sarılar, düşünər, düşünərdi.
Müəllifi olduğu bütün mahnı sözlərində sevgiyə bir sayğı duruşu var.
Sevgilini günahlandıracaq bir işartı belə yoxdu. Böyük olmaqdan qorxmazdı.
İki dəfə evli olub. Hər evlilikdən bir qızı var. Qızlarına yazdığı mahnılarda gizli bir kədər sızladır, cırmaqlıyır ruhunu. Kayahanın əsərlərində görünən gizlilik var. Bilmirəm, bunu necə izah edim. Var.
Qınamazdı sevgilini. Ən uzağı “yemin etdim, dönəməm geri” deyərdi.
Hissləri adı ilə çağırar, yaşantıları quraşdırıcılıq etmədən anladardı.
Kübarca, erkəkcə danışardı “aşk hekayə”sini.
“Diet yapardın, alınmayanda deyinərdin. Yəni, onunla da anlaşmazdın” deyir şeirində. Onunla DA! “Mənlə anlaşmadığın kimi” eyhamını bu qədər ehtiyatla, aşağılamadan deyə bilməkdi onun sənətkar özəlliyi.
O, Türkiyədə 270 min dinləyiciyə konsert verən rekordsmen idi.
“Yolu sevgidən keçənlər” deyirdi dinləyicilərinə.
11 albom, saysız bəstə, şeir. İlk qızına Bəstə adı verib. “Ən dəyərli varlığıma mənim üçün ən əziz nəsnənin adını verdim”. İkinci qızının adı Aslıgönüldü.
Qızına yazdığı mahnını hərdən Qızıma oxuyuram.
“Dinlə, yavrucuğum, hayat bir nağıldı, qurdlarla quzular birlikdə yaşar…”
30 il sevginin tək sənət növü olduğunu dedi.
Kayahan nəsnələri, insanları qoxusu ilə anlayan, qoxusu ilə tanıyan biriydi: “sən kokunu sürərdin, oda sən kokardı”
Çox adamın “aşk hekayə”sini xatırladan Kayahanı ölümündən sonra anaq, bizə qiymətli əsərlər, xatirələr qoyub gedənləri …
Bu da onun sevdiyim şeiri.
Uzaqlardan, çoox uzaqlardan, görülməsi zor gəmilər keçir
Yenə saçlarını toplamış, gedir Günəş
Xəyallarım iç cibimdə, ağır-ağır yola çıxıram mən də səninlə…