İlk təəssürat aldadıcıdı. Hə, bu, hökmdü. İlk təəssürat aldadıcıdı!
Çünki xarici faktorlara əsaslanır. Məsələn, bizim ciddilik haqda öz klişelərimiz var. Bu qəliblərə ilk baxışdan uyğun gəlməyən adamı qeyri-ciddi qəbul edirik. Çox vaxt da səhv edirik.
Erix From “Yaradıcılıq” adlı essesində belə bir misal çəkir. “Biz qızılgülə baxıb deyirik: bu qızılgüldü və ya mən qızılgül görürəm. Bu, ilkin təəssüratdı. Ortada bizim beynimizin məhsulu yoxdu. Bizə gülün adını öyrədiblər və gözlərimiz var. Əsas məsələ isə baxmaqla görmək arasındakı fərqdədi.”
Görmək deyəndə, From gözlə yox, beyinlə görməyi nəzərdə tutur.
Dində buna bəsirət gözü deyilir.
Biz qızılgüldə özündən başqa nə görürük? Onunla bağlı nəsə uydura, xəyal edə bilirikmi? Hansısa hadisəni xatırlayırıqmı?
Heç qızılgül olmaq istəmisiz? Qızılgül olsaydız nə düşünərdiz? Yaradıcı gücümüzü işə salaq. Quraşdıraq. Anlamadığımızın dərinliyinə enək.
Uşağınıza qızılgüllə bağlı nağıl uydurmusuz? “Biri yoxdu, biri vardı. Bağçada güllər yaşardı. Onların ən gözəlinə qızıl gül adı verdilər. Çox qədim zamanlardan qızıl qiymətli metal sayılıb. Pul hələ icad olunmayanda adamlar qızılla ticarət edib. Qızıl dəyər ölçüsü olub. Yaxşı adamlara “qızıl kimidi” deyiblər. Buna görə də güllərin ən gözəlini qızıl gül adlandırıblar…”
Uydurduqca insanın nəfəsi açılır. Özünü də, dünyanı da yaxşı tanıyır, anlayır. Qızılgül deyəndə dərhal yazıçı Umberto Ekonun “Qızılgülün adı” kitabı yada düşür. Kitabın niyə belə adlanması ilə bağlı oxucu suallarına yazar dolaşıq cavablar verir. Kitabın adını Bernard Morlanskinin povestindəki – “itmiş nəsnələrdən yalnız adlar qalır” fikrindən götürdüyü, daha sonra qızılgülün simvolik fiqur kimi çoxanlamlı olduğunu söyləyir: Qızılgül ətri, Güllərin savaşı (Ağ və qırmızı qızılgül müharibəsi: 1455-1485 İngiltərə), rozenkreyserlər teorisi və s.”
Əsərdə isə qızılgüldən söhbət belə getmir. Mətnin sirri mətnin özündədi. Ad qıfılın açarıdı.
İsrailli araşdırmaçı Aleksandr Eterman isə Ekonun kitabın adı ilə bağlı sualdan qaçma cəhdinin dərin qatları olduğunu iddia edir. O, deyir: “Qızılgülün adı” romanı Bulqakovun “Master və Marqarita” əsərinin başqa hipostazı, şəklidir. Hər iki əsərdə qızılgül kodlaşması var ki, bu da bir-birinin ruhundan törənən yazarların bir-birinə ötürdüyü sirdir.
Hər şey heç də bizə göründüyü kimi deyil. Biz isə kodu bilmədən seyfi açmaq istəyirik. Həyatın sirrini, yaşamın mənasını, bir sürü səbəbi siqnallara, parollara önəm vermədən, öyrənmədən bilmək istəyirik. Etermanın diqqətini çəkməyən Ekonun örnək verdiyi başqa bir işarə rozenkreyserlik ideyasıdı. Nədir bu? Bəlkə bizim dildə qızılgüllü çarmıx ( roza+ krest) kimi ifadə etmək olar. Rozenkreyserlərin simvolu çarmıxın ortasına çəkilmiş qızılgüldü. Bu teori dünyanı qızılgül kimi ləçək-ləçək, qat-qat, daha dərin öyrənməyi təklif edir. Çoxlu yaxşılıqlar etmək, bacardığın yardımı qıymaq. Çarmıxa – zülmə yox demək. Dünyanı Gülüstana çevirmək dayanır məzmunda. Çarmıxın ortasında gül! Humanistlər, liberallar, tolerantlar… Rozenkreyserlik bütünlükdə bu terminolojini əhatə edir.
Bəlkə Gürcüstandakı məxməri inqilabın “qızılgül inqilabı” adlanması da Saakaşvilinin mistik siqnalı idi. Tərəfdarları ilə əlində gül parlamentə girən gələcək prezident “cəmiyyətin daha dərin problemlərini həll edəcəyik, dağıtmağa yox, yaratmağa gəldik” mesajı verirdi.
Beyinlə görmək – simvollaşdırmaq, tapmaq, yeni bir anlam qatmaqdı.
Biz yalnız gördüyümüzü düşünərkən böyük yanlışlara yol vermişik. Kimsə “niyə əziyyət çəkib nəsnələri çözməliyəm” deyə bilər. Niyə hər şeyə diqqət etməliyəm? Kiməsə bu yorucu görünər. Belə deyil. Detalları görmək vərdişə çevrilir. Vərdiş adətə, adət xarakterə. İşin asanlaşır. Daha yaxşı və doğru görə bilirsən, daha az yanılırsan, az zərbə alırsan. Daha düzgün qərarlar verirsən. Bir də axı, dünyanı hiss edərək yaşamaqla, odun kimi yaşamaq arasında ciddi fərq var…
Birində qərarları özün verirsən, digərində, başqaları.