Aprelin biri hamı bir-birini aldadır. Yoo, başqa gün aldatmırlar. Elə ancaq aprelin biri.
Əslində, 1 Aprel yalan günü deyil, zarafat günüdü.
Somerset Moem zarafatla bağlı “Ay və qara qəpik” əsərində yazıb: “Onun xüsusi güldürmək bacarığı vardı. Həqiqəti söyləməklə insanları güldürürdü. Biz həqiqəti hər gün eşitsəydik ona gülməzdik.”
Yumor həqiqəti söyləməklə güldürmək bacarığıdı. Dombalaq aşmaq, ağız-burun əymək, düşüklük etmək yumor deyil. Bütün bunlar gülməli görünməkdi.
Həqiqət zaman-zaman basdırılıb deyə adamlar bunun bir ifadə yolunu tapmağa çalışıblar. Beləcə həqiqətin zarafatla çeşidli söyləyiş, ifadə formaları: anekdot, yumor, satira, komediya, ironiya, sarkazm yaranıb.
Güldürmək sənətdir. Mutluluq və sevinc göstəricisi deyil. Bəzən güldüyümüz mətləblərin arxasında faciə dayanır. Bunu böyük İspan yazıçısı Migel Anhel (Miguel Angel )
“Unudulmuşların gözləri” romanında ustalıqla ifadə edir. Xalasının himayəsində olan balaca bir oğlandan soruşurlar:
– Valideynlərin var?
– Yəqin atam var, – o, cavab verir.
– Bəs anan?
– Yox, anam yoxdu.
– Ölüb?
– Yox, ölməyib.
– Səni atıb gedib?
– Yox, mənim anam heç vaxt olmayıb. Məni xalam doğub.
Adamlar bunu “uşaq dili” sayıb gülürlər. Ancaq güldüyümüz şeylərdə bəzən çox böyük bir həyat hekayəsi gizlənir. Gülüb qəfildən dayandığım zaman qızımın “ana, hamısını gül” deməsi kimi…
Ətrafa diqqətlə baxın. Pozitiv adamlar həmişə ən dərdli, ən problemli, hətta ən dərin adamlardı. Çox ciddi, qaraqabaq, gülə bilməyən, zarafat etməyən adamların əzablı görünüşləri arxasında elə də ciddi sorunlar dayanmır. Mən bilirəm, zarafat etməyi bacaranlar yaxşı adamlardı.
Onlar ətrafa pozitivlik, işıq ötürməyə çalışır, kədərli birinin üzünü güldürmək istəyirlər. Bu adam necə pis ola bilər?
Zarafat edə bilməyən cəmiyyətlərdə hamı bir-birini döyüb öldürməyə hazırdı. Zarafatla, gülümsəyərək bir status yazın. Bu statusa “mız” qoyan tapılacaq. Mızqoyanlar cəmiyyəti.
Toplumun ən önəmli yumor göstərici ölkə yumoristləridi. Bir ölkənin gülmək bacarığını oranın komediya ustalarından biləcəksən.
Hakimiyyətin həmişə icazəli yumoristləri olub. 1 aprelin yaranma tarixi də elə bu cür olaya bağlanır. Guya Romada imperator Konstantinə qapıçılarından biri cəsarət edib zarafatla “gülüşünüz dövlətə özünüzdən çox xidmət edir” deyib. Beləliklə, Romada həmin hadisə dillərə düşüb və getdikcə 1 Aprel gülüş günü kimi qeyd edilib.
Yumorun sehri bundadı. Eyni məsələni aqressiv, əsəbi deyərsən, düşmənə çevrilərsən, zarafatla deyərsən, sevimli olarsan. Müdriklikdi yumor.
İngilis aktyoru Riki Cerveys (yeri gəlmişkən, səhnə duruşu, tərzi ilə Türkiyənin Cem Yılmazıyla aralarında bənzərlik olduğunu bu yaxınlarda duydum) komediya haqda deyir: “Zarafat etdiyi üçün dəfələrlə üzr istəyən bir sürü adam var. Nədən üzr istəyirsən? Üzr istəyirəm, elə demək istəmədim, üzr istəyirəm, yanlış anlaşıldı. O zaman daha yaxşı zarafat et! Şakanın limiti yoxdu. Məsələ mövzunun öhdəsindən gəlməkdədi”.
Gerçəkdən. Adam var anekdot danışır, gülməli alınmır, adam var üzündə çox ciddi ifadəylə nəsə deyir, uğunursan. Yumor ilk növbədə enerji olaraq ötürülür. Ən ünlü yumoristlərin tərzi budu. Onlar dobalaq zad aşmırlar, özlərinə əl qatmırlar, ancaq güldürə bilirlər. Geyimlərində də gözə çarpan rənglərə yer vermirlər. Adətən qara geyinirlər. Bütün diqqət zarafata yönəlməlidi. Professional qayda budu. Söhbət güldürüb düşündürməkdən də getmir. Cem Yılmazı xatırlamışkən, bu barədə onun da fikrini yazıya qataq: “Gülərkən düşündürmək də nə demək? Gülərkən ağlına bir icad gələn varmı?” Boş verin düşündürücü yumoru, həqiqi yumor reaksiya üçün sıvrıla-sıvrıla elə dərin qatlara kəllə vurmur. O dərhal effekt verir.
Böyük mövzuda çox asan zarafat edə bilən adamdı yumor ustası. Dünyanın ən ünlü yumor ustaları ən çox dini mövzularda zarafat edirlər.
Çünki din qədim və bəşəri mövzudu. Folklor da bu mövzuda anekdotlarla doludu. Məsələn, şəhəri su basır, bir dindar Tanrıya yalvarır ki, onu xilas etsin. Su dizəcən olanda qayıqla adamlar keçir, deyirlər gəl otur, oturmur, yox, siz gedin- söyləyir. Yalvarmağa davam edir. Bu dəm daha bir qayıq keçir, içindəkilər gəl otur, su basacaq hər yeri, deyirlər. Adam buna da minmir. Siz gedin. Qayıqdakılar “bir bildiyi var” düşünüb uzaqlaşırlar. Adam yenə Tanrıya yalvarır. Məni xilas et, səndən başqa bir kimsəm yoxdu – filan deyərkən yaxınlıqdan üçüncü qayıq keçir. Su artıq boğazacandı. Adam buna da oturmur. Siz gedin, narahat olmayın. Az sonra tamamilə suyun içində qalır. Boğulduğu an ağlaya-ağlaya söylənir: Tanrım, mən ömrüm boyu sənə itaət etdim, yalnız səndən kömək istədim. Niyə məni qurtarmadım? Hövsələdən çıxmış Tanrı cavab verir: Üç qayıq göndərdim, minib gedəydin də zalım oğlu, özüm gəlib çıxarmalıyam səni?
Bərkgedən, dünyaca tanınan yumoristlərin çoxu ateistdi. Dindar yumorist olmur. Çünki din olmazlarla idarə edən sistemdi. Yumoristin isə Riki dediyi kimi “olmaz”ı yoxdu. O, hər şeylə zarafat edə bilir. Corc Karlin Bibliyada göstərilən və daha sonra başqa dinlərə ötürülərək şaxələnən əsas on kuralın yaranma tarixini zarafatla belə anladır: “Təxminən beş min il öncə bir sürü dini və siyasi qrup bir araya gəlir və insanları necə idarə edəcəklərini düşünürlər. Bütünlükdə insanların axmaq olduqlarını və nə desələr inanacaqlarını bildikləri üçün belə bir əhvalat uydururlar. Bir dağın zirvəsində…şşşş… ətrafda kimsə yoxkən… Tanrı onlara on qayda göndərir. Yaxşı bəs niyə on? Çünki on rəsmi səslənir. 10! Bitgindi, yuvarlaqdı. 10 bir sistemdi. Psixoloji olaraq təsirlidi. Top onluq, ən yaxşı on əsər… Tutarlı və inandırıcıdı. Doğrudan da bu top onluqla tutuzdururlar.” Corc Karlin din adına törədilən terror aktlarını, fitvaları, ölüm hökmlərini belə ifşa edir: “Bibliyada Tanrının onuncu kuralı budu: Öldürməyəcəksən! Əla. Ancaq dinin özünün adam öldürməklə bağlı heç bir problemi yoxdu axı… Başqa səbəblərdən daha çox insanlar Tanrı adına öldürülür” .
Komedi – zarafatı zarafatsız etmək bacarığıdı.
Əsəbləşməyin! Bu, sadəcə bir yazıdı, zarafatsız.
Sizə Ricky Gervais-in türkcə altyazıyla sevdiyim çıxışlarından link atıram. Baxın, gülün.