Aysel Əlizade

1918-ci ilin mart-aprel hadisələrindən sonra bütün yerli təşkilatlar, alternativ ideoloji qruplaşmalar Müsavat Partiyası ətrafında birləşir. O zamana qədər yalnız ağıllarına, savadlarına və ideoloji güclərinə güvənən Azərbaycan intellektualları bütöv Qafqaz Birliyinin (Qafqaz Seymi, (üçlük ) tərəfdarıydılar, müstəqillik haqda düşünmürdülər. Çünki hərbi güc yox idi, vətənin yiyəsi sayılmazdılar.

Rus imperiyasının Qafqazlardakı tərəfdaşı – silahlanmış erməni hərbi birləşmələri yerli əhalini – türkləri, ləzgiləri, tatları, talışları, yahudiləri qırmağa, talamağa, sürgün etməyə başladığı vaxt durumlar dəyişir. Müsavat ilk dəfə müstəqil dövlət arzuladığını bəyan edir. Qırğın faktlarını tədqiq etmək üçün Məmməd Əmin Rəsulzadənin çabasıyla Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyası yaradılır. Obyektivliyi qorumaq üçün komissiyada ayrı-ayrı xalqların nümayəndələri təmsil olunur: rus, alman, türkmən, türk, yəhudi. Üzvlər araşdırmadan sonra faktları təsdiqləyir. Cinayətdə suçlu bilinənərək həbs edilənlər olur.

Cümhuriyyətin çöküşü ilə görüləcək bütün işlər yarımçıq qalır. Faktlar isə heç yerə itmir. Bağırovun xatirələrindən Sovet Azərbaycanında bu kimi faktların araşdırılaraq gələcək üçün qorunduğu aydın olur. Mart qırğını kimi tarixə düşən bu olay 1917-ci ildə Rusiyada gerçəkləşən Oktyabr İnqilabından ruhlanan, əslən erməni olan Stepan Şaumyanın bolşeviklərlə birgə Bakı Sovetini ələ keçirməsilə başlayır.

Həmin dönəmdə Lenin Şaumyana yazdığı məktublarda taktiki dildə onu mümkün qədər təmkinli davranmağa, Azərbaycanı ələ keçirmək planını mümkün qədər qırğınsız, qan-qadasız gerçəkləşdirməyə səslədiyi duyulur. Lenin uzaqgörən və ağıllı siyasətçi idi. Gələcəkdə adının qantökən işğalçı kimi çəkilməsini, yerli xalqın nifrətini qazanmağı istəməzdi. Ancaq Şaumyan siyasətçi deyildi.

Xalqının tarixində “Böyük Ermənistan”ın qurucusu kimi qalmaq və hakimiyyət xülyasını reallaşdırmaq eyforiyası ilə gözünü qan tutan təsadüfi bir fiqur idi. Buna görə də Leninin eyhamlarına məhəl qoymadan 1918-ci ildə Şaumyanın göstərişi ilə Bakı quberniyasının Bakı, Quba, Cavad, Şamaxı, Salyan və Göyçay qəzalarında, eləcə də digər bölgələrdə qırğın törədilir. Gəncə xaricində əhalii əsir halına düşür.

“Azərbaycanın küçələrində gəzirəm və bir duyğu yaranır, sanki hamımız potensial sür-sümüyük, zorlanmışlar, canlı meyitlər, şəhidlər, qurbanlarıq. Bu duyğunun basqısı altında məğlub bir xalqın yazıçısı, qadını, insanı kimi yaşamaq ağırdı. Bu da səbəbsiz deyil…”

Gəncə qoçuları silahlı qüvvələri yaxına buraxmırdılar. Əhali bacardıqca möhkəm dayanmışdı. Ancaq bölgədə vəziyyət olduqca ağır idi. Yerli ermənilər silahlandırılaraq azərbaycanlılarla qanlı savaş sürdürürdülər. Qafqazlarda strateji önəmi olan, böyük Turan ideyasının gerçəkləşməsinə qapı açan Bakıda və bütünlükdə Azərbaycanda vəziyyətin qarışdığından xəbər tutan Osmanlı İmperiyası Azərbaycanı qorumaq məqsədi ilə Osmanlı ordusunun “Qafqaz İslam Ordusu” hərbi qruplarını yaradır. Gec də olsa birtərəfli savaşın qarşısı alınır. Mayın 25-i Qafqaz İslam Ordusu Gəncəyə girir. Daha sonra ermənilər silahlarını təhvil verməli olur. Tiflisdə Cümhuriyyət elan edilir və paytaxt məcburən Gəncə şəhəri seçilir. Sentyabr ayının 15-i isə həmin ordu Bakıya qədər gələrək Bakını – yeni Turanın açar ölkəsinin paytaxtını işğaldan qurtarır.

Bu tarixi hadisə Azərbaycanın eks prezidenti mərhum Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. 2007-ci ildə Quba şəhərində stadion təmiri üçün aparılan qazıntılar zamanı (güman ki, qazıntı işləri hər ehtimala qarşı bu adla aparılıb) kütləvi qəbiristanlıq aşkar edilir. Bu, həmin qırğınlarda öldürülən yerli əhalidi. Nəhayət, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 Dekabr 2009-cu il Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncamı ilə iş tamamlanır.

Abidənin böyük tarixi önəmi və effekti olacağına şübhə yoxdu. Abidə tarixi gedişatı bütün incəlikləri ilə, addım-addım anladır. Dizaynı, təqdimati, simvolik elementləri ilə olduqca möhtəşəm bir işdi. Bu cür faktlarla Azərbaycan ona qarşı torpaq və bir sürü anlamsız iddialarda olan tərəfin haqsız və əsassız olduğunu sübuta yetirər, abidə haqda bilgiləri dünya mediasına çıxarmaqla, turistlərə, ölkədə səfərdə olan rəsmi qonaqlara göstərməklə ciddi nəticələr əldə edər. Abidə təkcə Quba soyqırımına həsr olunmayıb. Bütünlükdə 31 mart Azərbaycanlıların Soyqırımı Gününü, hətta böyük bir tarixi kəsimi ifadə edir.

Bu günlərdə Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Quba rayonunda yerləşən “Soyqırım Memorial Kompleksi”ni ziyarətə getdik. Hamılıqla yığışıb içəri girirdik ki, geri çəkildim. Memorial abidənin çölündə dayandım. Artıq azərbaycanlıların zorlandığı, əzildiyi kadrlara, soyqırımdan qalan sür-sümüklərə, bu tarixi gerçəkliklərə baxa bilmirəm. Abidə olduqca gərəklidi, ancaq mən fakt olaraq bundan təngə gəldiyimi hiss edirəm. Azərbaycanın küçələrində gəzirəm və bir duyğu yaranır, sanki hamımız potensial sür-sümüyük, zorlanmışlar, canlı meyitlər, şəhidlər, qurbanlarıq. Bu duyğunun basqısı altında məğlub bir xalqın yazıçısı, qadını, insanı kimi yaşamaq ağırdı. Bu da səbəbsiz deyil…

Dunyanın 22 dövləti Osmanlı İmperiyasında Birinci Dunya Savaşı zamanı ermənilərin deportasiya edilməsini, öldürülməsini rəsmən tanıyıb. Onlar necəsə buna nail olurlar. 1918-ci il hadisələrində Osmanlı ordusunun bir qolu kimi yaradılan və Azərbaycana dəstək üçün göndərilən həmin o Qafqaz Müsəlman Ordusunun Gəncədə apardığı əməliyyatlarda hardansa silahlarla təchiz edilən erməni məhəlləsi günlərlə təslim olmur. Dəfələrlə edilən xəbərdarlığa baxmayaraq günlərlə silahlarını təhvil vermirlər. Nəhayət, yenilməyə məcbur qalırlar. Qüdrətli Osmanlı ordusuna təpki göstərmək, ona qarşı birlik sərgiləmək hər halda bir həyat mücadiləsi faktorudu. İki tərəf vardı – Ordu və ermənilər. Biz isə hərəmiz özümüz üçün var idik. Həmin vaxt Gəncəni bir müddət qoruya bilən qoçuların haqqını yeməyək, ancaq Azərbaycan Cümhuriyyəti, ortaq bir vətən, dövlət yaratmağa qarşı çıxan qoçular, “özüm öz başımın ağasıyam” deyənlər, qanunlara təslim olmayanlar çox idi. Buna görə də Gəncədə yeni dövlətin qanunlarına tabe olmaq istəməyən belə qoçulardan birini başqalarına dərs olsun deyə Nuru paşanın tapşırığıyla bazar meydanında asdılar.

“Xocalı soyqırımı günü qızımı bağçadan götürdüm. Həmin gün bağçada tədbir vardı. Uşaq yol boyu elə hey dayanmadan “pis adamlar gəldilər, uşaqları öldürdülər, başlarını kəsdilər, hər yer qan oldu” və bu kimi qaramat şeylər danışırdı. Səhər müəllimədən nə baş verdiyini xəbər aldım. Dedi ki, uşaqlarımız gərək bilsin bu tarixi. Soruşdum, sizcə bildilər? Baxdı üzümə, gülümsədi”

Məni abidəyə baxmaqdan çəkindirən səbəblər başqadı. Bayaq dediyimiz kimi, əzilən, basılan tərəf olmaqdan təngə gəlmək, usanmaq, yorulmaq…

Məktəb dərsliklərində, bağçanın təlimlərində 20 Yanvarla bağlı proqram əlimə keçdi təsadüfən. Belə bir təlim vardı: uşaqlarımızda torpaqlarımızı zəbt edən erməni faşistlərinə qarşı nifrət oyatmaq. Təlimin nəticəsi kimi bu göstərilib: uşaqlar torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunduğunu öyrənəcək, uşaqlarda düşmənə nifrət hissi oyanacaq, vətənə, şəhidlərə hörmət hissi yaranacaq.

Məktəb dərsliyindən də bir örnək gətirim. Yeni illə bağlı belə bir şeir məsələn:

Bürünübdü çöl-çəmən ağappaq bəyaz qara
Ağ qardan don biçilib bağçalara, bağlara
Ermənilər qoymayıb Laçına, Kəlbəcərə
Şaxta babayla Qar qız gəlib çıxıb şəhərə.

Bu şeir demək istəyir sirli-sehrli, uşaqların hədiyyə gətirən, güclü qəhrəmanı Şaxta Baba da ermənilər qarşısında acizdi? Düşməni əzazil kimi təqdim etmək onunla mübarizəni yox, qorxunu gücləndirir. Uşaqların qış şeirinə, qış sevincinə birdən-birə erməni peydahlayan o müəllifi görmək istərdim. Ona ədəbiyyatda kimdən və hardan döl almaq gərək olduğunu anladardım. Bu nə şeirdi axı?!

***
Xocalı soyqırımı günü qızımı bağçadan götürdüm. Həmin gün bağçada tədbir vardı. Uşaq yol boyu elə hey dayanmadan “pis adamlar gəldilər, uşaqları öldürdülər, başlarını kəsdilər, hər yer qan oldu” və bu kimi qaramat şeylər danışırdı. Səhər müəllimədən nə baş verdiyini xəbər aldım. Dedi ki, uşaqlarımız gərək bilsin bu tarixi. Soruşdum, sizcə bildilər? Baxdı üzümə, gülümsədi. “Proqramda belədi, biz nə edə bilərik” söylədi. Yanımızda olan başqa valideynlərdən bunu da eşitdim: “Ermənilər körpəlikdən uşaqlara “türklər (azərbaycanlılar) sizin düşməninizdi” öyrədirlər, biz niyə etməyək?”

Demək, biz problemin köklü həllini 3-5 yaşlı uşaqlarda nifrət hissi oyatmaqda tapmışıq. Necə müdrik xalqıq.

Tarixin tarix kimi, məktəbin yuxarı siniflərində, yeni tarix mərhələsində, daha detallı, incəlikləri ilə xiyabana, abidələrə ekskursiyalar təşkil edərək, hadisələrin canlı şahidləri, iştirakçıları ilə görüşlər təşkil edərək, daha sivil, aydın və analitik öyrədilməsi daha yaxşı və yararlı olmazdımı? O vaxt ki, uşaq artıq fərddi, müstəqil kimlik olmağa hazılraşır. Böyük pediator Makarenko deyib ki, yeddi yaşına kimi uşaq çağadı. Çağa onsuz da bu məsələləri anlamır. Onun dünyada ən son öyrənəcəyi nəsnə “erməni qəsbkarı” söz birləşməsidi. Hələ torpaq anlayışı formalaşmayıb, torpağı işğal edənləri necə başa düşə bilər? Kimi aldadırıq? Özümüzü. Bir-birimizə vətənpərvərliyə yönəlik işlər gördüyümüzü sərgiləmək istəyirik.

Həmin gün bağçadan çıxanda qızım cubbulu, şirin barmağı ilə divardakı şəkli göstərdi. Bu nədi, qızım? Uşaqdı, anası ölüb, ağlayır, – dedi. Dəhşətə gəldim. O gün bilmədim uşağın başını necə qatım ki, gecə yuxuda qorxmasın, şüuraltı stress yaşamasın, psixikası zədələnməsin.

“Hətta “erməni qəsbkarı” kimi qəliz-qəliz konuları, özümüz öhdəsindən gəlmədiyimiz böyük bir vətən məsuliyyətini balacalara yükləmək müdrikliyində bulunuruq””

Mənim siyasətdən başım çıxmaya bilər. Hər halda, bütün bunları anlamıramsa, yəqin başım çıxmır. Ancaq psixologiyadan və özəlliklə uşaq psixologiyasından başım çıxır. Çünki bu elmi öyrənməkdən ötrü yuxusuz gecələr keçirmişəm. Üstəlik, işimdən dolayı predmetim insan və cəmiyyət olduğu üçün bəzi məsələlərə qavrayışım çatır. “Erməni qəsbkarları”, “erməni faşistləri” “Vətən torpağı” “Şəhidlərimizə hörmət və məhəbbət”… bu leksikonla bir yerə varamayız. Özümüzü adlatmayaq, bu şablonlar nə ciddi sevgi, nə ciddi nifrət doğurur. Bizi eyni şeyləri deyib duran əzbərçilərə çevirir sadəcə. Onsuz da uşaqlarımızı fərd kimi böyütmürük. Bütün həyatları proqramlıdı.

Onlara canlı bir insan kimi yox, arzularımızı reallaşdıran mexanizm kimi baxırıq. Yazıq uşaq peşman olur dil açmağa. Özündən başqa hər şey yeridirik ona. Ana istəyir birinci onun adını desin, ata da eynən, öz adından başqa, “mən” anlayışından başqa nə varsa öyrətməyə çalışırıq. Hətta “erməni qəsbkarı” kimi qəliz-qəliz konuları, özümüz öhdəsindən gəlmədiyimiz böyük bir vətən məsuliyyətini balacalara yükləmək müdrikliyində bulunuruq. Bir az irəli gedib uşağa azan, yasin də öyrədənlər olur. Uşağın nitqini də beynini də zəhərləyirik. “Mən” anlayışı dedik. Bu olmadan bir toplum, bir cəmiyyət öz haqqını, demək ki, müstəqilliyini, vətənini, dövlətini qorumayacaq. Çünki vətən də sonucda mənlərin torpağı, ərazisi, evidi.

Qələbə üçün əsgərinə, xalqına, dövlətinə qarşı tərəfdən daha qüdrətli olduğunu göstərmən gərəkdi. Və gerçəkdən qüdrətli olmağa çalışmaq gərəkdi. İnanın, bu vətəndə haqqı qorunsa, layiq olduğu yerin sahibi olsa, ədalət, sevgi, dövlətçilik ənənəsi, əskər, hərbçi mərdliyi, ədaləti və hörməti görsə o, vətəni biz heç nə demədən də sevəcək.

Hə, bu gün Azərbaycanlıların soyqırım günüdü. Ancaq digər məsələlər kimi bunu da protokol işinə çevirməyək. Düzü, bilmirəm, bizim həmişə itirən, döyülən tərəf olmağımızın əsas səbəbi nədi. Ancaq onu bilirəm ki, heç nəylə erməniləri yamsılamalı, onların etdiklərini təkrarlamalı, onlara bənzəməli deyilik.