“Tehran-43” filmini xatırlayırsınızmı? Filmin süjeti sovet xarici kəşfiyyatının həyata keçirdiyi və 1943-cü ildə Tehran konfransında antihitler koalisiyası iştirakçılarının, üç dövlətin liderlərinin – Franklin Ruzvelt, Uinston Çörçill və İosif Stalinin qətlinin qarşısını almış nadir kəşfiyyat əməliyyatları əsasında qurulub.
1943-ci ilin noyabrında Tehranda “Böyük üçlüyün” görüşü keçirilir. Bu gün bir çox tarixçilər bu görüşün təfərrüfatını və sənədlərini izləyərkən, maraqlı bir fikrə gəlirlər: bu görüş zamanı İrana “atılmış” alman agentlərinin əsas vəzifələri SSRİ, ABŞ və Böyük Britaniya liderlərini öldürmək deyil, oğurlamaq olub. Analitik.az bu haqda olan araşdırmanı təqim edir.
“Tehrana üzən iri balıq”
1943-ci il 28 noyabr – 1 dekabr tarixində İranın paytaxtında “Böyük üçlüyün” “sammit”i keçirilir: SSRİ, Böyük Britaniya və ABŞ-ın rəhbərləri Avropanın müharibədən sonrakı quruluşunu müzakirə edirlər. Noyabrın 28-də başlayan Tehran konfransının əsas məsələsi isə, iki il əvvəlki kimi yenə də Avropada “ikinci cəbhənin” açılması barədə idi. Konfransa böyük məxfiliklə hazırlaşsalar da, almanlar oktyabrın ortalarında artıq onun haqqında xəbər tutmuşdular. “Tehrana üzən İri balıq” haqqında məlumatı albaniyalı Elias Bazna – Britaniyanın Türkiyədəki səfirliyində xidmətçi işləyən nasist agenti Siseron çatdırmışdı. İmperiya təhlükəsizlik İdarəsinin rəisi Ernst Kaltenbrunner Stalin, Ruzvelt və Çörçilin məhv edilməsi planının qaralamasını təcili Hitlerə təqdim edib və tam razılıq alıb.
“Uzun sıçrayış” şərti adı altında əməliyyatı xüsusi təyinatlıların başçısı SS Otto Skortsenə tapşırırlar. Nasistlərin əməliyyatı baş tutmadı, lakin antihitler koalisiyasının rəhbərlərinin necə xilas olmaları barədə ətraflı məlumat indiyə qədər məxfi saxlanılır.
Qəbirlərin altından yol hara aparırdı?
Tehranda keçmiş sovet (indiki Rusiya) səfirliyini şəhərin ortasında şəhər adlandırmaq olar. 11 hektarlıq meşə zolağında park, mehmanxana, yaşayış otaqları, diplomatik nümayəndəliyin kompleksi yerləşir. Məhz orada Stalin, Ruzvelt və Çörçill Almaniyanın bölünməsini müzakirə ediblər. Tehranda Almaniya agenturasının təklif etdiyi ilk plan – erməni qəbiristanlığı tərəfdən SSRİ səfirliyinə daxil olmaq idi. Bunun üçün qəbirlərin içindən lağım atıb, sonra bu tunellə diversantların hərəkətini təmin etmək lazım idi. Qəbiristanlıqda almanların öz agenti şturmbanfürer Frans Mayer çalışırdı. SS zabiti qoca, rəngli saqqallı erməni cildində qrimlənərək, xüsusi olaraq özünü qəbirqazan kimi təqdim edirdi. Amma tezliklə Mayeri sovet kəşfiyyatı ələ keçirir və Berlində lağım ideyasından imtina edirlər. “Tehran konfransı haqqında tam dosye yalnız yüz ildən sonra məxfilikdən çıxarılacaq”, deyə İran tarixçisi, tərcüməçi Əhməd Sarəmi iddia edir: “Halbuki indi də İran arxivlərinin məxfilikdən azad edilmiş sənədlərindən belə nəticə çıxarmaq olar: Almanların birinci dərəcəli vəzifəsi “Böyük üçlük” rəhbərlərini öldürmək yox, oğurlamaq olub. Kaltenbrunnerin fikrincə, Stalin, Ruzvelt və Çörçilin aradan götürülməsi müharibəni dayandırmayacaqdı. Lakin liderlərin Almaniyanın əsiri kimi nümayişi, antihitler koalisiyası ölkələrinin əhalisi arasında şok yaradacaqdı ki, bu da cəbhədə bir qarışıqlığa, xaosa səbəb ola bilərdi. Elə bu məqsədlə də SS diversantları Tehrana atılmışdılar”.
İran qəzeti “Xəbər” yazır ki, “Stalini Türkiyədən keçirməklə, Berlinə aparıb, orada dəmir barmaqlıqlar arasında nümayiş etdirmək istəyrdilər” . Reyx rəhbərlərinin Ruzvelt ilə bağlı mövqeləri isə fərqli idi: Bəziləri hesab edirdilər ki, ABŞ prezidentini təslim haqqında əmr verməyə məcbur etmək lazımdır, digərləri isə onun xüsusi qəddarlıqla edamını təklif edirdilər. Çörçillə bağlı fikir ayrılığı olmayıb – onu sadəcə yerində güllələmək planlaşdırılmışdı.
Otto Skortsen və Siseron
1964-ci ildə Madriddə yaşayan Almaniya məxfi xidmətinin sabiq rəisi SS Otto Skortsen isə Parisin “Ekspress” qəzetinin müxbiri ilə söhbətində xüsusilə aşağıdakıları bəyan etmişdi: “Mənim haqqımda danışılan əhvalatlardan ən maralısı tarixçilər tərəfindən yazılıb. Onlar deyirlər ki, mən öz komandam ilə Yalta konfransı zamanı Ruzvelti oğurlamalı idim. Bu, boş söhbətdi. Hitler heç vaxt mənə bu əmri verməyib. İndi mən sizə bu tarix barədə həqiqəti deyəcəyəm. Əslində Hitler Ruzvelti oğurlamağı Tehranda keçirilən konfrans zamanı mənə əmr etmişdi. Amma müxtəlif səbəblər üzündən bu məsələni kifayət qədər uğurla işləmək mümkün olmadı.”
Dəvə karvanında İrana gələn agentlər
SSRİ hakimiyyət təhdidlərinə qarşı olduqca ciddi yanaşdı. 3000 XDİK əməkdaşı Tehrana gətirildi! Onlar ” Böyük üçlük ” liderlərinin olacaqları yerləri qoruyurdular. Sonralar britaniyalı və amerikalı tarixçilər təəccüblənəcəklər: Niyə 6 min alman casuslarının İranda olmasına baxmayaraq, sui-qəsd cəhdi baş tutmayıb? Birincisi, alman kəşfiyyat şəbəkəsi 43-cü ilin noyabrın əvvəlində tam darmadağın edilmişdi. Bu əməliyyat zamanı sovet xüsusi xidmət orqanları tərəfindən abverin 400 agenti həbs edilib. İkincisi, noyabrın 22-27-də SSRİ-nin kəşfiyyatı Qum və Qəzvin şəhərlərində Rudolf fon Holten – Pfluqun başçılığı altında on dörd qrup paraşütçüləri saxlayıblar. Bu almanlar Tehrana ticarət adı altında dəvə karvanında gəlibmiş. Digəri, Üçüncü Reyxdəki anarxiya “Uzun sıçrayış “ın baş tutmamasında mühüm rol oynadı. Bir-biri ilə rəqiblik edən reyx rəhbərliyinin həddən artıq çoxlu təklifləri olub. Məsələn, Skortsen özü oğurluq məsələsini müzakirədən çıxarmaq istəyirdi və təklif edirdi ki, “Böyük üçlüyü” SSRİ səfirliyi qarşısında içərisi partlayıcı ilə dolu olan pilot-kamikadzeli təyyarə ilə partladaraq öldürsünlər. Bir çox müzakirə edilmiş planlar rədd edildi, yeniləndi – sonda isə alman agenturasının həbsi hər şeyə nöqtə qoydu. “Nasist agentlərinin İstintaq məlumatına inansaq, onlar noyabrın 29-də Tehranda kütləvi iğtişaşlar törətmək istəyirmişlər və bu iğtişaşlar fonunda “Böyük üçlüyün” maşın karvanını oğurlamalı idilər, tarix üzrə professor iranlı İsmayıl Musəvi xarici mətbuata bu barədə danışıb: “İsfahanda SS zabiti Şyuneman qaşqay tayfalarının başçıları ilə danışıqlar aparıb: Onların dəstələri İran paytaxtına gələrək, hökumət binalarına hücum edib xaos yaratmalı idilər. Bu planlar mənasız səbəbdən pozuldu – Berlindən vəd edilən dollarlar gəlib çıxmayıb, qaşqay başçıları isə ilkin ödəniş olmadan hücum etməkdən imtina edirlər.”
30 noyabr 1943-cü ildə britaniyalılar Holten Pfluqun qrupunu həbs edirlər, dekabrın 2-də isə “Böyük üçlüyün” oğurluğu üçün Tehrana göndərilənlərin sonuncu dəstəsi – altı paraşütçü saxlanılıb. İranda SS planlarının pozulmasında SSRİ kəşfiyyatı, xüsusilə onun rezidenti 19 yaşlı Gevork Vartanyan böyük rol oynamışdı. Onun sayəsində yüzlərlə düşmən agentləri zərərsizləşdirilib. Lakin almanlar bu əməliyyatın belə məğlub olacağını gözləmirdilər. Almaniya casus şəbəkəsi bütün İrana səpələnmişdi, nasistlər öz agentlərini 50 nazirlik və ordu diviziyalarına cəlb etmişdilər. Bütün səylərə baxmayaraq, “Uzun sıçrayış” məğlub oldu. Bu iki xüsusi xidmət orqanlarının qarşıdurması haqqında ən düzgün məlumatı isə biz ən yaxşı halda 2043-ci ildə, Rusiya, Amerika və Britaniya arxivlərində “Тehran – 43” lə bağlı bütün sənədlər məxfilikdən çıxardıqdan sonra ala biləcəyik. Əlbəttə, əgər onları həqiqətən “tam məxfi” qrifindən azad edəcəklərsə…
Bəs 1943-ci ilin noyabrında Tehrandakı hadisələrə cəlb olunanların sonrakı taleyi necə oldu? SS şturmbanfürer Frans Mayer (“erməni qəbirqazan”) ingilislərə təhvil verilib və Hindistana aparılaq orada izsiz yoxa çıxıb. “Böyük üçlüyün” görüşü barədə məlumatı nasistlərə çatdırmış agent Siseron isə saxta britaniya sterlinqi ilə qonorar alıb və həyatının sonunadək, yəni 1971-ci ilədək Almaniya hökuməti ilə bununla bağlı uğursuz məhkəmə çəkişmələrində olub. “Uzun sıçrayış” ın planını işləmiş Ernst Kaltenbrunner 1946-ci ildə Nürnberqdə asılıb. Sovet kəşfiyyatçısı Gevork Vartanyan isə İrandan sonra 43 il NATO-ya qarşı fəaliyyət üzrə ixtisaslaşaraq, Fransa, Almaniya və ABŞ-da işləmiş, bir dəfə də olsun ifşa və yaxud həbs edilməyib, polkovnik rütbəsinə qədər yüksəlib. O, bu yaxınlarda, 2012-ci ildə Moskvada vəfat edib.
Tehranda liderlərin görüşünün başlıca yekunu antihitler koalisiyasının möhkəmliyini və faşizmə nə olursa-olsun qalib gəlmək niyyətini dünyaya sübut etmək olub. Tam qələbə hələ çox uzaqda idi. Amma Tehran görüşündən sonra Hitlerin və onun həmkarlarının sonunun yaxınlaşdığına
heç kəs şübhə etmirdi…
Suqra MURADZADƏ
Analitik.az