İŞİD terorçuları ABŞ-ın prezident iqamətgahı olan Ağ Evə, Londondakı məşhur saat qülləsi Biq Benə və Parisdəki Eyfel qülləsinə hücum planlaşdırıldığını açıqlayıb.
Tərəfdarlarına müraciət edən İŞİD təmsilçilərindən Əbu Məhəmməd Əl Adnaninin bununla bağlı 27 dəqiqəlik çıxışı yayılıb. Çıxışda Adnani İŞİD əleyhdarlarının hərbi uğurlarının yalan olduğunu bildirib. Həmçinin, deyib ki, İŞİD-in dəstələri davamlı şəkildə güclənir və mübarizə davam edir. Adnani səs yazısında Ağ Evi hədəf aldıqlarını da söyləyib.
Onun sözlərinə görə, “Əgər Pentaqon aylar sonra kiçik bir şəhərin geri alınmasını qeyd edirsə, bu, bizim üçün bir zəfərdir”. İŞİD təmsilçisi böyük meqapolisləri hədəf aldıqlarını da vurğulayıb. O qeyd edib ki, ABŞ kiçik şəhərlər üçün döyüşdüyü halda, İŞİD Paris, Roma kimi şəhərləri hədəfə alıb. Adnani “Ağ Ev, Biq Ben və Eyfel qülləsini bombalayacağıq”,- deyə əlavə edib. Adnani həmçinin İŞİD-lə “Boko Haram” arasında bir mütəffiqlik olduğunu da bildirib.