“Komitənin nümayəndə heyətinin Türkiyə səfəri zamanı bir neçə görüşlər keçirdik. Türkiyədə aşırı dini qruplara qarşı mübarizə yüksək səviyyədə təşkil edilib”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, göründüyü kimi Türkiyədə hər hansı bir radikal dini qurumlar meydan sulaya bilmir və Türkiyənin ictimai həyatında hansısa bir problem yarada bilmir:
“Bunun əsas səbəblərində biri Türkiyədə bütövlükdə dini maarifçilik sahəsində, dini təhsil sahəsində geniş və çoxşaxəli işlər görülür. Türkiyədəki “Paralel yapı” məsələsində müəyyən addımlar atılır. Bu işlər Türkiyə mediasında da geniş şəkildə işıqlandırılır. Bu prosesin Azərbaycana gəlməsi haqqında mediada yazılar gedib. Amma hesab edirəm ki, Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur. Kənar ölkələrdən Azərbaycana müdaxilə etmək istəyən qüvvələrin qarşısını almağa qadirik. Bu qrupların Azərbaycanda dərin kök atması imkanı da məhduddur”.