vefa quluzadeh

Dünən Gürcüstan mediasının yaydığı xəbər gürcülərlə yanaşı, Azərbaycanda da şok effekti yaratdı. Tiflis küçələrində rus ordusuna məxsus hərbi maşınlar müşahidə edilib. İnternetdə yayılan fotolardan da hərbi maşınlarının tranzit nömrələrinin Rusiyaya məxsus olduğu aydın görünür.

Yayılan xəbər avtomatik olaraq rəsmi Tiflisin Ermənistana quru yolun açılması haqda Moskva ilə razılaşdığı ehtimalını ortaya gətirir. Lakin Tiflis hökumətinin yaydığı məlumata görə, hərbi maşınlar hansısa biznesmen tərəfindən şəxsi istifadə üçün alınıb. Bu nə qədər absurd görünsə də, rəsmi versiyadır.

Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov isə Publika.az-a açıqlamasında Tiflisin Moskva ilə anlaşdığını iddia edir. Onun sözlərinə görə, Tiflisdə görünən rus hərbi maşınları Gümrüdəki 102 saylı hərbi bazaya aparılıb.

Rəsmi məlumatda xəbər təkzib olunsa da, Gümrüyə yol açılması ehtimalı böyükdür. Çünki Moskvada Ermənistanla quru yolla əlaqə qurmaq planı hələ 2008-ci il avqust müharibəsi zamanı var idi.

Ötən ilin dekabrında Rusiya prezidenti Vladimir Putinin sabiq məsləhətçisi, iqtisadçı Andrey İllarionovun təbirincə desək, Kreml bunu Avaro-Kaxetiya yolu vasitəsilə yerinə yetirmək istəyirdi.

“Bu yol gələn ilin yazında Şərqi Gürcüstana hərbi texnikanın çatdırılması üçün kanal ola bilər. Rusiya Baş Qərargahı üçün Ermənistana və Dağlıq Qarabağa quru dəhlizi lazımdır. Bu halda həmçinin Azərbaycandan Türkiyəyə uzanan boru kəmərləri kəsilmiş olacaq”, – deyə Putinin keçmiş məsləhətçisi bildirmişdi.

Həmin vaxt əsas ehtimal Gürcüstanın yenidən işğalı ssenarisi ilə bağlı idi. Görünür, rəsmi Tiflis yeni işğalın qarşısını almaq üçün öz xoşu ilə icazə vermək məcburiyyətində qalıb. Lakin Gürcüstan hökumətində aparılan son islahatlar nəticəsində Moskvanın Tiflis iqtidarı üzərində təsirini artırdığı da faktdır. Gürcüstan Müdafiə Nazirliyindəki rəhbər kadrların əksəriyyətinin Kremlə bağlı olması haqda da informasiyalar var.

Tiflisdə görünən rus hərbi maşınları nələrə səbəb olacaq?

Bu, ilk növbədə Ermənistanın blokadadan çıxması deməkdir. Hazırda belə bir məsələ gündəmdə olmasa da, ilkin addımdan sonra gələcəkdə Abxaziya dəmiryolunun istifadəyə verilməsi gündəmə gələ bilər. Gürcüstan ekspertləri də bunu istisna etmir.

Rusiya Ermənistana quru yol əldə etməklə Gümrü hərbi bazasını asanlıqla gücləndirəcək. Bu isə Moskvanın təkcə Ermənistanda yox, Cənubi Qafqazda təsirinin artması deməkdir.

Azərbaycan üçün bunun nəticələri heç də xoşagələn deyil. Ermənistanın blokadadan çıxması rəsmi Bakının uzun illər uğurla apardığı blokada siyasətinə zərbədir. Ermənistan iqtisadi durumunu yaxşılaşdıra və Qarabağ üzərindəki işğal siyasətini möhkəmləndirə bilər. Digər tərəfdən, nə qədər kiçik ehtimal olsa belə, Rusiyanın Gürcüstana yenidən hakim olmaq perspektivləri Azərbaycanın bu ərazidən keçən kommunikasiya xətlərinə də təhlükədir.

Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə məsələni Publika.az-a şərh edərkən maraqlı məqamlara toxunub.

Politoloqun fikrincə, Gürcüstan təhlükədədir: “Bu təhlükə təkcə Tiflis üçün yox, bizim üçün də aktualdır. Lakin Rusiya bizi işğal etmək niyyətində deyil. O, bizi öz iradəsinə tabe etmək istəyir. Biz bu iradəyə tabe olmasaq da, güzəştə getməyə məcburuq. Misal üçün, Azərbaycan istəməsə belə, bir sıra məsələlərdə Rusiya ilə hesablaşır. Bunun əksinə getmək ağılsızlıq olardı. Gürcüstan isə Rusiyanın iradəsinə tabedir. Hazırda Moskva bu ölkəni hədələyir. Əgər rəsmi Tiflis NATO-ya daxil olmaq istəsə, Abxaziyadan Gürcüstanı vurmaq çox asandır. Rus tankları Tiflisdən 40 dəqiqəlik məsafədədir. Dağlıq Qarabağ münaqişəsi də ona görə həll olunmur ki, Azərbaycan NATO-ya daxil olmaq istəsə, bizi buradan təhdid etmək mümkün olsun. Bu dəqiqə bütün nəzərlər Ukraynadadır. Ümid edirəm ki, Rusiya məğlub olacaq. Qərb Rusiyanı ram edəcək və imperiya çökdürüləcək. Bundan başqa ümidimiz yoxdur. Çünki Rusiya bizə daim öz əraziləri kimi baxır. Gürcüstan da Moskva üçün həmişə strateji hərbi yol olub. Əgər Mərkəzi Asiya Rusiya və Əfqanıstan arasında neytral zonadırsa, Cənubi Qafqaz Kremlin yumşaq qarnıdır. Rusların başı əzilməsə, düşüncələrini heç vaxt dəyişməyəcəklər”.

V. Quluzadə deyir ki, bu baxımdan Tiflisdə rus hərbi maşınlarının görünməsi təbii haldır: “Əks halda, bu güc yolu ilə ediləcək. Çünki Rusiya üçün Gümrü hərbi bazasına yol açmaq taleyüklü məsələdir. Ermənistandakı vəziyyət, sadə ermənilər arasında Moskvanın nüfuzunun aşağı düşməsi də bunu aktuallaşdırır. Təbii ki, xəbərin nə qədər doğru olduğunu deyə bilmərəm. Amma əgər buna imkan yaradıblarsa, deməli, Rusiyanın təzyiqləri qarşısında dayanmaq imkanları yoxdur. Bunu sırf Azərbaycana qarşı Tiflisin addımı kimi qəbul etmək doğru deyil. Çünki Gürcüstan öz dərdindədir. Bu Ermənistanın da xeyrinə deyil. Gümrü hərbi bazasını gücləndirməklə Moskvanın İrəvana təsiri xeyli artacaq. Əgər İrəvan xırda da olsa müstəqil addım atsa, Gümrüdəki rus qoşunu onların başlarını əzəcək”.