Son zamanlar “selfie” kimi tanıdığımız fotolar sosial şəbəkələrdə dəb halını alıb. Şəraitdən və zamandan asılı olmayaraq, hamı “selfie” çəkdirmək marağındadır. Bəs, “selfie” nə üçün və niyə yaranıb? “Selfie” çəkməyin görünməyən tərəfləri nədir?
Qısa olaraq, “Selfie” sözünün mənası barədə. “Selfie”nin mənası öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir.
Pərdəarxası məqamlar
Dünya psixoloqlarının bir çoxu hesab edir ki, “selfie” insanlarda əhval-ruhiyyəni yüksəltməyə kömək etsə də, mənfi təsirləri qaçılmazdır. Mənfi tərəf olaraq qeyd edirlər ki, “selfie” çəkilən zaman insan ancaq özünü düşünür, yəni ətrafda nə baş verdiyi və kimlərin olduğu onun üçün o an maraqlı deyil. Yəni, şəkil yalnız bir söz ifadə edir – MƏN. “Selfie” yəni mən gülürəm, yəni mən pisəm, yəni mən əylənirəm, yəni mən dincəlim… Psixoloqlar bu qənaətə gəliblər ki, insanların mənlərlə yaşaması gələcəkdə onların problemlərin olmasına gətirib çıxaracaq. Məsələn, onların məhz “selfie” fotolarına mənfi münasibət bildirəndə dərhal qəzəblənərlər. Kollektiv şəkildə çəkilən “selfie” fotolarında isə insanlar yalnız özlərinə diqqət yetirir, ətrafındakı həmkarlarına deyil. “Selfie” fotolarının sosial şəbəkələrdə paylaşılması isə bu sindromun güclənməsinə səbəbdir. Bu fotoların paylaşılması isə ondan xəbər verir ki, o varlığını cəmiyyətdə tamamən unudub, insanlara özünü təqdim etmək üçün isə “selfie”dən istifadə edir. Halbuki, o elə həmin cəmiyyətdə (kollektivdə, məktəbdə, ailədə və s.) hər gün yaşayır.
Qısa desək, “Selfie” fotolarından özünü unudanlar, özünü sevənlər, ətrafını görməyənlər istifadə edir. Ətrafını görməyənlər dedik və bariz nümunə kimi ötən ay baş vermiş hadisəni qeyd edim: Rusiyada məktəbli qız şəkil çəkdirən vaxt 8-ci mərtəbədən yıxılıb. Məktəbli qız 6-cı sinif şagirdi olub. O, öz evlərində rəfiqəsi ilə birlikdə olub. Şəkil çəkdirmək istəyən qız pəncərəni açıb və pəncərəaltının üstünə çıxıb. Elə bu vaxt məktəbli müvazinətini itirib və 8-ci mərtəbədən yıxılaraq ölüb. Hadisə yanvarın 27-də olub.
Daha bir bənzər hadisə. Bir kişi qatarla “selfie” çəkdirmək istəyib. Maşinist qatarı saxlamağı çatdırmayıb və həmin adam qatarın altında qalaraq ölüb…
Psixoloqların araşdırması
Psixologiya professoru Natanel Hörr: “Fikrimcə çox adam özünü “selfie”də göstərir. Bununla onlar özlərini dünyaya təqdim etmək istəyirlər.” Yəni, özünü gözə soxma virusu – MƏN.
Kollec tələbəsi Ketlin Leman “selfie” barəsində deyir: “Bu gün bazar ertəsidir və mən bu günü sevmirəm. Mən öz narazı sifətimi çəkib dostuma göndərdim. O da eynilə, bazar ertəsini sevmədiyini göstərən narazı şəklini mənə göndərdi.” Burada mövzu bazar ertəsi deyil, mövzu “mən”dir. Daha bir nümunə:
“Keçən istirahət günlərində olduğu kimi, mən burnuma bu sırğanı taxandan sonra şəklimi hamıya göndərdim ki, mənim yeni burnumu görsünlər.”
Böyük reklam
2014-cü il Oscar mərasimində, məşhur aktrisa Ellen DeGeneresin məşhur aktyorlar ilə çəkdiyi “selfie” gecəyə bomba kimi düşmüş, sosial mediada paylaşma rekordları qırmışdı. “Selfie” çəkənlər arasında ABŞ prezidenti Obama, Almaniya kansleri Merkel, Rusiyanın baş naziri Medvedyev, Britaniyanın baş naziri Kameronu və digər məşhur siyasətçiləri göstərmək olar.
Nəticə
Bu əyləncəli xəstəliyin nəticələri insanlarda saymazlıq, özünü hamıdan üstün tutmaq, ətrafındakıları önəm verməməyə səbəb olur. Tarix boyu cinayətlərin kökü də insanlara əşya kimi yanaşmaq olub. Ən son nəticə isə soyuqqanlılıqla insan öldürməkdir. Çünki artıq özünü ən üstün bilirsən, qarşındakını isə əşya…
Odur ki, çalışaq insanları və insanlığı unutmayaq.