“İqtidar-müxalifət dialoqu çərçivəsində budəfəki görüş Prezident Administrasiyasının təşkilatçılığı ilə baş tutacaq. Ona görə də görüşün formatı və müzakirə olunacaq məsələlərin gündəliyi barədə dəqiq məlumat yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu deyib. Fevralın 12-də baş tutacaq iqtidar-müxalifət dialoqu haqda danışan ADP sədri bildirib ki, görüşdə müxalifət nümayəndələrindən ötən görüşdəki tərkib iştirak edəcək:
“Əlavə hansısa partiyalar dəvət olunacaqsa, bu, görüşün təşkilatçısı – Prezident Administrasiyasının öhdəliyindədir. Yəni, konkret olaraq kimlərin görüşdə iştirak edəcəyini indidən demək olmaz”.
AXCP-Müsavat partiyalarının görüşdə iştirakına gəlincə isə, S.Cəlaloğlu bildirib ki, siyasi dialoqun əleyhinə olduğunu deyən şəxslərin belə görüşə dəvət edilməsi mənasızdır:
“Kimsə bəyanat verib iqtidarla müxalifətin siyasi dialoqunun əleyhinə olduğunu deyirsə, onu belə məclisə dəvət etmək absurddur. Çünki bu adam siyasi dialoqu qəti şəkildə siyasi, demokratik pörosedur kimi qiymətləndirmir. Kim belə dialqou vacib sayırsa, həmin adamlar da dəvət olunmalıdır. Müxalifətin görüşdə səsləndirəcəyi təkliflərə gəlincə isə partiya sədri qeyd edib ki, iqtidar və müxalifətin ümdə maraqlarına toxunmayan istənilən məsələ müzakirəyə çıxarıla bilər:
“Hələlik bizim görüşləri siyasi dialoq kimi qəbul etmək olmaz, bu, siyasi diskusiyalardır. Əgər həqiqətən də siyasi dialoq reallaşacaqsa, onda hər məsələni müzakirəyə çıxarmaq olar. Məsələn, biz hakimiyyətdən hakimiyyətdəki qüvvələrin getməsi ilə bağlı siyasi dialoq təklif edə bilmərik. İqtidar da bizə siyasi müxalifətçilikdən imtina etməyi təklif edə bilməz. Amma hər iki tərəfin ikinci dərəcəli maraqları ilə bağlı olan istənilən məsələ müzakirə edilə bilər. Buna ğörə ölkədə demokratik seçkilərin keçirilməsi, demokratik islahatlar, Qarabağ məsələsinin həllində ümummili mövqeyin müəyyənləşməsi antiböhran proqramlarının hazırlanması və s. məsələlərlə bağlı hər iki tərəfin marağı eyni olduğuna görə, müzakirə edilə bilər. Tərəflərin birinci maraqları ilə bağlı təkliflər siyasi dialoqun fəlsəfəsinə zidd olar”.
Qeyd edək ki, müxalifət liderləri ilə iqtidar nümayəndələrinin sonuncu görüşü 2014-cü ilin dekabrın 13-də baş tutub. Görüşə müxalifət tərəfdən Ümid, Demokrat, Milli İstiqlal, Klassik Xalq Cəbhəsi, Liberal Demokrat, Böyük Quruluş, Böyük Azərbaycan, Vəhdət, Azadlıq, Vətəndaş Həmrəyliyi və Milli Dirçəliş Hərəkatı partiyalarının sədrləri qatılıb.
İqtidarı isə Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov, Tahir Süleymanov və şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.
AXCP və Müsavat Partiyaları isə görüşə qatılmaqdan imtina edib.