Niderlandın NOS dövlət telekanalının binasında insident baş verib. APA TV-nin məlumatına görə, axşam saatlarında silahlı şəxs telekanalın binasına daxil olub və ona efir verilməsini tələb edib. Dövlət televiziyasının yayımı dayandırılıb, tamaşaçılara fövqəladə vəziyyətin yarandığı barədə xəbərdarlıq edilib. Bina boşaldılıb və polis əməliyyat keçirib.
Silahlı şəxs polisə müqavimətsiz təslim olub. Polisin məlumatına görə, həmin şəxs ona efir verilməsi barədə tələbi yerinə yetirilməyəcəyi təqdirdə ölkənin müxtəlif yerlərində quraşdırılmış partlayıcıların işə salınacağı ilə hədələyib. Lakin hüquq mühafizə orqanları hadisəni mütəşəkkil cinayət kimi qeydə almağa tələsmir.
NOS telekanalı yayımının bərpasından sonra insidentin epizodlarını nümayiş etdirib. Özünü haker qrupunun üzvü kimi təqdim edən silahlı şəxs bildirir ki, onun efirdən açıqlamağa çalışdığı məlumatlar dünya əhəmiyyətinə malikdir. O, kəşfiyyat orqanları tərəfindən ələ alındıqlarını, müasir cəmiyyət üçün təhlükəli məlumatlar əldə etdiklərini bəyan edir.
Telekanalın yaydığı məlumata görə, mühafizəçiləri silahla hədələyərək studiyaya soxulan şəxsin əlindəki tapançanın maket olduğu müəyyən edilib.
Kütləvi informasiya vasitələrinin məlumatına görə, saxlanılan şəxsin 19 yaşı var, tələbədir. Onun bir müddət əvvəl valideynlərini itirdiyi və bu itkidən sonra psixi vəziyyətinin pozulduğu bildirilir.