mehemmed emin resulzade

D18 Hərəkatının sədri Ruslan İzzətli prezident İlham Əliyevə M.Ə.Rəsulzadənin evi ilə bağlı müraciət edib. Müraciətdə deyilir:

Hörmətli cənab Prezident,

Bildiyiniz kimi, bu ilin yanvarın 31-i dövlətimizin qurucu Lideri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 131 illiyi tamam olur. Cümhuriyyətimiz süquta uğrayana qədər M.Ə.Rəsulzadə Bakı şəhəri, Nizami küçəsi 59 saylı binada (4 otaqlı mənzildə) yaşayırdı. Hal-hazırda həmin ünvanda “Caspian Safe” MMC adlı xarici şirkət yerləşir.

Qarantı olduğunuz Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə əsasən “Tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur”. Azərbaycan Respublikasının “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanununun 1-ci maddəsinə əsasən “Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir. Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır”.

Sizin 22 noyabr 2013-cü ildə imzaladığınız “Məhəmməd Əmin Rəsulzadə 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamda müvafiq aidiyyəti qurumlarla birlikdə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olumuş təbdirlər planını hazırlayıb həyata keçirilməsi qərara alınıb.

Cənab Prezident,

Yuxarıda qeyd etdiyim kimi, bu ilin yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin 131 illiyi tamam olur. Bununla əlaqədar M.Ə.Rəsulzadənin yaşadığı Bakı şəhəri, Nizami küçəsindəki 59 saylı binada yerləşən 4 otaqlı mənzilin (Mərkəzi Univermağın yanında, ikinci mərtəbədə) onun ev muzeyi kimi fəaliyyət göstərməsi çox əhəmiyyətli olar. Göstərilənləri nəzərə alaraq səlahiyyətlərinizdən istifadə edərək Məhəmməd Əmin Rəsulzadənin 131 illiyində Rəsulzadə ailəsinə məxsus olan və hazırda xarici şirkətə satılan Əzizbəyov küçəsi ilə Nizami (keçmiş Vorontsov) küçəsinin kəsişməsindəki M.Ə.Rəsulzadəyə məxsus evi onun ev muzeyi kimi fəaliyyət göstərməsi üçün aidiyyatı qurumlara tapşırıq verməyinizi Sizdən xahiş edirik.