88282

Patriarx Kirill: ““Charlie Hebdo” müsəlmanları, xristianları təhqir edir ”

“Reuters”in Moskvadan verdiyi xəbərdə deyilir ki, böyük nüfuza malik Rusiya Ortodoks Kilsəsinin rəhbəri, patriarx Kirill bazar günü deyib ki, Fransanın “Charlie Hebdo” satirik jurnalında Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturasının çap edilməsi “uşaq şıltaqlığına” bənzəyir.

“Charlie Hebdo” mütamadi şəkildə müsəlmanları, xristanları və başqalarını bu tip sayğısız karikaturalarla təhqir edir.

Agentlik xatırladır ki, silahlı qardaşlar jurnalın Paris ofisinə hücum edərkən özlərini qisasçı kimi təqdim ediblər. Deyiblər ki, peyğəmbəri təhqir edənlərdən hesab sormağa gəliblər.

Rusiya prezidenti ilə yaxın olan patriarx Kirill mərasimdə çıxışı zamanı terroru lənətləyib və eyni zamanda dindarların inancından doğan hislərinin təhqir olunmasına etiraz edib. Həmin mərasim Ruisya TV-ləri vasitəsi ilə yayımlanıb.

“Reuters” xatırladır ki, Rusiya etnik baxımdan çox zəngindir, dini baxımdan da yekdil deyil. Ölkədə böyük sayda müsəlman azlıq yaşayır. Ancaq prezident Putin pravoslav kilsəsinə böyük imtiyazlar tanıyır, onlara milli varlığın əsas dayağı kimi önəm verir.

Rusiyanın Ukrayna məsələsinə görə Qərblə ciddi ixtilafı var. Ona görə də prezident Putin dünya liderlərinin “Charlie Hebdo” dəstək göstərisi üçün Parisdəki mitinqə qatılmadı.

Agentlik qeyd edir ki, Paris olaylarına görə dünyanın müxtəlif yerlərində mitinqlər, toplantılar keçirildi. Bəzi yerlərdə insanlar satirik jurnalın hərəkətini təqdir etdilər, bəzənsə bunun tam əksinə olaraq peyğəmbəri təhqir edənləri ən kəskin ifadələrlə qınadılar.

Musavat.com