İşğalçı erməni qüvvələrinin komandanlığı təmas xəttində bu gecə növbəti dəfə döyüşlərin getdiyinə dair xəbər yayıb.
Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, dümən tərəfin açıqlamasına əsasən yanvarın 20-dən 21-nə keçən gecə saat 03:00 radələrində təmas xəttinin Kəlbəcər istiqamətində Azərbaycan ordusu “növbəti kəşfiyyat-diversiya həmləsi” edib.
İddia olunur ki, bu həmlənin qarşısı alınıb, ancaq döyüşlər zamanı erməni qüvvələri itki verib. 1982-ci ildə anadan olmuş, müqavilə əsasında xidmət edən Asatryan Hapet Artakoviç öldürülüb, daha bir hərbçi – 1973-cü ildə anadan olmuş, müqavilə əsasında xidmət edən Qasparyan Ovanes Onikoviç isə yaralanıb.
Virtualaz.org hazırda bu məlumatla bağlı Azərbaycan Müdafiə Nazirliyindən şərh almağa çalışır. Lakin qeyd edirik ki, Ermənistan tərəfi son həftələrdə az qala hər gün “Azərbaycan ordusunun kəşfiyyat-diversiya həmlələri” barədə bəyanatlar yayır. Hər dəfə də iddia olunur ki, bu həmlələrin qarşısı alınıb, ancaq erməni tərəfi də itki verir.
Azərbaycan MN isə bildirir ki, erməni tərəfi qeyri-döyüş itkilərini bu adla ictimaiyyətə sırıyır.
Xatırladaq ki, Ermənistan tərəfi yanvarın 20-nə keçən gecə təmas xəttinin bir neçə istiqamətində şiddətli atışmaların olduğu haqda da xəbər yaymışdı. Qarabağdakı separatçı rejimin “müdafiə nazirliyi” Azərbaycan silahlı qüvvələrinin “8 diversiya-kəşfiyyat həmləsi etdiyini, lakin bu cəhdlərin qarşısının alındığını” iddia edirdi.
Eyni zamanda bildirilirdi ki, atışma zamanı erməni qüvvələrinin 1995-ci ildə anadan olmuş hərbi qulluqçusu Piliposyan Suren Xaçikoviç öldürülüb. İnsidentin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmirdi.
Ümumiyyətlə, son zamanlar erməni tərəfi az qala hər gün Azərbaycan ordusunun “diversiya həmlələri” haqda xəbərlər yayır və hər dəfə bildirilir ki, qarşı tərəf itki verərək geri çəkilib. Həmçinin erməni tərəfi itkilərini də qismən açıqlayır.
Bundan əvvəl Qazax rayonu ilə həmsərhəd Voskepar kəndində Ermənistan ordusunun əsgəri öldürülmüşdü. Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib edir və bildirir ki, ordumuz təmas xəttində diversiya əməliyyatları həyata keçirmir, düşmənin atəşkəsi pozmasına cavab verir və təmas xəttində vəziyyəti nəzarət altında saxlayır.
Qeyd edək ki, dekabrın sonlarından başlayaraq Ermənistan qüvvələri təmas xəttində tez-tez itki verir və son 3-4 həftədə düşmənin rəsmən açıqlanan itkilərinin sayı azı 7 nəfərdir. Son itki ilə ölən erməni hərbçilərin sayı 8-ə çatmış oldu.