ABŞ prezidenti Barack Obama illik çıxışında deyib ki, müharibə və geriləmə illərindən sonra “böhran kölgəsi keçib və dövlətin vəziyyəti möhkəmdir”.
Azadlıq Radiosu xəbər verir ki, Obama prezidentliyi dövründə ABŞ iqtisadiyyatının çətinliklə olsa da dirçəldiyini, işsizliyin 5.6 faizə düşdüyünü vurğulayıb, deyib ki, indi durğunluq və müharibə “səhifəsini çevirməyin” vaxtıdır.
Obama çıxışında özünün iqtisadi siyasətini əsaslandırıb, daha kasıblara kömək üçün varlı amerikalılardan daha çox vergi tutulmasından danışıb. Prezident ABŞ Konqresini çağırıb ki, müasir limanlar, daha güclü körpülər, daha sürətli qatarlar və ən sürətli İnternet bağlantıları üçün infrastruktur planı təsdiqləsin.
Bu fikirləri Obama respublikaçıların nəzarətinə keçmiş Senat və Nümayəndələr Palatasında illik çıxışında deyib. Respublikaçıların çoxu Obamanın yerli siyasətinə qarşı olduğunu dilə gətirib.
Obama çıxışında Konqresin bütün üzvlərini birgə işləməyə, partiyalarası mübahisələri kənara qoymağa çağırıb. Beynəlxalq arenaya gəlincə, ABŞ prezidenti hərbi gücü və güclü diplomatiyanı özündə birləşdirən “daha yaxşı Amerika rəhbərliyinin” olmasına çağırıb. O, Pakistandan tumuş Parisin küçələrinədək terrorçuların məhv ediləcəyini bəyan edib, Konqresi çağırıb ki, İslam Dövləti yaraqlılarına qarşı yeni müharibəyə səlahiyyət versin.
Obama Paris hücumlarından danışanda qanunvericilər azad sözə dəstəklərini göstərmək üçün sarı karandaşlarını yelləyiblər. Charlie Hebdo jurnalına hücumda islamçı yaraqlılar 17 nəfəri öldürüb.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton öz prinsipinə sadiq qalır – böyük dövlətlər balacaları qorxuda bilməzlər, yəni Rusiyanın təcavüzünə qarşı çıxıb Ukrayna demokratiyasını dəstəkləyir. Obma onu da deyib ki, Krımı işğal etməsinə və Ukraynadakı hərəkətlərinə görə Moskvaya tətbiq olunmuş beynəlxalq sanksiyalar Rusiyaya ziyan vurub. O, Rusiya prezidenti Vladimir Putinin hərəkətlərinin “strategiya və gücün mahir nümayişi” olduğunu deyənlərlə razılaşmadığını dilə gətirib.
“Bu gün Amerika güclüdür və müttəfiqləri ilə birlikdədir, Rusiya isə təcrid olunub, iqtisadiyyatı çökür,” Obama deyib.