islam avropa 1

Son hadisələri doğru-düzgün təhlil etmək üçün illər öncəki Avropanın islamlaşması ilə bağlı olan statistik məlumatlara, eləcə də Avropa mediasının islamla bağlı necə həyəcan təbili çalmasına mütləq diqqət etmək lazımdır. 

Yaxın keçmişə qısaca nəzər salanda məlum olur ki, son illərdə İtaliyada on mindən çox xristian İslamı qəbul edib. İtaliyada çap olunan “El-cornald” qəzeti “İslam Avropanı istila edir” sərlövhəli məqaləsində bildirir ki, “…Əgər vəziyyət bu minvalla gedərsə, iki yüz ildən sonra Avropa müsəlman ərazisi olacaq”. 

Qəzet əlavə edir ki, “İndi islam İtaliya və Avropanın ikinci dinidir və gələcək İslama məxsusdur. Heç bir din İslam kimi sürətlə genişlənmir”. 

Avstriyada 1981-1991-ci illərdə müsəlmanların sayı iki dəfə artıb. Nəticədə, bu ölkədəki katolik və protestantlar azalmaqdadır. Həmçinin, İspaniyada son zamanlar təxminən 30.000 nəfər İslamı qəbul edib. Almaniyanın 700 məscidində təxminən 100.000 müsəlman namaz qılır və islamı qəbul edən almanların sayı günbəgün artmaqdadır. 1991-ci ildə Festqalin bölgəsində 80 nəfər müsəlman olduğu halda, indi onların sayı 150 nəfərdir. 

1970-ci ildə Fransada müsəlmanlar üçün yalnız 23 ibadət yeri var idisə, 1992-ci ildə Fransanın namazxana və məscidlərinin sayı 1273-ə çatıb ki, onlardan 360-ı Paris və ətraf məntəqələrdə yerləşir. Fransanın “Fiqaro” qəzeti yazır ki, “Bu gün fransız cavanlar əvvəlkindən daha çox İslam dininə üz tuturlar”. 

London İslam Araşdırmalar Mərkəzi tərəfindən təqdim olunmuş statistikaya görə, Britaniyanın paytaxtında hər ay 50 qadın İslamı qəbul edir. Ümumiyyətlə isə, Londonda hər il 300-350 insan İslama keçir. Onların əksəriyyəti xristianlar olsa da, aralarında yəhudi, hindli və digər din mənsublarına da rast gəlinir. 

Hollandiyada islama zidd təbliğatın aparılmasına baxmayaraq, İslamı qəbul edən hollandların sayı sürrətlə artır. 1976-cı ildə İsveçdə on altı min müsəlman olduğu halda, 1988-ci ildə onların sayı altmış min nəfərə, 1995-ci ildə iki yüz min nəfərə çatmışdı. Danimarkaya gəldikdə isə, bu ölkədə islam çətinliklə olsa da, ölkənin ictimai həyatının mərkəzində addımlayır. 

İndi isə gəlin, bütün bunların fonunda hal-hazırda Avropada gedən siyasi-dini proseslərə obyektiv yanaşmağa çalışaq.

Bu yaxınlarda Almaniyada PEGİDA adlı təşkilat anti-islam, islamafob təbliğata başladı. O cümlədən, `islam` və `terror` anlayışları bir tutulurdu. Əsası Lutz Baxman tərəfindən qoyulan, həmçinin Avropanın 8 ölkə və 39 şəhərində fəaliyyət göstərən PEGİDA-nın mərkəzi Almaniyanın Drezden şəhəri sayılır. PEGİDA xristian-yəhudi dinin nümayənlərindən formalaşan və irqi ayrı-seçkiliyi realizə edən birlikdir. Fəaliyyət hədəfi konkret islama qarşı çıxmaq, afişalar hazırlamaq və petisiyalar reallaşdırmaqdır. 

L.Boxmanın arxasında Almaniyanın çox nüfuzlu “Bild” qəzeti və ölkənin Sol Partiyasının (Die Linke) olduğu iddia edilir. Hətta, bəzi mənbələrə görə alman kəşfiyyatının neonasizmin güclənməsində birbaşa əli var. Bir çox Avropa ölkələri, o cümlədən Almaniya getdikcə polis ölkəsinə çevrildiyi zamanda, telefon zəngləri, elektron poçt ünvanları, o cümlədən ölkənin dörd bir yanında hər bir kiçik proses 400.000 kamera ilə izləndiyi halda, necə, olur ki, hökumət bu olayların qızışmasına imkan verir?! 

Niyə Almaniyada anti-islam hərəkətı start götürdü? Çünki Almaniya Avropada islam dinin ən möhkəm və dayanıqlı olduğu ölkə sayılır. Məhz islamın çiçəkləndiyi bu ölkədə islamı boğmaq gərəkdir, çünki belədə Avropanın başının üstünü almış islam `təhlükəsi` əsaslı həll edilmiş olardı. 

Bu kontekstdən məsələyə yanaşdıqda “11 sentyabr”, “Boston” və “Paris” terror səhnələrinin hansı məqsədlə hazırlandığı aşkar olur. Bütün yuxarıda sadaladığım hadisələrin timsalında Parisdəki terrora gəlincə, hadisələrin müsəlmanların əleyhinə düzənləndiyini açıq-aydın görmək olur. Məsələ hansısa ərəb ölkəsinə olacaq hərbi müdaxilədən getmir, çünki ən azından Əfqanıstan, İraq, Liviya, Tunis, Misir, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt ağalarının, yəni Vaşinqton və Brüsselin sifarişləri ilə hərəkət etməkdədirlər. 

Axı, niyə, müsəlmanlar Avropa üçün belə ciddi problemdir? Bunun bir neçə səbəbləri var:

1) Avropa ölkələri, ələlxüsus, İtaliya ərəb ölkələrindən gələn miqrant axınından çox ciddi əziyyət çəkirlər. Müsəlmanların ölkəyə axını, yerli əhalidən daha çox sosial və maddi güzəştlər qazanmaları Avropa vətəndaşlarında onlara qarşı etiraz hissini alovlandırır.

2) Müsəlmanlar Avropa mədəniyyət, qayda-qanun və yaşam tərzinə uzlaşmırlar, tam əksinə, onların ənənələrini pozur və bununla da avropalılarda qıcıq yaradırlar. Məsələn, almanlar deyir ki, necə olur, yunanlar, çinlilər, yaponlar bizim adət-ənənəmizi öyrənib, sayğı göstərdiyi halda, türklər illərlə bizim ölkədə yaşayıb, qaydalarımıza əməl etmir, hətta, bizim dili belə öyrənmirlər?

3) Nəhayət, ən başlıcası isə, Avropada islam dini sürətlə yayılır və bu hal Vatikan başda olmaqla, bütün Avropa dövlətlərini çox ciddi düşündürür. 

Fərrux Həsənov
AzVision.az