Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində 2014-cü il 26 dekabr tarixində ilk sınaq qatarı hərəkətə buraxılıb. Bu barədə Azərbaycan Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bu münasibətlə keçirilmiş tədbirdə “Marabda-Kartsaxi dəmir yolu” MMC-nin rəhbərliyi, tikintini həyata keçirən “Azəryolservis” ASC-nin, həmçinin digər şirkət və təşkilatların nümayəndələri iştirak edib.
Sınaq uğurla keçirilib və qatar sərhəd stansiyasına çatdırılıb. Artıq bu sahədə yol istismara hazır vəziyyətdədir və hərəkət üçün şərait yaradılıb.
BTQ layihəsinin Gürcüstan tərəfinin tikintisinə rəhbərlik edən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Gürcüstan filialının direktoru Qurban Piriyev APA-ya hazırda yolun Türkiyə ərazisindəki hissəsində işlərin cədvəl üzrə getdiyini bildirib.
O qeyd edib ki, burada xəttin uzunluğu 74 kilometrdir. Artıq tunellər tikilib və əsas yolda torpaqlama işləri aparılır. İşlərin gələn ilin sonunadək başa çatdırılması nəzərdə tutulub. Onun sözlərinə görə, layihə istifadəyə verildikdən sonra bu xətt ilə ildə 5 milyon ton yük daşınacaq və gələcəkdə bu yol ilə 15 milyon ton yük daşınması nəzərdə tutulub: “Bununla əlaqədar gələcəkdə yük daşımalarına tələbat artarsa, qoşa dəmir yolu tikiləcək”. Q.Piriyev bildirib ki, tikintisinə 2007-ci ildə başlanılan yolun yardımçı hissələr də daxil olmaqla Gürcüstan ərazisindəki ümumi uzunluğu 245 kilometrdən çoxdur. Bunun yalnız 185 kilometri birbaşa istifadə üçündür və baş yol hesab olunur. “Buradan Türkiyə sərhədinə – Karçaxi stansiyasına qədər olan hissə Avropa standartlarına uyğun inşa olunub.
Bu yola uyğun olaraq Almaniyadan yeni lokomotiv də alınıb. Biz mənfi 12 dərəcədə, çöl şəraitində 2000-2500 hündürlükdə dəmir yolu xəttində təkərlərin dəyişməsini həyata keçirəcəyik. Avropada belə relyef şəraitli yük daşınma üçün nəzərdə tutulan dəmir yolu yoxdur. Cavaxetiya bölgəsində havaların sərt keçməsinə baxmayaraq çətin işləri yerinə yetirmişik. Kartsaxidə Avropa infrastrukturlarına uyğun obyektlər tikilib. Gürcüstan ərazisində BTQ layihəsinin tikintisinə 775 milyon dollar güzəştli şərtlərlə kredit ayrılıb”, – deyə Piriyev vurğulayıb. Qurban Piriyev açıqlamasında gələcək layihələr barədə də məlumat verib. “2014-cü ildə sınaq qatarı üçün yol hazırlanıb, 2015-ci ildə isə layihədə nəzərdə tutulan ümumi işlərimiz sona çatdırılacaq: “BTQ dəmir yolu layihəsi Qarsa çatan kimi, Qarsdan Naxçıvana da 224 kilometr uzunluğunda yeni dəmir yolu çəkilməsi layihəsi var.
Onun başlanma müddəti isə Azərbaycan və Türkiyə dövlətləri arasında aparılacaq danışıqlardan sonra məlum olacaq”. Q. Piriyev Almaniyanın “Ştadler” firmasından sərnişin qatarları alacaqlarını və vaqon tikintisinin Gəncədə də həyata keçiriləcəyini bildirib: “Bu yol 3 dövləti və Avropa ilə Asiyanı birləşdirir. Bu yol ilə yalnız yük deyil, eyni zamanda dostluq, qardaşlıq, ənənələr, xeyirxah işlər daşınacaq. BTQ xalqlarla əlaqələr yaradır və onları birləşdirir”. Q. Piriyev bildirib ki, BTQ layihəsinin Gürcüstan hissəsində ilk qatarın rəsmi sınaq mərasimi yaxın günlərdə Azərbaycan və Gürcüstan dövlətlərinin rəsmilərinin iştirakı ilə baş tutacaq.