“Azərbaycana qarşı təkcə Qarabağ məsələsində deyil, digər məsələlərdə ikili standartlar artıq açıq xarakter daşıyır. Bunu təkcə bizim vətəndaşlar deyil, bütün dünya müşahidə edir”.
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova hakim partiyanın saytına verdiyi müsahibəsində bildirib.
Vitse-spiker qeyd edib ki, dünyada xalqları narahat edən, dövlətlərin inkişafını məcrasından çıxaran hadisələr baş verməkdədir.
“Təəssüf ki, bir qrup ölkələr dünyanın nizamını pozmaq, xalqları bir – birinə qarşı qoymaqla öz maraqlarını həyata keçirmək istəyir. Buna görə də, ölkələrin çoxu təzyiqlərə məruz qalaraq həmin güclərin istəyi ilə hesablaşmağa məcburdur. Az qrup dövlət var ki, ədalət, sülh və beynəlxalq hüququn prinsiplərindən çıxış edirlər. Azərbaycan məhz bu qrup ölkələrdəndir ki, dünyada yalnız haqq -ədalətə üstünlük verir və beynəlxalq hüquq prinsiplərindən çıxış edir.
Dünya böyük olduğu qədər də kiçikdir. Nə qədər qloballaşırsa, nə qədər inteqrasiya prosesi gedirsə, dünya o qədər də kiçilir. Hardasa baş verən hadisə bir andaca dünyaya yayılır və öz təsirini göstərir. Ona görə də, dövlətlər diqqətli olmalıdır. Məsuliyyətsiz qərarlar, hansısa qrupların maraqları baxımından qəbul olunan qərarlar dünyanın nizamını pozur. Çoxüzlü standartların olduğu haqda insanların qənaəti möhkəmlənir. Bu da mənfi mənada dünyanı, insan həyatını dəyişir. Bu mənfi tendensiya nəticəsində əsrlərdən ötüb gələn mədəniyyətlər, tarixi dəyərlər, ölkələr dağılır. İnsanlıq inkişaf adına keçdiyi yolun üzərinə xətt çəkərək orta əsrlərə qayıdır. Müəyyən beynəlxalq güclər bunu demokratiya, din adına edərək həyata keçirirlər. Əslində isə bütün bunların demokratiya və insan haqlarına, dini dəyərlərə heç bir aidiyyatı yoxdur”.
B.Muradova bəzi Qərb dairələrinin Azərbaycana qarşı qərəzli münasibətinə toxunub.
“Azərbaycan haqlıdır ki, dünyada çoxüzlü standartların olduğunu bəyan edir. Çünki baş verənlər irəli sürülən şüarların mahiyyətini ifadə etmir. Necə razılaşmaq olar ki, Azərbaycan bir sıra hesabatlarda azad olmayan ölkə hesab olunsun, amma işğalçı Ermənistan bizdən üstün mövqedə yer alsın. Hətta əndazəni o qədər aşıblar ki, Dağlıq Qarabağdakı separatçı rejim insan haqlarını qoruyan «dövlət» kimi hesabatlarda təsdiqini tapır. Ukrayadakı separatçılar sankiyalara məruz qalır, amma Dağlıq Qarabağ separatçıları ABŞ Konqresində qəbul olunur, ABŞ hökuməti onlara maliyyə yardımı ayırır. Ona görə də, Azərbaycan öz mövqeyində haqlıdır və bütün müstəvilərdə öz mövqeyini ortaya qoyur”.
Vitse-spiker hesab edir ki, müəyyən dairələrin ölkəmizdə gərginik yaratmaq cəhdləri alınmayacaq. Xalqımız bu məsələlərdə ayıqdır.
“Doğrudur, antiazərbaycan qüvvələrinə işləyən satqınlar var, amma onlar xalqın mütləq əksəriyyətin qarşısında acizdirdilər. Satqınlar öz cəzalarını alacaqlar. Düşmənlərimizin layihələri isə heç vaxt reallaşmayacaq və biz geri çəkilməyəcəyik.
Hesab edrəm ki, sadaladığım uğurların əsasında Azərbaycanın müstəqil iradəsi dayanır. Əgər digər dövlətlər də müstəqil iradə göstərə bilsəydilər, dünyada baş verənlər proqnozlaşdırıla bilən olardı. Və bir çox məsələlər ətrafında dil tapmaq asan olardı. Çox təəssüf ki, Azərbaycan kimi müstəqil iradəsi olan dövlətlər azdır. 2014-cü ildə ölkəmizə qarşı insan haqları adı altında yeni təzyiq cəhdləri ortaya çıxdı. Amma ölkəmiz bu məsələdə də öz mövqeyini nümayiş etdirdi. Bütün bunlar qarşıdakı fəaliyyəti müəyyən etmək üçün də əsasdır”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.