Modern.az saytı “Necə dolanırsınız?” rubrikasını davam etdirir. Hər gün müxtəlif peşə sahibləri tanışlarla rastlaşanda mütləq bir-birindən necə dolandığını soruşur. Biz bu dəfə oxşar sualla təhsil sahəsində çalışan insanlardan, müəllimlərdən cavab istədik:
Kəmalə Abıyeva, (Bakı şəhəri): “Yazmağı bacarıram, arada təhsildəki problemlərdən yazıram. Amma heç vaxt maaş məsələsinə toxunmamışam. Düşünürəm ki, təhsili, elmi, məktəbi, şagirdləri sevirsənsə, pis müəllim ola bilməzsən. Müəllimlər həmişə kasıb olub. Amma daha hörmətli olublar. İndisə müəllimin sosial durumu ağırdır, yalnız müəllim ailəsində yaşayıb nə normal geymək, nə normal yemək, nə gəzmək olar. Yəni müəllim övladını dəniz kənarına ayda iki dəfə, arada bir tamaşaya aparsa, 20 saat dərs yükü varsa, ən azı yarısını xərcləməlidir. Facebook-da dostluğumda bir gənc müəllim var – Tərlan İsgəndərov, 134 manat maaş alır. Rayonda işləyir. O, sevgilisini, anasını harasa necə apara bilər, yaxud özü harasa gedər? Yaxşı ki, müəllimlərdən yazırsınız. İllərlə sussam da, deməyə məcburam: Müəllimlər çox kasıb yaşayır, çox… Hələ evi olmayan gənc müəllimləri demirəm. Müəllimlər heç uşaqlarını da oxuda bilməyəcəklər. Mən həm də yaradıcıyam. Maaşımdan artırıb 3-4 ildə bir kitab çap etdirə bilmirəm. Məsələn, heç bir müəllim müalicə ala bilmir. Birbaşa ölümünü gözləyir. Ürəyimin müalicəsinə görə iki aylıq maaşımı birdən verməli olmuşam”.
Elnaz Eyvazlı (Bakı şəhəri): “Müəlliməlikdən öncə, vətəndaş kimi, fəxrlə 9 milyon dediyimiz əhalinin bir üzvü kimi məni narahat edən o qədər sosial problem var! Şəxsən özümü düşünüb demirəm, başqalarının problemi də mənimdir. Yan keçə bilmirəm. Müəllimlərin sosial durumu göz önündədir. Görünən dağa nə bələdçi. Müəllimlərə məsləhət yox, xatırlatma edərdim ki, onlar da bu ictimaiyyətin nümayəndəsi olduqlarını bilsinlər, onların da hüquqları və haqları var. Azərbaycanda müəlliminin aldığı maaş onu ən gözəl təhqir üsuludur. Adam maaşının qədərini deməyə utanır. Müəllimin bir aylıq məvacibini müəyyən edənlər bu məbləğlə neçə gün, yaxud saat dolana bilərlər? Bu situasiyada müəllimlərə ancaq məsləhət görərdim: “Mümkünsə, ölməyin!”
Mahirə Abdullayeva, (Bakı şəhəri): “Müəllimlik çoxsahəli peşədir. Müəllim uşağa müəllimlikdən başqa, həm ana, həm psixoloq, həm də dost olur. Ona görə deyərdim ki, müəllim şagirdin valideynindən çox zəhmət çəkir və yorulur. Müəllimin bu gün aldığı maaş çəkilən zəhmətin çox cüzi hissəsini qarşılayır. Bu gün müəllimin heç bir sosial güvəni yoxdur. 35-40 yaşa çatan müəllimlərin çoxunun sağlamlıq problemləri var. Bugünkü bazar qiymətləri ilə tam müalicə almaq üçün müəllim maaşı çox azdır. Sosial sığortadan isə söhbət gedə bilməz. Fikrimcə, bu gün müəllimlərin güzəranını yaxşılaşdırmaq üçün sığorta məsələsinə çox ciddi yanaşılmalıdır”.
Aylin Məcidova, gənc müəllimə (Bakı şəhəri): “Müəllimlərin dolanışığına problem yaradan ən başlıca səbəb maaş azlığıdır. Bu, onların həm əhval-ruhiyyəsinə, həm də cəmiyyətlə münasibətinə mənfi təsir göstərir. Əgər bir insan səhər işə gedərkən onun beynində kirayə pulunu vermək, kommunal xidmətləri ödəmək və digər bu kimi məişət problemləri dolaşırsa, onun işinin keyfiyyətindən söhbət belə gedə bilməz. Bu səbəbdən müəllimlərin keçdikləri dərs yetərincə keyfiyyətli olmur. Müəllim bir növ dərsdən can qurtarıb başqa bir işə qaçmağa çalışır. Yaxud ən yaxşı halda repetitor kimi fəaliyyət göstərir. Bu isə təbii ki, müəllimin bütün gününü zəbt edir. Nəticədə yaranan yorğunluq, ruh düşkünlüyü nəinki dərslərin mənimsədilməsi ilə bağlı hansısa yeniliklər axtarmağa, üsullar düşünməyə, heç sabahkı dərsə hazırlaşmağa da imkan vermir”.
Elnur Hacıyev, (Göygöl rayonu): “Bu gün kimi danışdırsan, müəllimə verilən maaşla ailəni dolandıra bilməməsindən gileylənəcək. Təhsil sahəsində çalışanlar arasında kişilərin sayı qadınlara nisbətən dəfələrlə aşağıdır. Bu fakt açıq-aşkar onu göstərir ki, təhsil işçilərinin sosial təminatı çox aşağıdır. Ona görə də ailədə kişi müəllim maaşı ilə evini dolandıra bilmir və başqa sahələrdə çalışmağa məcbur qalır. Mən də ailə başçısı olaraq 12 ildir ailəmi müəllim maaşı ilə saxlayıram. Təbii ki, bu cür ev dolandırmaq asan deyil. Lakin həyat insana bütün çətin situasiyalarda çıxış yolları axtarıb, tapmağı öyrədir. Bizim məktəblərdə heç vaxt maliyyə savadlılığı üzrə bilik və bacarıqlar formalaşdırılmayıb. Nəzərə alsaq ki, biz azad iqtisadiyyat və rəqabətlilik mühitində yaşayırıq, onda cəmiyyətin bir hissəsi olan müəllimlər də bu şəraitə uyğunlaşıb, müəyyən işlər barədə düşüncələrində dəyişiklik edə bilər. Bu təbii ki, yaşlı müəllimlər üçün çətindir, bəlkə də mümkünsüzdür. Lakin düşünürəm ki, gənc müəllimlərin düşüncə tərzi fərqli olmalıdır. Bu gün gənc müəllim, həm öz pedaqoji fəaliyyəti, həm də qurduğu yeni ailənin maddi təminatı ilə məşğul olmalıdır. Gənc müəllim yeniliklər axtarmalı, pedaqoji fəaliyyətlə paralel elə işlər görməlidir ki, bu işlər onun həm peşə fəaliyyətinə, həm də maddi vəziyyətinin yaxşılaşmasına kömək etsin. Mən də 35 yaşındayam, müəllim kimi çox az maaş alıram. Müəllim sözün həqiqi mənasında peşəkardırsa, yaradıcıdırsa, yeniliklərə çevikdirsə, heç də pis dolanmır. O, həm yaxşı müəllim, həm də repetitor ola bilər. Bu işlər bir-birinə zidd deyil. Digər halda peşəkar müəllimdirsə, müxtəlif təhsil üzrə treyninqlər aparar, yaxşı təlimçi ola bilər. Peşəsini yaxşı bilirsə, özünə inamı varsa, müxtəlif müsabiqələrdə iştirak edib, həm pul, həm uğur, həm stimul qazana bilər. Bu gün dövlətimiz peşəkar, yaradıcı müəllimin bütün yeni və zəruri olan təşəbbüslərini dəstəkləyir və yaxşı vəsait ayırır. Vəsaiti yalnız dövlətdən almayaq. Elə bir ideya verməliyik ki, donorları düşündürsün və onlar da bu işə maddi vəsait yatırsın. Hər il müəllimlər dəfələrlə müxtəlif hökumət və ya qeyri-hökumət təşkilatlarının elan etdiyi qrant müsabiqələrdə iştirak edib, uğur qazana bilər”.
Tural Nuriyev (Gədəbəy rayonu): “Müəllim olmaq, üstəlik kənddə işləmək çox çətindir. Fikrimi anlada bilmək üçün məsələyə bir neçə yöndən yanaşmaq istəyirəm:
Öncə onu qeyd edim ki, şərəfli bir peşəmiz var. Millətin gələcəyi bizim əlimizdədir, gələcəyimizin gözəl olması üçün bizim sağlam düşüncəli olmamız lazımdır. Sağlam düşüncə isə gözəl bir həyat tərzindən, yaxşı maaşdan keçir. Müəllim, sadəcə məktəbdə işləməklə ailəsini saxlaya bilməz, məcburdur ki, başqa yerdən də çörəyini çıxarsın. Bu zaman dərslərə hazırlaşmaq üçün vaxt ayıra bilmir. Təbii ki, bu zaman nəticəistənilən kimi olmur. Bir neçə ildir tədris olunan kurrikulium proqramı isə müəllimlərdən daim işləməyi, dərslərə hazırlaşmağı tələb edir. Bu tədrisə başlayarkən, bizə dedilər ki, 21-ci əsrin insanını yetişdirməlisiniz. Ancaq 21-ci əsrin insanını yetişdirəcək müəllimlərin qayğısından, rayon məktəblərinin təmirsiz, internet və bilgisayarsız olmasından nəsə demədilər.
İşlədiyim məktəbə nə bilgisayar var, nə də internet. İndi müəllim olaraq necə müasir düşüncəli şagird yetişdirə bilərəm? Bu gün bir çox peşə sahibinin gəliri müəlliminkindən artıqdır. Hansı şagirdə oxu, müəllim ol desən, bu acı həqiqəti xatırladır. Müəllim adına hörmətli etmək üçün, normal maaşı, işləmək üçün şəraiti olmalıdır.
Digər problem – məktəblərdə kişi müəllimlərin sayı getdikcə azalır. Oğlan uşaqlarının örnək alacağı yalnız qadın müəllimələrdir. Bu da, loru dildə desək, kişiliyin ölməsinə gətirib çıxarır. Son zamanlarda gənclər arasında artan əks-cinsliliyin səbəblərindən biri də budur.
Mehman Kərimov, (Bakı şəhəri, özəl məktəb): “Tez-tez regionlara gedirəm. Regionlardakı bərbad durum bu gün ən böyük problemlərimizdən biridir. Mütaliə zövqünün aşağı olmasından isə danışmağa dəyməz. İctimai apatiya və stressin yüksək səviyyəsi də göz önündədir. Gənclər savadsızdır və əksəriyyəti ictimai hadisələrə laqeyddirlər. Bunlar ümumən Azərbaycan müəlliminin problemidir, şəxsən öz problemim isə evsizlik və aşağı əmək haqqıdır”.