Qubad ibadoqlu jpeg

R. Arifoğlu: “Biz təsbit etmişik ki, AXCP sədri özü də psevdonimlə, saxta profillə yazışmalarda fəal iştirak edir, söyüş söyür, aranı qızışdırır”

İqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədə “Yeni Müsavat” qəzetinin baş redaktoruna qarşı həyata keçirilən mənəvi teroru və tərbiyəsizliyi qınayıb. Belə ki, AXCP sədri Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimovun baş redaktorun özünü və valideynlərini təhqir etməsi ölkədə siyasətlə maraqlanan bütün vicdanlı kəsimi qəzəbləndirdiyi kimi, Q. İbadoğlunun da hiddətləndirib. O, özünün fikirlərini Facebook səhifəsində bu cür ifadə edib:

“Rauf Arifoğluya qarşı sosial şəbəkələrdə yerləşdirilmiş iyrənc kollaj mənəvi-əxlaqı dəyərlərimizin hansı səviyyədə aşınmasının göstəricisidir. Bu vasitələrdən istifadə edərək opponentini gözdən salmağa hətta cəhd etmək belə tərbiyəsizlikdir. Odur ki, yalnız onu hazırlayıb sosial şəbəkələrdə yerləşdirəni deyil, ona rəvac verən, onu sifariş edənləri ciddi şəkildə qınayıram və onlara müraciət edərək belə çirkin vasitələrlə mübarizə aparmağı dayandırmağa çağırıram”.

Ölkənin tanınmış ictimai-siyasi xadiminin tamamilə korrekt , ölçülü biçili, hətta ad çəkmədən yayınladığı bu status AXCP sədri Əli Kərimlinin ən yaxın adamlarını dəliyə döndərib. Onlar dayanmadan Q. İbadoğlunun Facebook səhifəsinə yazır, onun hərəkətini pisləyir və mövqeyini dəyişməsini tələb edirlər.

Bu cür kampaniya “Yeni Müsavat” qəzetinin dəstəyinə deyilmiş hər bir sözün müəlliflərinə qarşı aparılmaqdadır.

Məlum olduğu kimi, Müsavat başqanı Arif Hacılı da AXCP ilə “Yeni Müsavat” qəzeti arasında baş verən və Əli Kərimlidən rəvac alan söz duelinə münasibət bildirərək, tərəflərə bunu dayandırmaq təklifində bulunub. Bütün AXCP funksionerləri, ehtimal olunur ki, məhz Əli Kərimlinin göstərişi ilə bu bəyanatı gecə boyunca psləməklə, Arif Hacılını isə ittiham etməklə məşğul olub.

“Yeni Müsavat” qəzetinin baş redaktoru R.Arifoğlu musavat.com-a deyib ki, bir dəstə siyasi avara sosial şəbəkədə məskən qurub və burada 24 saatlıq rejimlə, növbə çəkirlər. Və onlar “Yeni Müsavat”la, onun baş redaktoru ilə bağlı aqressiv kampaniaya aparırlar, qəzeti dəstəkləyən insanları abırdan salırlar : “Onlara baş qoşmağa vaxtımız yoxdur. Lakin hərdən cavab veririk. Bir dəstə AXCP üzvü onlar kimi düşünməyən və liderlərinə biət etməyən hər kəsi mənəvi terror edir. Biz təsbit etmişik ki, AXCP sədri özü də psevdonimlə, saxta profillə yazışmalarda fəal iştirak edir, söyüş söyür, aranı qızışdırır. Mən bütün bu işləri və sifətləri ona yaraşdırıram. Davam etsin, bu yolda onu böyük gələcək gözləyir”.

Musavat.com