Türkiyədə 2013-cü ilin dekabrında həyata keçirilmiş rüşvət və korrupsiya əməliyyatlarının bir nömrəli şəxslərindən olan azərbaycanlı iş adamı Rza Zərrabın telefon danışıqları haqda yeni xəbər yayılıb.
Virtualaz.org saytı xəbər verir ki, Rza Zərrabla onun ortağı kimi tanınan iranlı iş adamı Babək Zəncani arasındakl telefon danışığı dinlənilib.
İranın 200 milyard dollarlıq neft pulunu ölkədən qaçırdığı üçün həbs edilən Babək Zəncani telefon danışığında Rza Zərrabdan 60 milyon dollar borc istəyir.
“Böyük rüşvət və korrupsiya əməliyyatı” zamanı saxlanılan və araşdırmalar davam etdiyi müddətə 74 gün həbsdə qalan Rza Zərrabın Babək Zəncani ilə telefon danışığının olması xəbərini “Cümhuriyyet” qəzeti hökumətdəki mənbələrdən aldığı məlumata əsasən yayıb.
Qəzetin yazdığına görə, 17 dekabr rüşvət əməliyyatından sonra telefon danışıqlarının dinlənilməsinə dair məhkəmə qərarı çıxarılarkən R.Zərrabla B.Zəncani arasında telefon danışığının olduğu üzə çıxıb.
Xatırladaq ki, R.Zərrab azadlığa buraxılandan sonra mətbuata verdiyi açıqlamada B.Zəncani ilə heç bir ortaqlığının olmadığını demişdi.
Əməliyyatlar başlayandan 11 ay sonra istintaq işi yekunlaşmış və Rza Zərrabın günahsız olduğu bildirilmişdi. Lakin istintaq işində hazırlanan sənədlər arasında R.Zərrabın iş ortağı olmadığı dediyi Zəncani ilə iki dəfə telefonla danışdığı məlum olub.
Belə ki, R.Zərrabla B.Zəncani arasında 2012-ci il, oktyabrın 9-da saat 12:22-də qısa telefon danışığı olub. Zəncani Zərraba “Ritz Carlton” otelində olduğunu deyir. Zərrab isə “Halkbank”ın müdiri Süleyman Aslanla görüşdə olduğunu söyləyir.
Xatırladaq ki, Süleyman Aslan da rüşvət əməliyyatları zamanı saxlanılmış, sonradan sərbəst buraxılmışdı.
Eyni gün saat 17:41-də tərəflər arasında növbəti telefon danışığı olur. B.Zəncani bu dəfə R.Zərrabdan 30-40 milyon avro borc istəyir. 59 saniyəlik həmin danışıq belə gedib:
R.Zərrab: – Alo.
Zəncani: – Bəy, 30-40 milyon avronuz var?
R.Zərrab: – Harada?
Zəncani: – Eyni yer. Türkiyədə.
R.Zərrab: – Yoxlamalıyam. Harada qaytaracaqsan?
Zəncani: – Tehranda tümən verərəm.
R.Zərrab: – Tümən… Mən qaz yollamışam. Türkmən qazı. Yoxlayım. İnşallah, xəbər edəcəm.
Zəncani: – O işi bitirək. Məsələn, 30 milyon, ya da 50-60 milyon tümən verərəm.
R.Zərrab: – Yox, olmaz. Riyal olsun.
Zəncani: – Yaxşı, riyal olsun.
R.Zərrab: – Yaxşı.
Zəncani: – Tez həll edərsən, sənə qarşı borclu olmuş olaram.
Xatırladaq ki, Zəncani də həbsindən əvvəl verdiyi açıqlamada Rza Zərrabı tanıdığını, lakin onunla iş məqsədilə heç vaxt görüşmədiyini demişdi.
B.Zəncaninin həbsi zamanı isə İran hökuməti Türkiyə, Malayziya və Türkmənistana nümayəndələr yollayaraq Zəncaninin fəaliyyəti ilə bağlı araşdırmalar aparmışdı. Araşdırmalar zamanı Zəncani ilə Zərrab arasında ticarət əlaqələrinin olduğu təsdiqlənmişdi.