beled_iyy_e

Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması noyabrın 29-da yekunlaşıb. Azərbaycanın siyasi partiyalarının, xüsusilə müxalifətdə olanlar bu seçkilərə o qədər də ciddi yanaşmadıqlarından partiya üzvləri namizədliklərini fərdi şəkildə irəli sürüblər.

Modern.az saytı bələdiyyə seçkilərində ayrı-ayarı partiyaların nə qədər üzvünün namizədliyinin qeydiyyata alınması ilə bağlı sorğu keçirib.

Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa deyib ki,  bələdiyyə seçkilərində iştirak edəcək 310 partiya üzvünün namizədliyi qeydə alınıb. Onun sözlərinə görə,  bu, Yeni Azərbaycan  Partiyası və Ana Vətən Partiyasından sonra 3-cü nəticədir.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP ) sədri  Sabir Rüstəmxanlı isə partiyanın təxminən 400-dən çox namizədinin təsdiqləndiyini bildirib.

Ana Vətən Partiyasının Mərkəzi Aparatının rəhbəri Elçin Fəzailoğlu bələdiyyə üzvlüyünə 1000-dən artıq namizəd irəli sürdüyünü deyib. Onun məlumatına görə, partiyanın 572 üzvü namizəd kimi qeydiyyatdan keçib.

Müsavat Partiyasının başqan müavini  Elman Fəttah bələdiyyə üzvlüyünə namizədlərin sayının dəqiqləşdirilməsi prosesinin dekabrın 5-də tam yekunlaşacağını bildirib.

O deyib ki, ilkin nəticəyə görə 17 nəfərin namizədliyi təsdiqlənib. Partiyanın 30-dan çox üzvünün namizədliklərini irəli sürdüyünü xatırladan başqan müavini iddia edib ki, qeydiyyat zamanı bəzilərinin namizədliyini müxtəlif bəhanələrlə  təsdiqləməkdən imtina ediblər.  Onun sözlərinə görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasına şikayətlər edilib: “Həmin şəxslərin namizədliklərinin qeydə alınması prosesindəki pozuntularla bağlı seçkidən qabaq hesabat yayacağıq”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)  baş katibi Arzuxan Əlizadə 300 partiya üzvünün namizədliyinin təsdiqləndiyini bildirib: “Biz çalışdıq ki,  bütün ölkə üzrə bələdiyyələri əhatə edək. 300 nəfərdən çox üzvümü namizədliyini irəli sürmüşdü. Sadəcə, bəzi kənd rayonlarında  məmurların müdaxiləsi səbəbindən  partiya üzvləri  üzvlük vərəqələrini təqdim etməyiblər. Həmin vərəqə olmadan namizədlik irəli sürmək mümkün deyil”.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun sözlərinə görə, hakim partiya dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşır.

“Biz 84 rayon və şəhər üzrə seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. YAP tərəfindən ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyi irəli sürülmüşdü və onlardan da 15 min nəfərə yaxını imza vərəqələri almışdı. Konkret rəqəmlə desək, 15035 nəfər namizəd irəli sürmüşdük. Onların da 14 861-i dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb”.