Azərbaycanda bir qrup adam var. Onlar illərdir “Yeni Müsavat”ı və Rauf Arifoğlunu təftiş etməklə məşğuldurlar. Nə yazılsa, nə deyilsə özlərinə sərf edən tərəfdən şərh edirlər. Axırıncı olayda da belə oldu. Batumda baş verən məlum qalmaqal bunlara R.Arifoğlunu və onun rəhbərlik etdiyi qəzeti söyməyə, söydürməyə fürsət yaratdı. Bir qəzetçinin görüb şahid olduğu hadisə haqda reportaj hazırlayıb onu çap etməsinə bunlar feodalcasına təpki göstərdilər. Özünü araşdırmaçı jurnalist, vəkil, iqtisadçı adlandıran, bir sözlə demokrat olduqlarını hər addımda iddia edən bu adamlar təsəvvür edin ki, Rauf Arifoğlunu məhz görüb şahid olduğu hadisə haqda reportaj hazırladığı üçün günlərdir söyürlər.
Demokratiya mantiyası geyinmiş bu yırtıcılar bizi daha nələrdə suçlamırlar. Xədicə İsmayılova, onun ətrafındakılar, REAL-ın bir neçə üzvü bizi hakimiyyətə satılmaqdan tutmuş siyasi məhbusların azadlığa çıxmasına əngəl törətməyə qədər, bir çox məsələlərdə ittiham edirlər. Bu ölkənin ən məşhur siyasi məhbusu olub Rauf Arifoğlu zamanında. Özü də iki dəfə. “Yeni Müsavat”ın baş redaktoru siyasi məhbusluğun nə demək olduğunu çox yaxşı bilir – çünkü məhbusluğu bilavasitə yaşayıb. Ən ağır şərtlərdə. İllərlə ölüm təhlükəsi altında qəzet buraxıb. Azərbaycanda demokratiyanın, söz azadlığının bərqərar olması naminə iki dəfə həbsə girmiş adamı siyasi məhbusları müdafiə etməməkdə suçlamaq dünyanın ən böyük həyasızlığıdır. Hər gün öz qəzetində, saytlarında Azərbaycanın siyasi məhbusları haqda xəbərlər dərc edən, o siyasi məhbuslara azadlıq tələb edən müsahibələr, köşələr verən bir baş redaktora bu sözü demək sadəcə şərbazlıq deyil, bu, həm də sistemli fəaliyyətdir, qaralama, gözdənsalma kampaniyasıdır. Müxalifət düşərgəsinə aid bütün layihələrin, quruluşların məhv edilmək üzrə olduğu bir vaxtda ən böyük müxalif tribuna olan “Yeni Müsavat”ın, musavat.com-un ayaqda qalması, tirajını artırması, böyümək çabası göstərməsi bu dəstənin üzvlərini üzrəmiziə daha çox gəlməyə vadar edir. Onlar uğurlu layihələri, tirajı çox olan qəzetləri, saytları, sevmirlər. Sevə bilmirlər. Bu imkandan məhrumdurlar. Allah bunları bu cür bədbəxt yaradıb.
***
Siyasi amillə kimsə həbs olunur – manşetdən veririk, prokurorluğa, yaxud evinə müxbir yollayırıq, saytda online reportaj veririk, vəkilinin, yaxınlarının mövqeyini dərc edirik. Və bütün bunlar da video-foto materilların müşayiəti ilə yayımlanır. Türməyə düşən ən qatı əleyhdarımızı belə müdafiəsiz qoymuruq. Onun ailəsindən reportaj veririk, özünün türmə məktublarını dərc edirik, vəkilinin ən xırda mesajını, açıqlamasını dərhal yayınlayırıq, məhkəməsindən (harada keçirilməsindən asılı olmayaraq) səhifə-səhifə reportajlar hazırlayırıq. Bu proses illərdir davam edir. Hətta R.Arifoğlu özü türmədə olanda da “Yeni Müsavat”ın bu işi axsamayıb.
Əslində Azərbaycanda ən böyük hüquq müdafiəçisi də, demokrat da Rauf bəydir, onun rəhbərlik etdiyi fədəkar kollektivdir. O və komandası bu işi təmənnasız edir. Hətta müdafiə etdiyimiz siyasi məhbuslardan, onların ailələrindən quruca “sağ ol” da ummuruq. Nəinki ummuruq, yeri gələndə ən müxtəlif yardımları belə əsirgəmirik. Fəqət siyasi məhbusların əzabından, onların ailələrinin göz yaşlarından, iztirablarından maddi və siyasi dvident götürənlərin özümüzə qarşı belə hərəkətlərini görəndə adamı dəhşətli hisslər bürüyür. Düşünürsən ki, bunca işdən sonra bizə qarşı belə sözləri deyən, haqqımızda qara “piar” kampaniyası aparan adamlar normal düşüncəyə, psixologiyaya, həyat tərzinə malik ola bilməzlər.
Təsəvvür edin, Xədicə İsmayılova “Yeni Müsavat”ın professor İlham Rəhimovdan müsahibə almasını bizim Putinə satılmağımız, Rusiya iqtidarına işləməyimiz kimi şərh edib. Zehniyyətə bax sən: kiminlə müsahibə götürürük, hansı dövlətin başçısı haqda yazırıq, bunların məntiqinə görə o adama, o dövlətə işləyirik.
“Yeni Müsavat”a qarşı aparılan bu alçaq və şərəfsiz kampaniyanın əsas dİrijorlarından biri də Əli Kərimlidir. Onun icazəsi, işarəsi olmasa bir cəbhəçi haqqımızda sosial şəbəkədə nəsə yazmaz. Komanda verib zombilərinə. Hətta telexroniteli də bizi facebookda söyməyə başlayıb.
Əli Kərimlidən söz düşmüşkən. AXCP sədrinin sifarişi ilə “Azadlıq” qəzeti ötən sayda Rauf Arifoğlunun əleyhinə 1 səhifə yazı hazırlayıb. Xədicə və “dostlarının” facebookda yazdıqları yalan, iftira və söyüş dolu statusları, şərhləri olduğu kimi qəzetə veriblər. Amma bir cümlə də olsun “Yeni Müsavat”ın, Rauf bəyin mövqeyini dərc etməyiblər. Halbuki 3-4 gündür baş redaktorumuz bu mövzuda xeyli açıqlama verib, üstəlik özü facebookda, qəzetdə geniş məqalə yazıb. Bax, Əlinin, “Azadlıq”ın rəhbərliyində təmsil olunanların demokratlığı, söz azadlığına, fərqli mövqeyə olan münasibəti bu cürdür. Sən bir baş redaktor haqda bütün iddia və iftiraları çap et, amma qarşı tərəfin bircə cümləsini vermə. O zaman hakimiyyəti niyə qınayırsınız, niyə ondan fərqli mövqeyə, alternativ fikrə dözümlülük tələb edirsiniz? YAP iqtidarı da sizin kimi edir – söyür, ittiham edir, şərləyir, amma söydüyü, ittiham etdiyi, şərlədiyi tərəfin mövqeyini görməzdən gəlir.
***
Hamısı cavabını alacaq. Necə ki indiyədək alıblar. Əlilərə, xədicələrə, xalidlərə və s. cavabı tək biz vermirik. Ən yaxın, ən sadiq müttəfiqimiz olan əlahəzrət ZAMAN belələrinin cavabını bizdən də gözəl verir. Bəzən heç bizim ağzımızı açmağımıza gərək qalmır. Zaman özü hər kəsi və hər şeyi yerbəyer edir…