FaktXəbər-in verdiyi məlumata görə, cəbhədə təmas xəttini keçən erməni helikopterinin vurulmasına görə, Ermənistan ordusunda general vəzifəsindən azad edilib. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyanın sərəncamı ilə general-leytenant, Ermənistanın baş hərbi müfəttişinin birinci müavini Leonid Martirosov tutduğu vəzifədən azad edilib.
İstefaya səbəb kimi Ermənistan ordusunun son günlərdəki hərbi uğursuzluğu, erməni vertolyotunun Azərbaycan tərəfindən vurulması göstərilir. Sərəncamın tam mətni prezidentin saytında dərc edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən keçirilən son təlimlər zamanı düşmən hərbi aviasiyası cəbhəyanı zonada 3 gün provokasiya xarakterli uçuşlar həyata keçiriblər. Davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası noyabrın 12-də daha açıq şəkildə döyüş kursuna çıxaraq, uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib. Cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Silahlı Qüvvələrimiz tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.
Silahlı Qüvvələrimiz tərəfindən vurulan Ermənistan ordusunun hərbi helikopterinin ölən pilotlarının adları və rütbələri bəllidir. FaktXəbər-in erməni mənbələrinə istinadən verdiyi məlumata görə, ölənlər komandir – mayor Sergey Saakyan, heyət üzvləri – baş leytenant Sərkis Nəzəryan və leytenant Azat Saakyandır.