REDAKSİYADAN: Aysel Əlizadənin bu köşəsini 125-lər Siyasi Klubunun İntiqam Əliyevin həbsinə etiraz olaraq keçirdiyi yazı müsabiqəsinə dəstək olaraq layihə çərçivəsində təkrar yayınlayırıq:
Avropa Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları ilə həll olunmasını istəyir. Hər halda, gerçəkləşdirilən layihələr, verilən mesajlar bizdə bu təəssüratı oyadıb. Təmas xəttində vəziyyət gərginləşdi, lokal savaş yaşandı və xəbər yayıldı ki, Rusiya prezidenti hər iki ölkə başçısını Soçidə görüşə dəvət edib. Gecə — gündüz yatmaz olduq, Soçi görüşünü gözlədik. Ölkə başçıları Soçiyə gedib sambo yarışına baxıb idman zövqlərini artırdılar. Biz də mat qaldıq.
Sambo rusların idman növüdü, SSRİ- də daha çox populyar idi. Ruscada “Samooborona bez orujiya” (silahsız özünü qoruma) sözlərinin qısaldılmış versiyasıdı. Cənab Putin siyasətə yeni simvolik tərz gətirir, neynir… Düşünürdük ki, Azərbaycan Gömrük İttifaqına ona görə qoşulmur ki, ciddi-ciddi Avropaya meyllənir. Ölkə başçısı Rusiya prezidenti ilə görüşdüyü mərhələdə Azərbaycanın ən nüfuzlu adamlarından biri, hüquq müdafiəçisi İntiqam Əliyev həbs olunur. Ops! 25 ildi ölkədə insan hüquqlarını müdafiə edən, ədalət istəyən, kitablar yazan, yüzlərlə tələbə yetişdirən İntiqam Əliyev öncə Atatürk hava limanında döyülür, sonra vətəndə həbs edilir. Bu nə deməkdi, o deməkdi ki, İntiqam müəllim, sizin öz hüquqlarınızı qoruyan lazımdı. Bu o deməkdi ki, qardaş ölkədə vəziyyət daha betərdi. Generalları həbs edilən, uşaq-muşağın üstünə zopalı polislər göndərilən bir ölkədə hüquq müdafiəçisinin döyülməsi adi haldı. Bu necə qardaşlıq oldu, biz onu anlamadıq. Artıq neçənci dəfədi Türkiyənin hava limanında azərbaycanlının incidildiyini eşidirik. Deyək ki, Türkiyə demokratikləşmək istəmir, ancaq biz istəyirik. Avropaya inteqrasiya etməyi arzulayırıq.
Avropa demokratik dəyərlərə söykənir. Demokratik meyarlardan biri ölkələrdə açıq cəmiyyətin yaradılması üçün vətəndaşlıq səriştəsi olmayan, maraq və hüquqlarını qoruya bilməyən insanlara kömək edəcək uzmanların mümkün qədər çox olmasıdı. Bu halda hüquq müdafiəçisinin həbsİ Avropa dəyərlərinə ziddi axı. Bu, antidemokratik ölkələrin modelidi. İndi biz nəçi olduq? Avropalaşmaq istəyən ölkədə necə olur ki, təkcə İntiqam bəyin imzasıyla Avropa İnsan Haqları Məhkəməsinə üç yüzdən artıq müraciət göndərilir. Bu pozuntuları İntiqam bəy özündən yazmadı ki. Vətəndaşların şikayətini hüququn dili ilə ifadə etdi sadəcə. Və bu təkcə bir hüquqçunun müraciət statistikasıdı. Həbslərinsə sayı getdikcə artır. Demək, biz özümüzü aldadırıq. Avropaya-zada inteqrasiya etmirik. Demək, bizim “Eurovision” müsabiqəsinə ciddi-cəhdlə qatılmağımız, burda müsabiqəni ən yüksək səviyyədə təşkil etməyimiz bayağı azərbaycanlı şöhrətpərəstliyindən başqa bir şey deyil. Rusiyadan qurtuluş yoxdu. Ancaq Rusiyayla xilas da yoxdu. Rusiyadan şovinizmin, tiranlığın düsturun öyrənmək olar. Buna görə də azadlıq istəyənlər Rus imperiyasından qaçır, sığınmağa yer axtarır. Biz də illərdi qaçırıq, ancaq finişə hələ çoox var deyəsən. Hüquq pozuntuları, həbslər və ən ağrılısı, həlli olmayan Qarabağ problemi davam edir…