71969_res_01

Ötən ilin 17 dekabrında Türkiyədə yaşanan korrupsiya qalmaqalı ilə bağlı istintaq işləri davam edir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3 nazirin istefasına, ölkədə böyük siyasi qalmaqala səbəb olan hadisələrdə baş rolda yer alan İran əsilli azərbaycanlı milyarder Rza Zərrabın istintaqa verdiyi ifadənin yeni təfərrüatları məlum olub.

Rza Zərrab keçmiş nazir Egemen Baxışın oğlunun evindən çıxan qutulardakı milyonlarla bağlı ifadə verib. Xəbərə görə iş adamı həmin pulların nazir oğluna onun tərəfindən göndərilməsinə dair ittihamları rədd edib.

Rza Zərrab nazirin evinə göndərdiyi deyilən şokolad qutusundakı 500 min dolları əslində həyat yoldaşı, türkiyəli müğənni Ebru Gündeşə göndərdiyini deyib. O, bu pulu Ebru Gündeşə ad günü hədiyyəsi olaraq şokaladla birlikdə göndərdiyini və kredit borcunu ödəməsi üçün verdiyini iddia edib.

Bununla belə R.Zərrab nazirin evinə bayramda şokalatd qutusu göndərdiyini və qutunun içində pul olmadığını söyləyib. R.Zərrab nazirə bayram hədiyyəsi olaraq “Vakko” markalı köynək də göndərdiyini təsdiqləyib.

Egemen Baışın evində qulluqçu işləyən Mariya adlı qadın da istintaqa ifadə verib. O, ifadəsində həmin gün nazirin evinə paket gəldiyini təsdiqləyib.

“Nazirə onun üçün paket göndərildiyini dedim. Nazir mənə dedi ki, “xəbərim var, get götür”. Qutunu açdım. İçində şokoladdan başqa heç nə yox idi. Həmin günlərdə başqa hədiyyə və ya paket gəlməmişdi. Gəlsəydi xəbərim olardı”- deyə Mariya bildirib.

R.Zərrab bu il may ayının 5-də itintaqa ifadəsində istefa verən digər nazir Zəfər Çağlayana Türkiyənin Muş vilayətində orta məktəbin tikdirilməsi üçün 2 milyon TL göndərdiyini demişdi.

Əlavə 2 milyon TL isə Ramazan ayında təşkil olunan yardım kampaniyalarına görə nazir Çağlayana göndərdiyini deyən R.Zərrab 1 milyon TL-də məscid tikdirilməsi üçün nazirə verdiyini ifadə etmişdi.

Lakin R.Zərrab may ayının 21-də ifadəsinə düzəliş edərək nazirə verdiyi pulların miqdarını dəyişib.  “Məktəb tikintisi üçün 1 milyon TL, Ramazan bayramı üçün 1 milyon TL göndərmişəm. Məscidə etdiyim köməyi də birbaşa özümüz etmişik. Səhv eləmirəmsə bu məscid Kasımpaşada idi”- deyə iş adamı bildirib.

Xatırladaq ki, ötən ilin sonunda istefa verən Muammer Güler, Zəfər Çağlayan və Egemen Baxışın azərbaycanlı iş adamı R.Zərrabdan rüşvət alaraq çirkli pulların yuylmasına şərait yaratdıqları deylirdi.