Ötən gün Sumqayıt şəhərinin 14-cü məhəlləsində, Şahmat məktəbinin arxasında ağacların kəsilməsi zamanı qarşıdurma olub.
Xeberle.com saytına istinadən xəbər verir ki, saytın əməkdaşı ağac kəsənlərdən bunu hansı təşkilatın göstərişi ilə həyata keçirdiyini soruşan zaman onlar kamera və fotoaparatı görən kimi ərazidən uzaqlaşıblar.
Məhəllə sakinləri bildiriblər ki, ağacların kəsildiyini görəndə mane olmağa çalışıblar: “Dedilər ki, ağacları budayırıq”.
Sakinlərin tikinti şirkətinin işcisi kimi tanıdığı Arzu adlı şəxs isə ağacların cürüyüb, quruduğuna görə kəsdiklərini söyləyib.
Sakinlər bildirib: “Sağlam ağacları isə budama adı ilə doğrayırlar. Axşam saatlarında isə xəlvət gəlib kökündən çıxaracaqlar.”
Sakinlər ərazidə növbəti yeni hündürmərtəbəli binanın inşa ediləcəyinə görə ağacların kəsildiyini bildiriblər: “Dəfələrlə Sumqayıt şəhər icra hakimiyyəti və şəhər yaşıllaşdırma idarəsinə müraciət etmişik. Şikayətlərimizə baxan yoxdur”.
Sakinlərlə Arzu adlı şəxs arasında qarşıdurma da baş verib. Onu da qeyd edək ki, sözü gedən ərazinin böyük bir hissəsindəki ağaclar artıq kəsilib.