Həmin axşam 19:00 da tamaşa olacaqdı.
Öncədən planlaşdırdıq hər şeyi.
Rəfiqəmin doğum gününü keçirmək üçün bir az tez görüşdük.
Tortumuzu kəsəndən sonra yollandıq teatra.
Zala girəndə şaşırdıq. Boş idi. Sonra səhnəyə baxdıq. Yenə şaşırdıq. Gördük səhnədə kənar boyu üç sıra başabaş düzülən kreslolarda izləyicilər oturub. Auditoriyanın yeri səhnədə salınıb.
Mesajı həmən aldıq. Biz – tamaşaçılar sənətə yaxınlaşmalıyıq.
Daha sonra aktyorlar iki bir, üç bir hiss olunmadan səhnəyə “sızıb”, məşq prosesini xatırladan xaotik bir göstəriyə başladılar. İlk baxışdan arlekinadaya bənzəyən göstərini izlədikcə aydın oldu ki, bu, ssenariyə uyğun xaosdu. Tamaşa artıq başlayıb.
Quruluşdakı interpretasiya izləyənləri doğrudan da TAMAŞAçıya çevirə bilirdi. Tamaşaçı oyuna (tamaşaya) yaxın idi, özünü olayın iştirakçısı kimi hiss edirdi.
İlk dəfəydi Azərbaycan teatrında improvizə və orijinal arasında sərhəd aydın görünürdü. Nəyin rejissor tapıntısı, nəyin yazıçının çılpaq mətni olduğunu bilmək olurdu. Su qabda rahat olan kimi, əsər (yazıçı işi) quruluşun içində (rejissor işi) özünü rahat hiss edirdi. Və bu, teatr sənətinin qüdrətini o qədər aydın göstərirdi ki, teatrın həyata düzəliş üçün yarandığını bütün varlığımızla hiss edirdik. Sənətsiz həyat solğun, maraqsız bir yaşam sürəsi olardı. İllərdi Azərbaycanda müxtəlif teatrlarda müxtəlif tamaşalara baxan biri kimi deyə bilərəm. Gördüyüm ən orijinal, novator tamaşa idi. Dramadan “Pantomim”ə, “Yuğ”dan “Oda”ya, “Rus Dram Teatrı” qarışıq “Musiqili komediya”, “Kukla teatrı”, Sumqayıt, Lənkəran, Şuşa teatrlarının hamısının oynadığı tamaşaya baxmışam. Teatrla münasibətlərim çox yaxşıdı. Son illər ən çox bəyəndiyim tamaşa “Azdrama”da qoyulan “Varlı qadının gəlişi” və “Əziz Pamela” olub. Aktyorlarımız pafosdan, şüar(çı) intonasiyasından qurtulur, deyəsən. Fransız yazıçı Somerset Moem “Teatr” romanında rejissorun dilindən aktrisaya teatr sənəti haqda çox ciddi fikirlər deyir. Tez-tez bu fikri yazılarımda verirəm. Hər dəfə bircə aktyorumuz bu fikri oxusa, qənimətdi.
“Səhnədə təbii olma, təbii görün” . Aktyorluğun qüdrəti bundadı. Həmişə düşünmüşəm ki, Rasim Balayev, Şəfiqə Məmmədova hansı obrazı yaratsalar uğurlu alınacaq. Çünki özlərini oynamırlar. Məhz obraz yaradırlar. Obrazlarında öz qablarındakı kimi təbii görünürlər. Cəfər Cabbarlının aktyor haqda dediyi şedevri diqqətinizə çatdırıram: “Aktyor bir rəssamdı ki, çəkdiyi rəsm özüdü. Aktyor bir heykəltaraşdı, yaratdığı heykəl yenə də özüdü. Aktyor canlı bir ədəbiyyatdı…”
Aktyor plastilindi. Özündən fiqurlar düzəldir. Bu fiquru ən yaxşı düzəldənlərə sənətkar deyirik.
Rus dramaturqu (şair, çevirmən, tənqidçi, nasir və s.) Valeriy Bryusovun sənət haqda essesində belə bir fikir var: “İnsanlar düşünürlər ki, sənət onların ən kiçik ehtiyac və tələblərinin karına gəlməlidi. Orda özlərini axtarırlar. Sənətə həyatın güzgüsü kimi baxırlar. Ancaq yaradıcılıqda həyatın kopyasını axtarmaq yanlışdı. Məsələn, dram ədəbiyyatla heykəltaraşlığı özündə birləşdirir. Hadisəni dekor tamamlayır, ancaq dekorun arxasında yenə də gerçək həyat var. Pərdəarxasındakı aktyor artıq səhnədəki şahzadə Hamlet deyil”.
Bu esseni oxuyanda kiçik hekayəmi xatırladım. “Pərdə endi, böyük Hamlet dönüb oldu kasıb bir aktyor”. Sənət budu. Reallıqla yaradıcılıq arasındakı sərhədi göstərə bilən vitrin. Ancaq aktyor səhnə arxasında da aktyordu. Pərdə endikdə Hamlet cildindən çıxsa da, sənətkar cildində qalır. Sənətkarlıq yaradıcı adamdan kənar bir qavram deyil. Onlar iç-içə olan nəsnələrdi. Məsələn, yazıçı rəfiqəm deyir ki, mən yazı prosesindən kənarda yazıçı olmuram. Adi adam oluram. Bu, mümkün deyil. Çünki istedad qısa sürəlik bir başarı deyil. İstedad pontdu. İstedad stildi. O həmişə insanın üstündədi və demək olar bütün situasiyalarda görünəndi.
Yaradıcı adamlar peşəkar prosesdən kənarda istedadsızlaşa, adiləşə bilməz. Bu mənada, mən İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesini belə bir modernistik quruluşda izləyəndə yalnız rejissorun istedadını görürdüm. Rejissor mənim üçün həm fiziki, həm ruhsal anlamda orda idi. Tamaşa elə bu cür də bitdi. Sonda guya öz özlərinə əsəri məşq edən aktyorların “arlekinadası”na yaxınlaşdı. Bir siqaret yandırdı və səssizcə səhnədən çıxdı. Tamaşada hər detalın öz anlamı vardı. Məsələn, boyhaboy asılan pərdələrin bütün tamaşa boyu ayaq altda qalmasından tutmuş, səs qarışıqlığında bir qızın “teatr budu? Burda hamı qışqırır ki” deməsinə qədər.
Rejissorun sakitcə səhnədən keçməsi isə…bəzən düzəlişə, nəzarətə, bəlkə quruluşun özünə gərək yoxdu anamına gəlirdi. Bəzən prosesi idarə edənə də gərək yoxdu. Hər şey bəlkə də öz-özlüyündə, təbii olaraq, çay axını kimi öz mənbəsinə doğru idarə olunur. Bütün bu təəssüratları bizdə oyadan 45 il GTT da külüng döyən, əllidən çox tamaşa qoyan Vaqif Əsədov və onun istedadlı komandası oldu.
Təbii görünürdüz, dostlar. Möhtəşəm idiniz!