70831_res_01

Rusiyanın indiki hakimiyyətinə münasibətdə qatı müxalif mövqedə dayanan məşhur rus kino və teatr aktyoru Aleksey Devotçenkonun bu gün meyiti tapılıb.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva polisi bu cinayət hadisəsinin adi kriminal xarakter daşıdığını ehtimal etdiyini bildirib.

A.Devotçenkonun meyitini onun yaxınları giriş qapısının yaxınlığında tapıblar. Cəsəd qan gölməçəsinin içində olub. Aktyorun hansı şəraitdə öldürülməsi barədə heç bir təfərrüat açıqlanmır. Yalnız o məlumdur ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparmağa başlayıblar.

Maraqlıdır ki, Moskva polisi paytaxtda 1965-ci il təvəllüdlü gənc bir kişinin öldürüldüyünü təsdiqləyib, amma onun adını rəsmən açıqlamaqdan imtina edib.

Teeatr və kino həvəskarlarının “Бандитский Петербург”, “Бандитский Петербург 2” və “Убойная сила” ekran əsərlərindən tanıdığı 49 yaşlı aktyor geniş ictimai fəaliyyətlə də məşğul idi. O, “Narazıların marşı”nın iştirakçısı kimi prezident Vladimir Putinin istefasını tələb edən petisiyanı imzalamışdı. Aktyor 2011-ci ildə Putinin verdiyi “Rusiyanın əməkdar artisti” fəxri adından və iki dövlət mükafatından nümayişkaranə şəkildə imtina etmişdi. A.Devotçenko həmçinin 2014-cü ilin martında Rusiyanın Ukraynaya hərbi təcavüzünü və Krımın ilhaqını pisləyən bəyanata imza atmışdı.