putin-zieht-soldaten-von-ukraine-grenze-ab_855670522_800x600_3e7833498bb386822162942ce4dd6adb

Professoru Qerxard Manqott : “Putin çox gümrah görünür, yanaqları qıpqırmızıdır; xarici görünüşünə görə onu xəstə hesab etmək olmaz”
Bir neçə gün öncə Amerikanın “New York Post” qəzeti Vladimir Putinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkməsi barədə məlumat yayıb. Məqalə müəllifi “Putinin bundan sonra 3 il yaşaya bilər”, qənaətinə gəlir. Qəzetin müxbiri Riçard Conson şəxsi mənbəyinə istinadən yazırdı ki, Rusiya prezidentinin müalicəsi ilə Drezdendən olan 84 yaşlı həkim məşğul olur. Həmin həkimlə Vladimir Putin hələ KQB zabiti kimi Şərqi Almaniyada xidmət edərkən münasibət yaradıb. Həkim xəstənin müalicəsində bir sıra kimyəvi tərkibli dərmanlardan istifadə edib. Məhz həmin dərmanların təsiri ilə Vladimir Putinin xarici görünüşündə müəyyən dəyişikliklər baş verib. Jurnalist onu da qeyd edib ki, Drezdendən olan həkim bu yaxınlarda Putinin müalicəsini yarımçıq kəsib. Yaşlı həkim Rusiyaya gəlib-getməkdən bezibmiş və həmişə prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə münaqişəyə girişirmiş.

“Ancaq Consonun bu informasiyası nə qədər doğrudur?”, Almaniyanın “Focus” jurnalının əməkdaşı Paul-Nikols Hinç soruşur. Birinci fakt: “Putinin xərçəng xəstəsi olması barədə xəbərlər əvvəllər də dövriyyədə olub. Hələ 2003-üncü ildə Putində mədəaltı vəzi xərçəngi “tapılmışdı” və uğurla da “müalicə olunmuşdu”. Elə o vaxtdan da belə şayiələr çoxalmağa başladı. Onun ayağına yazılan xəstəliklərin sayı da çoxaldı. Bu xəstəliklərin əksəriyyəti də xərçənglə bağlı idi. Sümük xərçəngi, beyin xərçəngi… Belə çıxır ki, ya Putin ölməz adamdır, ya da bütün bunlar Qərbin uydurmasıdır. İkinci fakt isə odur ki, əgər Putin doğrudan da xəstə olsaydı belə Rusiya heç vaxt bunu etiraf etməzdi. Bu məsələdə Rusiyanın öz ənənəsi var. Məsələn, Brejnev və ya Andropovun xəstəliyi axıra qədər gizlədildi”, bu fikir isə Rusiya üzrə ekspert olan almaniyalı Eberxard Şnayderə məxsusdur.

Üçüncü fakt isə odur ki, mədəaltı vəzi xərçəngi, xərçəng xəstəlikləri arasında ən təhlükəlisi sayılır: “Belə bir xəstəliyə tutulan insanın 5 il yaşama şansı 2-4 faiz arası mümkün sayılır”. Maraqlıdır ki, almaniyalı ekspert Şnayderin xanımı məhz bu xəstəlidən dünyasını dəyişib. Ona görə də şəxsi təcrübəsindən bilir ki, bu xəstəlik insana işləməyə, kütlə qarşısında çıxış etməyə mane olmur. Ancaq sona yaxın xəstəlik özünü daha aydın şəkildə göstərir.

Bu yaxınlarda Vladimir Putinlə görüşmüş İnsburq universitetinin professoru Qerxard Manqott prezidentin xəstə olması ehtimalını ağlabatan hesab etmir: “Putin çox gümrah görünür. Yanaqları qıpqırmızıdır. Xarici görünüşünə görə onu xəstə hesab etmək olmaz”.

Bu arada isə Putinin xəstəlik ehtimalını qəbul edənlər onun son davranışlarına istinad edirlər. Onların düşüncəsinə görə, Putin Krımı Rusiyaya birləşdirməklə və şərqi Ukraynada münaqişə yaratmaqla “dəmiri isti-isti döyməyə çalışır. Bu baxımdan yanaşanda demək olar ki, Putin xəstədir. O, tarixdə mənfi imiclə qalmaq istəmir”, Şnayder belə deyir. Cənab Maqott da onunla razılaşır: “Ancaq bu təkcə tarixlə bağlı deyil. Putin onsuz da Rusiya tarixinə düşmüş adamdır”.

“Əgər Putində heç bir xəstəlik yoxdursa, onda bu qədər şayiə nədən yayılsın ki?”, məqalənin müəllifi belə bir sual verir və öz sualını da belə cavablandırır ki, bu şayiə Qərbə lazımdır. Bu kimi şayiələr Rusiya prezidentinin beynəlxalq siyasi arenada nüfuzunu xeyli aşağı salır. Məhz elə bu səbəbdəndir ki, bütün bu şayiələr Qərbdən qaynaqlanır və yayılır.

“Bu, sensasiya dalınca qaçmanın arxasında Qərblə Rusiya arasında gedən informasiya müharibəsi dayanır”, cənab Manqott bildirir.

Rusiya prezidenti Vladimir Putinin xərçəngə tutulması və 3 il ömrünün qalması ilə bağlı Amerika mətbuatında yayılan iddialara prezidentin mətbuat katibi reaksiya verib. Dmitri Peskov qısaca olaraq “Gözləməsinlər, onların dili qurusun, hər şey qaydasındadır” cavabını verib.

Musavat.comimg1666881