1

İŞİD döyüşçülərinin ələ keçirdiyi iki bina, tank və pulemyot sıradan çıxarılıb.

Türkiyənin Suriya ilə sərhədinin bir addımlığında İŞİD-lə küçə döyüşlərinin getdiyi Kobani hələ də dünyanın ən qaynar nöqtəsidir. İŞİD burda yeni mövqelər ələ keçirib. Onların arasında kürdlərin inzibati binaları da var.

Oxu.Az xəbər verir ki, ANS TV-nin Türkiyə bürosunun məlumatına görə, Amerika ordusu Kobani şəhəri ətrafında İŞİD-in mövqelərinə hava zərbələrini gücləndirib. 9 hava zərbəsi nəticəsində şəhərin cənubunda İŞİD döyüşçülərinin ələ keçirdiyi iki bina, tank və pulemyot sıradan çıxarılıb. Kobaninin şimal hissəsində isə İŞİD döyüşçülərinin gizləndiyi iki binanın bombalanaraq məhv edildiyi bildirilir. Amma bununla belə silahlıların şəhərin mərkəzinə doğru irəlilədiyi, hazırda Kobaninin üçdə birinə nəzarət etdiyi deyilir. Kobanini ələ keçirmək üçün İŞİD digər şəhərlərdən də əlavə qüvvələr cəlb edir.

26 günlük döyüşlərin getdiyi Kobani İŞİD üçün böyük bir strateji əhəmiyyətə malikdir. Kobanini ələ keçirməklə İŞİD həm də Türkiyə ilə Suriya sərhədinin uzun bir hissəsinə nəzarət etmiş olacaq.

Artıq İŞİD silahlıları İraq və Suriya ərazisinin böyük faizini ələ keçirib. 400 minlik əhalisi olan Kobaniyə də girə bilsə, İŞİD-in bölgəyə nəzarəti tam güclənəcək. Kobanidə vuruşan kürd döyüşçülərinin komandiri deyib ki, İŞİD silahlıları əvvəlki günlərlə müqayisədə daha mütəşəkkil və yaxşı silahlanıblar. Eyni zamanda hücumları da daha dəqiq təşkil olunur. Vaşinqton bəyan edib ki, yalnız hava zərbələri ilə Kobanini İŞİD-dən azad etmək mümkün deyil. Burada quru əməliyyatlara isə Türkiyə razılıq vermir. NATO baş katibi ilə görüşündə Türkiyə xarici işlər naziri Mövlut Çavuşoğlu Türkiyədən ekstremistlərə qarşı quru əməliyyatlara başlaması ilə bağlı gözləntilərin hələ ki, qeyri-real olduğunu deyib. Bununla belə nazir bildirib ki, ümumi qərar qəbul edilərsə, Türkiyə öz payına düşən vəzifələri yerinə yetirəcək.