Avropa Komissiyasın sədri Joze Manuel Barrosunun Rusiya prezidenti Vladimir Putinlə bağlı verdiyi açıqlama ətrafında diplomatik skandal böyüyür.
Modern.az saytının rus KİV-nə istinadən verdiyi məlumata görə Barrosunun “Putin Kiyevi iki həftəyə ala biləcəyini bəyan edib” deməsindən sonra Kreml dairələri hərəkətə keçib.
Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov bununla bağlı Barrosuya məktub ünvanlayıb. O, məktubda bildirib ki, Rusiya Prezident Administrasiyasında Kreml rəhbəri Vladimir Putinlə Barrosu arasında olan telefon danışığının audioyazısı var.
“Biz bütün anlaşılmazlıqları aradan qaldırmaq üçün telefon söhbətinin audioyazısını yaymağa hazırıq”.
Qeyd edək ki, İtaliyanın “La Repubblica” qəzeti Avropa Komissiyasının sədri J.M.Barrosuya istinadən Vladimir Putinin Ukrayna üçün təhdid xarakterli çıxış etdiyini yazıb.
Məlumata görə Avropa İttifaqına üzv ölkələrin liderləri Putindən Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi məsələsi barədə sual verərkən Kreml rəhbəri sərt cavab verib.
Barrosu sözügedən qəzetə belə deyib: “Putin Kiyevi iki həftəyə ala biləcəyini dedi”. Bildirək ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə Putinin fikirlərinin kontekstdən çıxarıldığını və Barrosunun bu davranışının diplomatik çərçivələri aşdığını demişdi.