ayselelizade
Bakı şəhərində çalasız, abad, yamaqsız yol tapanda sevinirsiz? Denən, nerdeee… Üç-dörd il öncə salınan yollar, silinən pullar vardı ha, onlar necə oldu görən. Hər dəfə yol gedəndə məni bu sual öldürür. Heç cür cavab tapa bilmirəm. Belə sualların əslində heç cavabı olmur. Hardan olsun, kim cavab verəcək… 

Və bu suallarla dolu yolların fonuna “Dərnəgül yolu” xüsusi naxışdı. Ora yadınıza düşəndə qanınız qaralır, bilirəm. O üzücu yol… Hara getdiyi, niyə elə olduğu bilinməyən, prinsipləri tez-tez deyişən yer . Gəlin oranın adını” yolsuzluq prospekti” qoyaq və biryolluq bu məsələni özümüz üçün çözək. Belə məqsədəmüvafiq olar. Məqsəd və müvafiq sözünü birləşdirmək kimin ağlına gəlibsə çox düz iş görüb. Düzdü, bu sözlərin heç biri bizim dildə deyil, bunu vurğulamağı özümə borc bilirəm, ancaq məzmunu bizə çox uyğundu. Çünki bizdə kimsəyə məlum olmayan gizli məqsədlər olur və nəticə də bu məqsədlərə çox müvafiq olur.

Məsələn, Dərnəgil yolunun illərdi o gündə qalması məqsədlə müvafiqlik arasında düz mütənasibdi. Olduqca məqsədəmüvafiqdi yəni. Ona görə də Bakı əhlinin əbədiyaşar və heç vaxt düzəlməyəcək problemlərindən birinin adını çəkmək lazım gəldikdə tez “yolsuzluq prospekti” ni xatırlayıb, deməliyik ki, adı lazım deyil, baş hərfi D. Rusiyanın ünlü telejurnalisti Pozner Krımla bağlı yazı yazıb. Vallah, deyilənə görə şəxsən özü yazıb. Deyir, Rusiyanın Krım nəyinə lazımdı? Krımda yaxşı infrastuktur yox, turizim bölgəsinin abadlaşmaya ehtiyacı var, Rusiya da oranı düzəldəcək durumda deyil, çünki buna vəhşicəsinə pullar gərəkdi. Biz də o pulu xərcləyəcək gücdə deyilik, necə ki, Osetiyada xərcləmədik. Üstəlik, rus xalqı başqa xalqları o qədər də sevmir, həmişə təhqir edir, aşağılayır filan, bu qədər birgəyaşayışa can atmaq nəyimizə gərəkdi? Yazıya gələn şərhlərdən biri belə idi: “Pozner, sən provaslav deyilsən, Allaha inanmırsan, ona görə də rus xalqını sevmirsən!” .

Nə əlaqəsi varsa… Bir anlıq elə bildim bizim yazılara gələn şərhi oxuyuram. Əslində, elə bizdə də fikrə yox, icmaya, çevrəyə, ekola, seçimə, görə qiymətləndirmə rus bolşevizmindən qalmadı. Fikir adamını özləri ilə eyni yolda olmadığı üçün qınayırlar. Ancaq sizə bir söz deyim. Fikir adamlarından qorxmayın. Ən qorxulu şey fikirsizlikdi. Çünki heç bir fikri olmayan toplum yolsuz, çıxışsız durumda qala bilər. Və Poznerin yazısını oxuyanda bizim son illər durmadan abadlaşdırılan, binalaşdırılan ölkəmizi, infrastruktura yatırılan pulları xatırladım. Gör indi biz necə varlı ölkəyik, dedim öz-özümə. Dedim və bu yerdə qəşş edib özümnən getdim. Anam bunu görcək dünyanı sarıyan modnu “buzlu su” aksiyasına məni istəmədən qoşdu və bir vedrə suyu üstümə tökdü. Ayılanda buzlu su aksiyasının ən gözəl tərəfini başa düşdüm. Elə adamlar var ki, onların başına bir vedrə soyuq su tökmək lazımdı, bəlkə ayıldılar. Onlara isə demək istəyirəm ki, siz aldanmayın xalqın bu yolsuzluqda başını aşağı salıb yaşamağına. Aldanmayın azərbaycanlının görüntüsünə. Susduğunu görüb gedib-gəldiyi yollarda mutlu olduğunu düşünməyin. Azərbaycanlı yolsuz qalar, ancaq, uşağını ac qoymaz. Bir yol tapıb başını dolandırar. Siz onun içinə boylanın, qəlbinə yol tapın. Yaxınına gedin görün necə qan ağlayır. Necə gərgin, əsəbidi, necə yolsuzdu. Yılmaz Ərdoğanın bir şeiri var: Yolçu denmez her gedene Heç bir sürgün Getdiyi yolu sevmez mesela”. Xalq bu yolsuzluğa sürgün olunub sadəcə. Onunla söhbət eləmək, dərdini dinləmək gərəkdi. Süleyman şah haqda əfsanələr var. Guya xalqın necə yaşadığını bilmək üçün dərviş paltarı geyib ev-ev gəzərmiş, camaatın vəziyyətini öyrənərmiş. Yaxşı əfsanədi. Ümid bircə bu əfsanəyə qalıb.