images_1 sarkesyan

Ermənistanın Gömrük İttifaqına girməsi məsələsində yeni problem yaranıb. Bu, Ermənistanla Gürcüstan arasında rüsumsuz ticarətlə bağlıdır.

ANS TV-nin məlumatına görə, problem bundadır ki, Rusiya Gürcüstanla rüsumsuz ticarət rejimini ləğv etmək qərarına gəlib. Əgər Ermənistan Gömrük İttifaqına girərsə, Gürcüstan da Ermənistan üçün rüsumsuz ticarət rejimini ləğv edəcək. Bu isə Ermənistanın işinə yaramır.

Gömrük İttifaqına girmək istəyindən hələ də əl çəkmədiyini bəyan edən Ermənistan prezidenti Rusiya prezidenti qarşısında şərt qoyub.

Bu arada Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İttifaqı ilə yarana biləcək problemlərdən danışıb. O, deyib ki, siyasi yox, iqtisadi ittifaqın yaradılması daha doğrudur. Rusiya, Qazaxıstan və Belarus prezidentləri bir araya gələndə, əgər bir nəfər əksinə olursa, heç bir qərar qəbul edilmir. Bizim hüquqlar bərabərdir, əgər biz nəyləsə razı olmarıqsa, Qazaxıstanın Avrasiya İttifaqından çıxmaq hüququ həmişə var.

Ekspertlər və politoloqlar hesab edir ki, bu cür bəyanat birbaşa Rusiyanın Ermənistanı Gömrük İttifaqına işğal olunmuş Azərbaycan ərazilərilə birlikdə daşımaq cəhdilə bağlıdır. Yalnız Astananın prinsipial mövqeyi Dağlıq Qarabağı bu təşkilata daxil etməyə imkan verməyib.

Dolayısı yolla, bunu bu günlərdə Serj Sarkisyan da bildirib ki, Gömrük İttifaqının üzvlərinin heç də hamısı Ermənistanın bu təşkilata girməsinə şad deyillər. Sarkisyanın sözlərinə görə, Ermənistan problemləri olan balaca ölkədir, bu da Gömrük İttifaqının digər üzvləri üçün müəyyən çətinliklər yaradır. Təbii ki, problem dedikdə o, hər şeydən öncə, işğal etdikləri Azərbaycana məxsus Dağlıq Qarabağı və onun ətrafında olan Azərbaycan rayonlarını nəzərdə tutur.