Sabah Türkiyədə prezident seçkiləri keçiriləcək. Seçkiləri izləmək üçün Azərbaycandan kimlər iştirak edəcək?
Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədov bildirib ki, bu barədə məlumatı yoxdur. Nümayəndə heyətinin göndərilməsi ilə bağlı onlara heç nə deyilməyib. Yəni, MSK Türkiyəyə nümayəndə heyəti göndərmir.
Azərbaycan Milli Məclisindən isə seçkiləri izləməyə gedənlər var. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə qardaş ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-dən Türkiyəyə gediblər.
Deputatlar ölkənin paytaxtı Ankara şəhərindəki bir sıra seçki məntəqələrində olacaq, vətəndaşların səsvermə hüquqlarının təmin olunması, demokratik seçki texnologiyalarının tətbiqi və beynəlxalq müşahidəçilərin fəaliyyəti ilə maraqlanacaqlar.
Xatırladaq ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk mərhələdə hər hansı namizəd 51 faiz səs toplamasa, avqustun 24-də ikinci mərhələ olacaq.
2007-ci ildə keçirilmiş referendumun yekunlarına görə, 2014-cü ildən başlayaraq Türkiyədə prezidenti 7 illiyə deyil, 5 illiyə parlament yox, xalq seçəcək.
Seçkilərdə əsas mübarizə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının namizədi ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanla iki böyük müxalifət partiyası – mərkəz-solçu Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi Ekmələddin İhsanoğlu arasında gedəcək.
Üçüncü namizəd, kürdəsilli deputat Səlahəddin Dəmirtaş Xalqların Demokratik Partiyasının (HDP) həmsədridir.
Qeyd edək ki, Türkiyədə bu gün prezident seçkilərindən əvvəlki sükut günüdür. Ali Seçki Komissiyasının qərarına əsasən, avqustun 8-dən 9-a keçən gecə saat 00:00-dan etibarən istənilən seçkiqabağı təbliğat-təşviqata qadağa qüvvəyə minib.