Son bir neçə gün ərzində işğalçı Ermənistan ordusuyla təmas xəttində düşmənin atəşkəsi pozması hər iki tərəfdən itkilərə səbəb oldu. Düşmən bizdən qat-qat artıq itki verərək əməlindən peşiman oldu, Azərbaycan əsgərinin gücünü bir daha öz dərisində hiss etdi. Ermənistan ictimai rəyi də rəsmi Yerevanın ciddi cəhdlərinə baxmayaraq anladı ki, qarşısında artıq 20 il öncə olduğu kimi başıpozuq, pərən-pərən düşmüş, başı özünə qarışmış könüllü dəstələri deyil, güclü bir dövlətin güclü və nizamlı bir ordusu var. Ermənistan bizim gücümüz haqqında deyilənlərin gerçək olub-olmadığını yoxlamaq istədi. Yoxladı və gördü ki, dediklərimiz quru sözdən ibarət deyil. Bu, öz yerində.
Azərbaycan ictimai rəyi də baş verənlərə çox və hətta gərəyindən artıq həssaslıq göstərdi. Sosial şəbəkələrdə, onlayn mediada son günlərin müzakirələri birmənalı olaraq cəbhədə baş verənlər idi. Düzdür, bu hadisələr fonunda qolf meydançasını reklam etməyi cəbhədəki durum haqqında fikir bildirməkdən üstün tutanlar da oldu. Amma hər zaman dediyimiz kimi belələri bu vətənin övladı olmayıb, ola da bilməyəcəklər zatən. Vətən, onun uğrunda canını, hər şeyini hər zaman fəda etməyə hazır olub hər nəfəsini onun üçün verənlərindir ki, bu “qolf kralları” da belə şeyləri anlamaz.
Diqqət çəkən məqamlar sırasında bir də gənclərin psixo-emosional hərəkətləri idi. Onlardan bəziləri baş verənləri düzgün dəyərləndirməkdə çətinlik çəkərək Şəhidlər Xiyabanında etiraz və ya həmrəylik aksiyası təyin etdi. Bakı polisi haqlı olaraq bu düşünülməmiş, emosional addımın qarşısını sakitcə aldı və gərəksiz yerə ajoitaj yaradılmasına əngəl oldu. Kimsənin burnu qanamadı, kimsəyə də zərər vurulmadı. Yəni bu cür aksiyanı elan etmiş gənclərdən bəzilərini tanıdığım üçün bilirəm ki, onların məqsədi heç də diqqəti cəbhədən başqa yerə yayındırmaq deyildi. Sadəcə olaraq öz narahatlıqlarından dolayı bu yolla əsgərlərimizə dayaq dura biləcəklərini düşünürdülər. Hərçənd ki, bu, bir yanlış idi və qeyd etdiyim kimi, polislərimiz yanlışın qarşısını ustalıqla ala bildilər.
Başqa bir qrup gəncimizin isə gerçəkdən nə edəcəyini bilmədən sıxıntılar yaşadığına, hətta durmadan ağladığını bəyan etməsinə rast gəldik sosial şəbəkələrdə. Bu gənclər cəbhədə əsgərlərimiz ölməkdəykən niyə ümumi səfərbərlik elan edilmədiyini, niyə dərhal onların əsgərliyə çağırılmadığını sorğulayırdı. Yəni anlaşılan odur ki, Şəhidlər Xiyabanına aksiya təyin edənlər kimi bunların da əməli xoşməramlı idi. Belə bir durumda o gənclərlə psixoloji iş aparılmalı və onlara nəyin nə olduğu izah edilməliydi. Bu işi isə döyüş günlərində haqlı olaraq tənqidlərə məruz qalan TV kanallarımız etməliydi. Təəssüf ki, etmədilər.
Müşahidələrimiz daha bir qrup (bütün qruplar şərtidir – A.H.) gəncin baş verənlərdən siyasi divident qazanmaq üçün çaba xərclədiyini göstərir. Bəli, təəssüflər olsun ki, Vətənin belə bir ölüm-dirim günündə də siyasi divident qazanmaq, hakimiyyət davası etmək istəyənlər oldu aramızda. Bəlkə o gənclərin də hərəkətlərinə digər qruplardan olanlar kimi yaxşı tərəfdən baxmaq olardı. Amma konkret siyasi partiyaya bağlı olaraq “Azadlıq” meydanına mitinq təyin etmək artıq başqa şeydən xəbər verirdi. Özü də “mitinq”in şüarları kimi “orduda baş verən korrupsiya, özbaşınalıq və s. hallara etiraz”ın əldə bayraq edilməsi bu qrupdan olanların həqiqətən də döyüşən ordumuza arxadan bıçaq saplamaq istəyindən xəbər verir. Yəni ara qarışmışkən biz də hakimiyyət başında olanlara bu cür badalaq vuraq ki, bəlkə yıxılalar. Görünür, bunların ağılları hələ də 1993-cü ildə düz-əməlli danışmağı belə bacarmayan bir Surət Hüseynovun darmadağın etdiyi hakimiyyət fəlsəfəsində qalıb. Halbuki bunlar anlamalıdır ki, dövr o dövr deyil, üstəlik də hakimiyyət başındakılar da o adamlar deyil. Bu gün hər kəs anlamalıdır ki, Azərbaycanda hakimiyyət başında qətiyyət sahibi dayanıb!
Və şayiələr! Döyüşlərin qızğın çağında şayiələr baş alıb getdi! Təbii ki, bu da düşmənin psixoloji savaş taktikasının bir hissəsi idi ki, insanlarımızı, ordumuzu demoralizə etsin. Bu işdə düşmənə qarşılıqsız xidmət edənlərimiz də nəzərə çarpacaq qədər çox idi. Onlar bir tərəfdən Azərbaycan ordusunu guya yandıqlarından tənqid edir, digər tərəfdən də bizim çox sayda itki verdiyimiz, cəbhəyanı kəndlərimizin boşalması haqqında şayiələri sübut etməyə çalışırdılar. Belə şayiə yayanlardan bir neçəsi sübut edirdi ki, Tərtər məscidində şəxsən özü 42 şəhid əsgərimizin nəşini görüb! Dəlil göstərmə sırası gəlincə isə… bir il öncə Misir məscidlərindən birində “Frans 24” kanalının çəkib yayınladığı şəkli dövriyyəyə buraxdılar. Bir başqası isə mənə sübut edirdi ki, təkcə Salyan və Biləsuvara 12 şəhid meyidi gətirilib. Əsgərlərin valideynləri icra hakimiyyətləri önündə etiraz aksiyası keçirir, şəhidlərin meyidini tələb edirlərmiş! Bu adama da izah etməyə çalışdım ki, belə yanlış bilgilərlə düşmən dəyirmanına su tökürsünüz. Amma faydası olmadı. Anlaşılan odur ki, bu cür şəxslər anlamadıqlarından yanlışa yol vermir, məqsədli şəkildə ölkədə çaxnaşma salmaq istəyir! Təbii ki, belələrilə MTN başda olmaqla müvafiq dövlət qurumları mütləq məşğul olmalıdır.
Yanlışlardan biri də Azərbaycan ordusunun erməni mövqelərini intensiv raket atəşinə tutmasıyla bağlı iddia idi. Hətta bunun sübutu kimi bir video da paylaşmışdılar. Təbii ki, o video başqa bir yerdə, hazırda baş verənlərə dəxli olmayan şəraitdə çəkilmişdi. Bunu guya Vətəni sevdikləri üçün bilərəkdən edənlər daha anlamırlar ki, belə bir saxta “fakt”la düşmən dəyirmanına su tökürlər.
Bütün bu hadisələrin fonunda Azərbaycan hakimiyyəti təmkinli davrandı. Ölkədə heç bir ciddi ajiotaja səbəb olacaq hadisəyə imkan verilmədi. Təmas xəttində hətta qanlı savaş getdiyi bir halda ölkənin digər ərazilərində sabitlik sonadək təmin edildi. Qarışıqlıq yaratmaq, insanların hislərilə oynayaraq ölkəni sabitlik zolağından yayındırmaq istəyənlər heç nəyə nail ola bilmədilər. Bir sıra ictimai-siyasi təşkilatlar da onlardan gözlənən mövqe sərgilədilər, hər şeyi bir tərəfə buraxaraq Ali Baş Komandanın əmrinə hazır olduqlarını bəyan etdilər. Amma bəziləri də, yuxarıda qeyd etdiyim kimi, suyu bulandırıb balıq tutmaq istədilər. Təbii ki, “bu həna o hənadan olmadığı üçün” cəhdləri boşa çıxdı. Azərbaycan hakimiyyəti, Azərbaycan ordusu sözün həqiqi mənasında döyüşdən üzüağ çıxa bildi. Bu isə dövlətimizin varlığı üçün ən önəmli amildir. Demək ki, Prezident İlham Əliyevin Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsi haqqında bəyanatları həm də burda öz təsdiqini tapdı. Bəli, məhz təsdiqini tapdı!
Və yadımdan çıxmamış bunu da deyim: Facebook-da asıb-kəsən, “Azadlıq” meydanına mitinq təyin edən gəncləri nəsə hərbi komissarlıqlar önündə orduya səfərbər olunmaq üçün basabas salan görmədim. Yoxsa salıblar, sadəcə təvazökarlıqdan belə bilgiləri paylaşmırlar? Nə bilim, vallah?…