“İnsanlar 20 illik müharibə durumundan yorulublar”.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın Səsi” radiosuna müsahibə verib.
Oxu.Az xəbər verir ki, Uorlik müsahibəsində danışıqlar sahəsində görüləsi çox iş olduğunu vurğulayıb.
Onun sözlərinə görə, sülh razılığı ilə nəticələnəcək prosesə daxil olmaq əsas hədəfdir.
“Bizə lazım olan yeni mərhələdir. Mühümdür ki, prezidentlər görüşüblər. Ümid edirəm ki, onlar tezliklə yenidən görüşəcəklər. Xarici işlər nazirlərinin həmsədrlərlə mütəmadi görüşməsini müsbət qiymətləndiririk. Biz daha intensiv mərhələyə keçməliyik ki, məzmunlu proqres əldə edə bilək”.
Amerikalı həmsədr hesab edir ki, Ermənistan və Azərbaycan prezidentləri irəliyə doğru yol tapmağa can atırlar.
“Biz bunu onların ötən noyabrdakı görüşündə gördük. Biz bundan yararlanmalıyıq. 20 ildir ki, müzakirələr gedir. Regiona sülh gətirmək üçün prezidentlərin bir araya gəlmələri və addım atmalarının vaxtı çatıb. Mənim prezidentlərlə görüşümüzdə, həmsədrlər olaraq özəl görüşlərimizdə hesab edirik ki, prezidentlər əmin-amanlığa yetişmək üçün addım atmağa hazırdırlar”.
Uorlikin güman edir ki, insanlar 20 illik müharibə durumundan yorulublar.
“Onlar bilirlər ki, bu qarşıdurmaya böyük həcmdə maliyyə və insan resursları xərclənir. Bu müharibə regiona baha başa gəlib – Ermənistana, Azərbaycana baha başa gəlib. İnanıram ki, insanlar yeni firavanlıq erasına hazırdırlar. İndi məsələ detallardadır. Xalqlar bilməldirlər ki, bu, asan deyil. Qarşıda çətin proses var. Amma inanıram ki, biz hökumətlərlə birgə işləyərək xalqlara mesaj göndərə bilərik ki, davamlı sülhə doğru irəliləməyin vaxtı indidir”.